Tofiq Əmrahov : - Ömür yolu
( hekayə)
Zəhmətkeş bir ailənin oğlu idi Əsgər. Əzablı günləri də olmuşdu, xoş günləri də.
Baharın elə vaxtı idi ki. Gül bülbülü, bülbül gülü çağırırdı. Pəncərənin qarşısında əyləşən Əsgər quşların səsinə, həyətdə oynayan uşaqların şənlənmələrinə aludə olmuşdu. O, bu mənzərə qarşısında xəyalən keçmiş cəbhə günlərinə qayıtdı. Bir az fikirləşdi, öz-özünə:
- Durum mən də düşüm həyətə. Bir az hava alım, həm də uşaqların oyunlarına baxım, dedi.
Əsasını əlinə alıb, eynəyini də gözünə taxıb yavaş-yavaş, ehtiyatla pilləkənləri düşdü, həyətdəki salxımlı söyüd ağacının altındakı oturacaqda əyləşdi. Uşaqlar öz aləmlərində idilər.Əskərin qəlbindən qara qanlar axırdı. Göz önünə gətirirdi o günləri. Todan döyüşləri… Gülüstan uğrunda ölüm-dirim savaşı... Ağdərənin, Füzulinin, Şuşanın düşməndən təmizlənməsi... Tuğda yaralı əsgər yoldaşının ağır yaralanması və Vətən, torpaq eşqi ilə çırpınan ürəyinin dayanma anında “Əsgər, sağ qalsan bizim kəndə gedərsən, mənim atama, anama baş çəkərsən. O, körpə oğlumun üzündən öpərsən, başını sığallayarsan, atan sənin azadlığın, xoşbəxt yaşaman üçün canından keçdi, şəhid oldu deyərsən”, - deməsi.
Yadına nələr düşmədi... Sıldırım Şuşa qayalıqlarını necə dırmaşıb çıxmalarını, düşmənlə küçə-küçə, ev-ev döyüşləri və elə orada ağır yaralanmasını... Döyüşçü yoldaşının onu necə çətinliklə odun, alovun içərisindən çıxarmasını... Ürəyi doldu, ağlamaq istədi. Lakin uşaqlar eşitməsin, bilməsin deyə özünə toxtaqlıq verdi. Bu vaxt uşaqlardan biri yorularaq Əsgərin yanına gəldi.
-Salam əmi.
-Salam oğul.
-Adın nədir oğlum?
-Adım Cəsurdur.
Nə gözəl adın var. Bu adı sənə kim qoyub?
-Babam qoyub. O, məni cəsur, qorxmaz görmək istəyirdi.
-Baban dururmu, oğlum?
-Xeyr əmi, dünyasını dəyişib.
- Heyf, heyf ki, sənin qəhrəmanlığını görmək babana qismət olmadı.
Əsgər eynəyini sildi, gözünə qoydu. Cəsur soruşdu:
- Əmi gözünün birini niyə bağlamısan?
-İtirmişəm oğul.
-İtirmisən?
-Hə bala, itirmişəm.
-Harda itirmisən ki?
-Döyüşdə, Şuşa döyüşlərində.
-Bəs, sonra axtarmadın?
-Axtardım oğlum, axtardım. Ancaq tapa bilmədim. Heç tapmayacağam da.
-Niyə tapmayacaqsan əmi?
-Çünki elə itməyib ki tapılsın da.
- Mən böyüyüb əsgər olanda axtarıb sənin o itən gözünü tapacağam əmi, mütləq tapacağam.
Çox sağ ol, Cəsur bala. Azərbaycanımızın da işıq saçan gözü itmişdi. Şükürlər olsun ki, o gözümüzü qəhrəmanlıqla, qan tökə-tökə qaytardıq. İndi o görən göz, vuran ürək bizimdir. Şuşa bizimdir. Daha orada ermənilər at oynadıb, yallı getmirlər. Çox şükür, oğlum.
-Əmi, Şuşa çox gözəldir, eləmi?
-Əlbəttə. Dedim axı, Şuşa bizlərin görən gözü, döyünən ürəyidir.
-Əmi, bəs ayağının o biri niyə sarıqlıdır?
-Onu da itirmişəm bala.
-Onu da Şuşada itirmisən?
-Hə, oğlum, onu da Şuşada itirdim.
-Onu da tapmadın əmi?
-Yox oğlum, onu da tapmadım.
Cəsur bir az duruxub:
-Əmi, ermənilər bizim düşmənimizdir eləmi? - deyə soruşdu.
-Əlbəttə oğlum. Onlar türklərin qatı düşmənidir. Onlar istəyirlər bizim bütün torpaqlarımızı ələ keçirsinlər, böyük Ermənistan yaratsınlar. Ancaq bacarmadılar, bacarmazlar da. Bilirsən nə qədər qəhrəman oğullarımız olub, onların sayı nə qədərdir?
-Kimlərdir, əmi?
- Mübariz İbrahimov, general Polad Həşimov, Natiq Qasımov. Goranboyun neçə-neçə Aslanovları, Həsənovları, Abdullayevləri... Yaxşı, get oğlum, get, yoldaşların səni gözləyir.
-Oldu, sağ ol əmi.
-Sən də sağ ol bala.
Əsgər Cəsurun arxasınca baxa-baxa bir anlığa öz uşaqlıq illərinə qayıtdı. Necə dəcəl uşaqlıq yaşadığı illəri yadına saldı. Anasının atasına “a kişi, bu oğluna bir təpin, başına bir ağıl qoy”, atasının isə “uşaqla işin olmasın, o bizdən də ağıllıdır”, - deməsi yadına düşdü.
O illər kino lenti kimi göz önündən gəlib keçdi. Uşaqlıq, orta məktəb, ali məktəb və, və müharibə. Mərmi partlayışları, güllə yağışları, yaralı əsgərlərin tükürpədici səsləri, bir tərəfdə insan cəsədləri... Ah müharibə, müharibə.
Ürəyində lənət yağdırdı düşmənlərə. Axı, sizə nə lazım idi, yaşayırdınız də. Kefi kök, damağı çağ. Ən səfalı yerlərimiz sizin, yağlı vəzifələr sizin. Yaşayırdınız şah kimi, padşah kimi. “Ayağıma yer eliyim, gör sənə neyliyim”, sizlərə deyilib də. Ay ağılsız, kütbeyinlər.
Fikir, xəyal içərisində idi ki, Əsgər neçə illər üzünü görmədiyi qonşusu Səlimlə rastlaşdı. Yaxınlaşıb öpüşdülər, görüşdülər, hal-əhval tutdular. Səlim:
- Ay qonşu, səhərdən sənə fikir verirəm heç özündə deyilsən, nə olub sənə? - deyə soruşdu.
- Nə olacaq, görmürsən ay Səlim, gözümün də, ayağımın da birini itirmişəm. İndi qalmışam şikəst. Nə işləyə bilirəm, nə gəzə bilirəm. Qalmışam dörd divar arasında. İşləmək, ailəni dolandırmaq lazımdı. Onu da mən bacarmıram. Arvad-uşağın yanında qalmışam xəcalətdə.
- Ay Əsgər, ay canı sağ olmuş, o vaxt sənə dedim axı, gəl mənimlə gedək rusetə. Getmədin, dedin yox, mən torpaq qoruyacağam, düşmən qovacağam. Bax, bu da sənin qazancın.
- Bəs nə etməliydim ay Səlim. Sən get, mən gedim, bəs bu torpağı kim qorusun?
- Əsgər, dövlət sənə nə qədər təqaüd verir?
- Verirdi qonşu, indi vermir.
- Necə yəni vermir?
- Vermir də, deyir sağlamsan, sənə düşmür.
- Ayə sənin haran sağlamdı? Gözünün biri yox, qıçının da biri. Yaxşı, neçə manat verirdilər?
- Ayda 230 manat.
-Nə, 230 manat?
-Hə, eşitdiyin kimi.
- Ay pir olmuş, o pulu mən bir saata qazanıram, sən nə danışırsan. Hələ üstəlik də kəsib vermirlər də. Dəhşətdi vallah, dəhşət.
Ortaya sükut çökdü.
Tərəddüd içərisində qalan Səlim soruşdu:
- Qonşu, bəs indi nə fikirləşirsən, nə etmək istəyirsən? Belə baxıram sənə ürəyim ağrıyır. Bəs sən ailəni necə dolandıracaqsan?
-Ey qonşu. Kaş ki, mən də şəhid olaydım. Şəhidin şərəfli adı var, hörməti var. Bəs biz qazilərin, veteranların nəyi var? Heç nəyi. Nə baxan var, nə maraqlanan. Gecələr hamı rahat yatır. Bizlər isə bədənimizdə yuva salmış ağrılarla əlləşirik. Gəzdirdiyimiz yad cisimlər bizimlə gecə-gündüz savaşa çıxır. Bu ağrılara döz görüm necə döürsən. Hələ üstəlik bu hörmətsizlik, bu diqqətsizlik.Dərman içirsən xeyri yox, həkim yanına gedirsən pulsuz baxan yox. Neçə-neçə qazilərimiz intihar etdi, özlərini yandıranlar da oldu. Axı, neyləsinlər, əlacları ona qalıb.
- Göyün üzünə bir topa qara bulud gəlir, deyəsən yağış yağacaq.
- Yox, əşi. Televizorda yağış göstərməyib.
Bu vaxt Əsgərin oğlu Azər qaçaraq atasına:
- Ata, anam evimizə alınası şeylər var, onları almaq lazımdır ki, günortaya yemək hazırlayım, - dedi.
- Oğlum, gedin dükandan nisyə alın, mən də gələcəm.
-Ata, anam gedib satıcı verməyib. Deyib ki, borcunuz çoxdur. İndiyə kimi pensiya alırdınız, indi onu da almırsınız, nəylə verəcəksiniz.
Bu sözləri eşidən Əsgərin gözləri qaraldı, dünya başına hərləndi. Ayağa qalxmaq istədi, bacarmadı.
- Qonşu, əlimdən tut, məni qaldır, - dedi.
- Qalxma qonşu, qalxma, sən otur. Mən gedib sənin borclarını da verərəm, evinə bazarlıq da edərəm.
-Yox, yox, lazım deyil.
Məni ayağa qaldırın, dediyi ilə yerə yıxıldığı bir oldu.
- Əsgər, Əsgər özünü ələ al. Tez bur su gətirin. Təcili yardıma zəng edin. Tez olun, tez olun, - deyə Səlim qışqırmağa başladı.
Azər isə atasının başını qucağına qoyub “aç gözlərini ata, aç gözlərini. Qurban olum o tək qalan gözünə ata, aç gözünü”, - deyərək fəryad qoparırdı.