Əşrəf Veysəllidən ÜÇ ŞEİR
Atamın son sözləri
Bu dözüm,dəyanət hardandı onda-
Duyub ki,ömrünün qarlı qışıdır.
Ölüm ayağında,son məqamda da
Buyurub: "Bəlkə də belə yaxşıdır"
Deyib ki,oğlumun vaxtı nə gəzir,
Ona bildirməyin,təhəri yoxdur.
Ah,necə uzundur bu yay gecəsi,
Sanki bu gecənin səhəri yoxdur.
Bir yanında anam,bir yanında mən,
Ortada ölümlə o əlbəyaxa.
Dedim qurban olum ata,gəlmişəm,
Bircə kəlmə dedi:" Şükür Allaha"
Anamı tapşırdım böyük oğluma,
Atamı tapşırdım ana torpağa.
İndi bircə fikir gəlir ağlıma,
Bircə söz bilirəm:"Şükür Allaha"
Bu da bəxt işidir,tale işidir-
Dilim başqa sözə uyuşmur daha.
Ən çətin günümdə:" Belə yaxşıdır",
Ən ağır günümdə :"Şükür Allaha"
Yeraltı qatarlar
Mən də ayrılaram Kürdən,Arazdan,
Ömrün zirvəsindən enib ,gedərəm.
Yerüstü qatardan düşüb bir azdan
Yeraltı qatara minib gedərəm.
Yuya bilərəmmi günahlarımı,
Görən necə bitər,bu səfər,bu yol?...
Bir səs cırmaqlayar qulaqlarımı-
"Qapılar bağlanır...ehtiyatlı ol!"
16.03.2020
Var
Fərsizəm,-Yersizəm bu yer üzündə,
Nə bir məkanım var,nə bir yerim var.
Tək bircə daşından umacaqlıyam,
Tək bircə daşında şəkil yerim var.
Niyə öz əhdimə düz olmamışam,
Özümün üstündə göz olmamışam...
Mən bu məzarlıqda az olmamışam ,
Burda bir qarış da ləpir yerim var.
Tanrım dərdlərimə qol-qanad verib,
Həsrətli könlümə mükafat verib.
İşgalda atamın qəbri çat verib,
Anamın yanında qəbir yerim var.
25.08.2019
Əşrəf Veysəlli