Şakir Xanhüseynli - İŞIQ DÜŞMƏYƏN YER DƏ VAR

Ədəbiyyat 12:04 / 15.09.2026 Baxış sayı: 142

 

bilirsənmi, işığın da

çata bilmədiyi yer var;

o yeri lap nöqtə boyda

düşün--

bir xeyli kiçik, dar...

o yer bəlkə çox üzdədi,

həm də işıq düşən yerdi;

ovcunu alnına sıxıb

deyirsən ki, bu nə sirdi;

işığın düşdüyü yerdə

necə olur zülmət qalır;

bax, hardasa gecə-gündüz

çıraq yandır, zülmət qalır...

arzuların boğulduğu,

ümidlərin qırıldığı

bir yerə tən gəlir bəlkə,

orda görməzsən işığı?

o yer heç gül bitirməyib,

şəfqətdən, ülfətdən uzaq.

elə bil daşı, torpağı

rəhmdən, rəhmətdən uzaq...

bir gilə göz yaşı hopan

yerə işıq düşməz, axı.

işıq bürüsə dünyanı,

ora işıqlaşmaz, axı...

sevginin qol açmadığı,

yaxşılıqların da ayaq,

üzlər gülməyən bir yerə

zülmət bayraq

sancar ancaq!

işığı özləri üçün

qaranlıq bilən azdı ki?

canım-gözüm, qaranlığı

ya işıq bilən azdı ki?

hə, bilirsən, işığın da

çata bilmədiyi yer var;

işığın da qaranlığa

bata bilmədiyi yer var!