Vaqif Yusifli : - Qırx ildən sonra

YAZARLAR 10:46 / 13.02.2024 Baxış sayı: 650

 

Qırx il bundan öncə  “Yazıçı” nəşriyyatı “Yeni səslər - poeziya” almanaxını nəşr etdi.

Bu almanaxda 70-80-ci illərin üzdə olmayan o qədər də tanınmayan 15 gənc şairin şeirləri təqdim edilirdi. O gənc şairlər sonralar yaşa doldular, üstündən 40 il keçib, bir çoxu dünyasını dəyişib (Vaqif Kərimov, Vaqif Məmmədov,  Məşədi İsmayıl, Nurəngiz Gün, Rauf Soltan, Sabir Sarvan), az bir qismi yaşayıb-yaradırlar (Əvəz Mahmudov, Məhərrəm Qasımlı, Muxtar Qasımzadə, Minayə Əliyeva).

Xanlar Həmidovun da 16 şeiri o almanaxda çap olunmşdu. Lerikin Çayrud kəndində  –  uca dağlar qoynunda dünyaya göz açan, xasiyyətcə, xaraktercə elə dağlar kimi vüqarlı bir insantək tanıdığım Xanlar Həmidovun sonrakı illərdə nəşr olunan şeir kitabları və mənzum poemaları ilə də rastlaşdım. Məncə, onun bir şair kimi formalaşması, özünü dərk etməsi və sonralar etiraf olunması “Yeni səslər” poeziya almanaxında dərc edilən o 16 şeirlə başlayır... Mənim fikrimcə, Xanlar Həmidovun bütün yaradıcıllığına o şeirlər gür işıq saçır...

Xanlar Həmidov o illərin (70-80 ci illər) müasir poeziyasında ən çox işlənən vətənpərvərlik mövzusuna meyl edirdi, xatırladaq ki, bizim Nəriman Həsənzadə, Məmməd Araz, Sabir Rüstəmxanlı, Tofiq Bayram, Cabir Novruz kimi şairlərimiz ən gözəl (həm məzmun, həm də formaca) şeirlərini Vətənə həsr edirdilər. Xanlar Həmidovda gənc şair kimi bu vətənpərvərlik missiyasına sadiq qalırdı.

Torpaq ki, dünyada birdir, bəs niyə

Bir yer mənə doğma, bir yer yad oldu?

Bir yer qanad verdi ruha, diləyə,

Bir yerdə duyğular nə bərbad oldu.

 

Bir yerdə zirvələr səsləyir məni,

Aşırma dağları, alnımda vüqar.

Bir yerdə zirvələr uzun yol kimi

Məni əldən salar, məni tez yorar.

 

Bu yerdə nənələr, babalar yatar,

Bu yer Azərbaycan – Ana Vətəndir.

Bu yer anamada layla çalıbdır,

Bu yer özümə də həyat verəndir.

 

Desəm ki, böyükdür o günəştəki

Daim işıq salır insan üstünə.

Vətən elə uca bir zirvədir ki,

Kölgəsi düşübdür cahan üstünə.

Bu şeirdə Azərbaycanın o taylı bu taylı xəritəsi göz önündə canlandırılır – iki dünya, amma bu iki dünyanı – Şimali və Cənubi Azərbaycanı bir-birindən ayırmaq olmaz. Xanların həmin almanaxda çap olunan “Niyazinin qollarında” şeirində də eyni vətənpərvərlik ruhunu görmək olar. Xanlar dünya şöhrətli mayestro Niyazinin drijor çubuğunu hərəkətə gətirən qollarına rəmzi məna verir – bu qollar Təbriz, Xəzər, Kəpəz, Araz, Kür, Ərk, Əlincə, Örənqalanı özündə əks etdirir, muğamlarla nəfəs alır.

“Kürd ovşarı”, “Misri”, “Cəngi”,

Yerin vəzni, göyün rəngi,

Kainatın öz ahəngi

Niyazinin qollarında.

 

Haray çəkir simfoniya

Silkinər dağ, titrəyər qaya

Qalxıb enər ulu dünya

Niyazinin qollarında.

Vənətin birliyi ideyası “bu gecə qəlbimə Savalan köçüb” şeirində öz poetik ifadəsini daha parlaq şəkildə əks etdirir:

Bu gecə qəlbimə Savalan köçüb,

Bu vüsal gecəsi gərək mən yanam.

Təbrizin yolları sinəmdən keçib,

Bu gecə qovuşan Azərbaycana.

Mən həmin gənclik almanaxında Xanlar Həmidovun bir təbiət vurğunu olduğunu da gördüm. Təbiətə hər bir insan vurğun ola bilər, amma şairin təbiət sevgisi əsl poeziya sevgisinə çevrilməlidir. Xanlar təbiətin gözəlliklərini özündə cəm edən Lerik diyarında doğulubsa, necə ola bilər bu gözəllikləri şeirlərində əks etdirməsin? “Dağlar” şeirinə baxaq:

Dağlar dik dayanıb qoca nər kimi

Zamanlar ağaran başının üstə.

Yaşar təbiətdə şah əsər kimi

Min illərdə gələ yaşının üstə.

 

Yaxud: “Şəlalə” şeiri

 

Ey mənə ruh verən, ey məni duyan

Gəl onun önündə səndə bir dayan.

Dağların səsini çöllərə yayan,

Çırpınan ürək kimi, dilmi şəlalə.

Ümumiyyətlə, Xanlar Həmidovu təbiət şairi kimi də səciyyələndirmək olar. Mənim fikrimcə, “Bir çinar baş vurub ucalıqlara” şeiri onu ən gözəl şeirlərindən biridir desəm, səf etmərəm:

Bir çinar dayanıb əsrlər boyu

İllər yarpaq kimi Xəzan olubdur.

Bir çinar dünyanın gözəllik payı,

Bir çinar nəğməkar ozan olubdur.

 

Bir çinar dayanıb dumanda, sisdə,

Bülbülün yatağı budağındadır.

Sabir, Hadi yatır qolları üstə

Vaqifin nəğməsi dodağındadır.

Xanlar Həmidin 2011-ci ildə çap olunan “Bir sevgidən doğulan” şeirlər kitabında onun qəzəlləri, qoşmaları və gəraylıları toplanıb həmkarım filoloqiya elmləri doktoru İslam Qəribli o kitaba maraqlı bir önsöz yazıb. Bu şeirlər kitabında mən Xanlar Həmidi (o artıq ovu üzərindən atıb) klassik poeziyaya və xalq şeirinə bağlı bir şair kimi gördüm.

Qəzəl yazmaq (özüdə müasir dövrdə) heç də asan deyil, çünki əsrlərdən bəri öz poetik statusunu saxlayan Qəzəl şairləri həmişə onu sevməyə vadar edir. Xanlar Həmidin Fizulidən gələn “bir dad, bir duz” hiss edirsən, Əlağa Vahidin yaxşı mənada təsiri duyulur (İslam Qəriblidə qeyd edib).

Gülüm, meydan oxuyur gözlərinin tağı mənə,

Axı,nə etmişəm ki, çəkir belə dağı mənə.

Məndə eşqinlə sənin aləmdə bir ad eylərəm,

Razıyam ki, desinlər Məcnun çırağı mənə.

Xanlaram sönməz eşqin, məhəbbətin şairiyəm,

Verilmiş Fizulinin, Vahidin torpağı mənə.

Xanlar Həmid qoşma və gəraylılarında da səlisdir – yəni dilimizin saflığına,  duruluğuna sadiq qalır (hərçənd ki, bu sözü  onun bütün qoşma və gəraylıları haqda söyləyə bilmərəm, “dəstədən geri qalanları”da var). Və burada  qeyd edim ki, fikir, məna özlüyündə bizə adi sözlər təsiri bağışlaya bilər, amma bu sözlər şeirdə gərək düşündürücü missiya daşısın.

Onun sevgi şeirləri (xüsusilə, “Darıxan sevgilər” kitabındakı şeirləri)  insan hislərinin ən ali məqamı kimi yaşanan sevginin poetik şəkildə ifadə etmənin yaxşı nümunələridir. Mən həmkarım Yadulla Ağazadənin bir fikriylə tam şərikəm ki, “Maraqlı cəhət ondadır ki, şairin məhəbbət düşüncələri, məhəbbət hekayələri şeirdən şeirə yenilənir, hissin, duyğunun yeni, tanış olmadığımız qatlarını açıb üzə çıxarır, oxucusunu sözünün sehrinə sala bilir”.

Xanlar Həmidin sevgi çeirlərinin “payız lirikası” da adlandırmaq olar. Amma bu şeirlərin əksəriyyətində yaşanan hisslər elə onun cavanlıq duyğularının təkrarı kimidir. Bu şairlərdə o ənənəvi sevgi poeziyası ilə bağlı hisslərə,  duyğulara sadiq qalır, amma həm də bu günün sevgi duyğularını əks etdirir.

Dünən və bu gün. Nə fərqi var, sevgi üçün dünən yox, bu gün var, amma dünən də sevgi sevgi idi, bu gün də təfərrüata varmaq istəmirəm: sevginin əbədiliyini özündə yaşadan bir şeirlə Xanlar Həmid haqqında, onun yaradıcılığı barədə sözümü sona çatdırmaq istəyirəm:

Sənin eşqin mənim üçün Tanrımı?

Mən yandıqca dirilirəm təzədən

Gülüm, sənli günlərim çox acıdır

Mən onlara  atacağam təzədən.

 

Sağ qalmağım bu sevdanın gücündə,

Bu canımda daha nələr yanmadı?

Hər şey yandı bu atəşin içində,

Bircə sənli xatirələr yanmadı.