Adilə Nəzər: - İlahi, vaxtın olanda

Ədəbiyyat 12:36 / 04.08.2025 Baxış sayı: 2205

 

***

İlahi, vaxtın olanda

bu yana da bir nəzər et,

Bir dəfə varlı dünyanın

kasıb küçələrinə də get.

İnim-inim inildəyən qapılardan

içəri bircə addım at...

fağır fağır baxanların gözlərindən

şəlalə tək şaqraq axan haraya çat..

Qoşul bir an o haraya,

sonra digər qapıya ax..

Biri birinə oxşayan

o böyük ürəklərə bax...

Hamısı bir,

hamısı pir...

Bu dünyanın kasıbları

bir ananın qarnından çıxmış kimidir...

Birdir qırıq qanadları,

ahla keçən həyatları...

Eynidir, eynidir vallah,

ayaqlarının çarığı,

və başlarının şalları...

xatirəsi.. xəyalları...

Kasıbların gözü ancaq

Vətən deyiləndə gülür,

qalan hər halı ağlayır..

buxovlu qolları kimi

sevgiləri də ağrıyır..

Özün gəl gör, bax halına..

Mənim əlim çatmır, Allah,

al bu şeiri

vur bu dünyanın alnına...

 03.08.2020