Xanım İsmayılqızı : - GECİK

Ədəbiyyat 09:53 / 23.09.2022 Baxış sayı: 1321

Gecikirsən deyəsən, tələsməyə də dəyməz,

Quyu dibinə çəkən görüşlərə də gecik.

Nə tərs gecəyə yazıl, nə boz səhərdən asıl,

Zəhərli dodaqlarla öpüşlərə də gecik.

 

Yollar yol yoldaşındı - əlində dəyənək var,

Zərbələrin altına ömür verməyə gecik.

Dörd yanında məqsədi bilinməyən mələk var,

Adı özündə saxla, yerə sərməyə gecik.

 

Uçan quşların belə amalı yaşamaqdı,

Ovcundakı barını dənləməyinə gecik.

Pusquda duranların halı can daşımaqdı,

Səsini kəsə bilib, dinləməyinə gecik.

 

Önündə dayananlar ürəyindən kiçikdi,

Öz boyunda ağac ol, kötük olmağa gecik.

Hələ demədiklərin dediyindən böyükdü,

Yer üzündən boşalıb, göyə dolmağa gecik.

 

Gecikirsən deyəsən, tələsməyə də dəyməz,

Kimlərinsə qəldində sıxılmağa da gecik.

Nə tərs gecəyə yazıl, nə boz səhərdən asıl,

Külə dönüb, dünyaya dağılmağa da gecik.