Zəka Vilayətoğlu : -   Sığınır

Ədəbiyyat 20:08 / 04.09.2024 Baxış sayı: 648

 

Qartala çox həsəd aparma, könlüm

Gün gəlir, qartal da yerə sığınır!

Milyonlarla insan, milyonlarla can,

Bir olan Tanrıya, Birə sığınır!

 

Kimin ki sərvəti, cah-cəlalı var,

Başında o qədər qeylü-qalı var,

Hərənin bir istək, bir amalı var,

Biri xeyrə, biri şərə sığınır!

 

Yaşamam ömrümü, yarınmaq üçün,

Kiminsə bağından barınmaq üçün,

Odlu şimşəklərdən qorunmaq üçün,

Dağların qoynuna dərə sığınır!

 

Həyatdır, dadında şirin, acı var,

Min dərdin, sonunda bir əlacı var..,

Hamının sığınmaq ehtiyacı var,

Zəka musiqiyə, şeirə sığınır!

 

03.09.2024