Aida Adıgözəl  ÖLKƏ  BAŞÇISINA  və  MİLLƏT  VƏKİLLƏRİNƏ  MÜRACİƏT ETDİ

HÜQUQ 18:48 / 29.08.2025 Baxış sayı: 4939

Bilmirəm nə dərəcədə düzgün informasiyadır, indi TikTokda rastıma çıxdı. Qadınların pensiya yaşı 59 oldu, yəni bir qisim qadın güzəştli şərtlərlə 59 yaşında çıxa bilər və bu təqaüdlər normal pensiya yaş həddinəcən dövlət büdcəsindən ödəniləcək.

Dostluğumda bir neçə deputat var, onlara müraciət edirəm. Mənim kimi işsiz, övladsız, evsiz, həyat yoldaşı, heç bir yerdən gəliri olmayan qadınların sosial durumu barədə Milli Məclisdə məsələlər qabardılıb müzakirə olunurmu? Dəfələrlə Prezidentimizə məktub yazmışam saysız-hesabsız... hamısını da etirazıma rəğmən rayon İcra hakimiyyətinə göndəriblər, onlar Məşğulluq İdarəsinə! Yəni heç kimi təəccübləndirməyən Azərbaycana xarakterik olan ötür-ötür oyunu ilə bu qurumlar məni 6 ildir pensiya yaşına yaxınlaşdırırlar. Mənim kimi tənha qadınlar bu ölkədə minlərlədir, həm də onların iç səsi olaraq danışıram. Bəs onların sosial vəziyyətini nəzərə alan hansısa bir qanun varmı mənim bilmədiyim yaxud yaranacaqmı?

Belə çıxır bizim yaşda insanın əmək qabiliyyətinə bu ölkənin ehtiyacı! yoxdur. Özəl iş açmaq üçün maddi bazamız nə də olsa belə rüşvətxor maket formatlı dövlət qurumlarının məmurlarının nifrin acgöz nəfsindən bunu etmə şansımız yoxdur. Çünki bu ölkədə insan kimi yaşamaq üçün tapşırılmaq lazımdır, tapşırılmaq üçün də rüşvət verməlisən!..

Mən bu ölkənin vətəndaşıyam, hökümətə sadəcə seçkilərdə səs üçün lazımam. Pensiya almıram, iş yoxdur deyə işləmirəm, qocalar evinə gedəcək vəziyyətdə, yaşda deyiləm. Bu gün 83 yaşlı anam var, pis yaxşı iki nəfər 395 manatla yaşayırıq. Anam ölərsə o zaman mənim sosial durumum necə olacaq, intiharamı getsin bu boyda neft-qaz ixracatlı varlı ölkənin vətəndaşı?!

O zaman sualım dövlət rəhbərinədir:

- Cənab İlham Əliyev, mən nə etməli, nə yeməliyəm?!