YAP nümayəndə heyəti AK Parti Antalya vilayət təşkilatının qərargahını ziyarət edib

SİYASƏT 16:14 / 25.05.2023 Baxış sayı: 2182

Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti AK Parti Antalya vilayət təşkilatının qərargahını ziyarət edib.

Yenises.az  bildirir ki, "Report"un Antalyaya ezam olunmuş əməkdaşının verdiyi  xəbər görə , görüşdə vilayət təşkilatının sədri Ali Çətin və Antalya AK Parti millət vəkili İbrahim Ethem Taş iştirak edib.
Görüşdə Ali Çetin iki ölkə arasındakı əlaqələrin dərinləşməsindən bəhs edib:
"Xüsusilə də son zamanlar Azərbaycan və Türkiyə qardaşlığı yüksək səviyyədə daha da çox irəliləyib. Bu da bizi çox sevindirir. İki dövlətin bir arada olması dünyaya müsbət mənada vacib mesajlar verir".
A.Çetin bir daha xatırladıb ki, mayın 14-də keçirilən seçkilərdə AK partiya yüksək səslə nailiyyətlər əldə edib:
"İnanırıq ki, Prezident seçkilərinin ikinci mərhələsində də uğur qazanacağıq. Bütün işlər yaxşı gedir".
Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Tahir Rzayev isə əlavə edib ki, iki qardaş ölkə hər zaman birlikdədir:
"Mayın 14-də Türkiyədə keçirilən seçkilər demokratik şəkildə baş tutdu. Türk xalqı müdrikdir və öz seçimini etməyi bacarır. Bu gün də türk xalqını bir görürük. Rəcəb Tayyib Ərdoğanın apardığı siyasət həmişə türk dövlətlərinin birliyinə xidmət edir. Türk dövlətləri bir olmadan uğurlarımız çox ola bilməz. Türk dövlətləri birləşəndə qüdrətli dövlət olmağı bacarır. Türkiyə çətin zamanlarda, xüsusilə də Qarabağ müharibəsində hər zaman bizə dəstək olub. Bu gün də qardaşlarımızın yanında olduğumuzu bir daha göstərməyə gəlmişik. Bizim yanınızda olmağımız bizi hər zaman qürurlandırıb. Türkiyənin öz sözünü deməsi Azərbaycan və türk dövlətləri üçün olduqca vacibdir".

Görüşdən sonra yerli və Azərbaycan mediası üçün brifinq keçirilib.

Daha sonra mətbuatın sualları cavablandırılıb, xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibində YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, deputatlar Ramil Həsən, Aydın Mirzəzadə, Rəşad Mahmudov, Sevil Mikayılova təmsil olunurlar.