YENƏ DƏ BAŞ ÇƏKİM AĞDAMA GƏRƏK… - AQİL ABBAS yazır

YAZARLAR 13:41 / 22.11.2022 Baxış sayı: 1568

Çoxdandı bir belə ağdamlını bir yerdə görməmişdim. Və bir belə ağdamlını belə xoşbəxt görməmişdim. Hamı bir-birinə sarılır, bir-birinə gözaydınlığı verir. Ən çox da verilən sual bu idi:

- Mənəm də, məni tanımadın?

30 ildi bir-birini görməyən adam bir-birini necə tanısın? Bu sual da ən çox mənə verilirdi. Təbii ki, məni tanıyırdılar, mən də deyirdim:

- Bir dəqiqə dayan. Ay qız, sən o arıq qız deyildin, uçilişin yanında olurdunuz. Rəhmətlik Raufun bacısı.

Boynumu qucaqlayır. Əslində 30 il yox, 40 il idi görmürdüm. Səsindən və gözlərindən tanıdım.

Çox qəribədi, insan yaşlanır, aradan zaman keçir, amma səsi və gözləri dəyişmir.

Bir başqası deyir:

- Məllim, postlar nə vaxt götürüləcək, maneəsiz gəlib-gedək?

- Darıxmayın, lap az qalıb.

Başqa birisi deyir:

- Məllim, Şuşa yolu nə vaxt açılacaq?

- O da tezliklə açılacaq. Könlünə Şuşa xəngəli düşüb?

Qazilər gəlir. Yığışırlar qazilərin başına, öpən kim, bağrına basan kim, şəkil çəkdirən kim…

20-si noyabrdı. Ağdamın düşmən işğalından azad olunmağının 2-ci ildönümüdü. O xoşbəxt günü qeyd eləmək üçün Ağdamda yerləşən Qarabağın xüsusi nümayəndəliyi və Ağdam Rayon İcra Hakimiyyəti birlikdə möhtəşəm bir tədbir hazırlayıblar. Tədbirə ölkənin müxtəlif bölgələrində məskunlaşan ağdamlılardan 700 nəfərə yaxın adam dəvət olunub. Dağıdılmış internat məktəbinin yaxınlığında çox qısa bir müddətdə möhtəşəm bir Konqres zal inşa edilib. Yanında da üçmərtəbəli otel. Bu, Konqres zalda ikinci böyük tədbirdi. Təxminən bir ay bundan əvvəl Möhtərəm Prezident İlham Əliyev bu Konqres zalda xaricdən gəlmiş memarlarla, şirkət rəhbərləri ilə görüş keçirmişdi, televiziyada görmüsünüz. Möhtərəm Prezident həmin görüşdə də dəfələrlə dediyi bir fikri təkrarlamışdı: «Biz Ağdamı yenidən tikəcəyik, dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyik».

Çox qısa bir müddətdə belə bir möhtəşəm Konqres zal və otel tikintisi sübut edir ki, həqiqətən Ağdam tezliklə tikiləcək, yüz minlik bir şəhər olacaq, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Möhtərəm Prezidentin bu günlərdə parlamentə təqdim olunmuş «Böyük Qayıdış» layihəsi də bunun bariz nümunəsidir.

Ağdama tez-tez gedirəm. Elə darıxan kimi otururam maşına, ağdamlıların dili ilə desək, üzü güləbədinə. Hər dəfə də bir yeniliyin şahidi oluram. Şəhər planlı şəkildə tikilir, yaşayış evləri, otel, məktəblər, yollar çəkilir. Təbii ki, birinci şəhərin infrastrukturası qurulur. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun yardımı ilə Cümə məscidinin bərpası başa çatmaq üzrədir. Qiyaslı kəndindəki məscid də bərpa olunur. Bir sözlə, şəhər yavaş-yavaş yuxudan ayılır, gözlərini ovuşdurub qalxır. Şəhər çox soyuqdu. Bu yaxınlarda xanımımla Ağdamda olarkən dedim ki, üşüyürəm.

Dedi:

- Şəhər insan nəfəsi ilə isinir. Adamlar döndükcə havaların da qırışığı açılacaq.

Noyabrın 20-də ağdamlıları görən şəhərin həqiqətən də qırışığı açılmışdı. Torpaq öz doğmalarının isti nəfəsini hiss eləyirdi.

Prezidentin Qarabağ və Şərqi Zəngəzur üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda görülən və görüləcək işlərdən elə həvəslə danışır ki, adamların gözləri gülür.

Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ağdam ictimaiyyətinin Möhtərəm Prezident İlham Əliyevə ünvanladığı müraciəti oxuyur. Ağdamlılar ayaq üstə alqışlayır.

Xalq artisti Nurəddin Mehdixanlının özünəməxsus hərarətli və qeyri-adi çıxışı zalı dəfələrlə ayağa qaldırır.

Sonra məşhur «Şur» ansamblının çıxışı başlayır. Vaxtilə bu ansamblın yetişdirdiyi və indi ad-sanları ölkəmizdən xaricdə də tanınan görkəmli sənətkarlar, muğam ustaları hamını heyran qoyur.

Mənim üçün «Ay Laçın» mahnısını yalnız iki nəfər qeyri-adi oxuyub – biri Qədir Rüstəmovdu, biri də Akif İslamzadə. Xalq artisti, hamımızın sevimlisi Mənsum İbrahimov «Ay Laçın»ı tamamilə fərqli və möhtəşəm ifa edir. «Ay Laçın»a yeni nəfəs gətirir.

Tədbir qurtarır, amma heç kim dağılıb getmək istəmir. Həyətdə yenə bir yerə toplaşıb dərdləşirlər. Hava da ilıqdı. O ilıq havanı da ağdamlılar gətiriblər.

Hüseyn Kürdoğlunun məşhur bir şeiri yadıma düşür:

 

Yenə də baş çəkim Ağdama gərək,

Qarqarın suları Ağdama gərək.

Bu yerin qədrini bilməyənlərin

Qara gözlərinə ağ dama gərək.

 

Şükürlər olsun ki, gözlərimizə ağ dammadı. Bu dəfə həyətimizə, evimizə getmədim. Nə həyət, nə də ev məndən küsməz, çünki bütün Ağdam mənim evimdi. Yenə küçə-küçə bütün evimi gəzdim – yəni Ağdamı. Hələ dağıdılmış evlərin daşlarını əlimlə sığalladım da. Darıxmayın, tezliklə tikəcəyik bu şəhəri.