Xanım İsmayılqızı : - Ruhla bədən arasında.
Tavan - evlərin üstüdü,
Bulud - göylərdə tüstüdü,
Ölüm - həyata pusqudu
Ruhla bədən arasında.
Ayaq - cismini daşıyan,
Ürək - beyninə aşiyan,
Ömür - bir andı yaşayan
Ruhla bədən arasında.
Söz - qəlbdən su içib gələn,
Yaş - hər illə dərdi bölən,
Dünənsə - bu gündə ölən
Ruhla bədən arasında.
Göy - yerin üzünü görən,
Torpaq - yoxundan bar dərən,
Ana - bətnindən var verən
Ruhla bədən arasında.
Vətən - sənə arxa olan,
Evlad - nəfəsini alan,
Can - yol ayrıcında qalan
Ruhla bədən arasında.
Bəşər - milyonların səsi,
Sevgi - varlığın zirvəsi,
Allah - qoruyan hər kəsi
Ruhla bədən arasında.