Sona Vəliyeva : - QƏLƏMİN GÜCÜ

Ədəbiyyat 09:50 / 10.09.2024 Baxış sayı: 2901

 

(“And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lovhi-məhfuzda yazılanlara) ki, Sən (ya Rəsulum!) Rəbbinin neməti sayəsində divanə deyilsən!” “əl- Qələm”, 1-2)

 

Qələmdə Allah gücü var,

qələmin öz taleyi,

öz görəvi var.

Qələmin gücü

dağı yerindən oynadar.

Göylə yer arasında

barmaq boyda boyuyla

dirək kimi dayanar.

Qələmin sirri

Tanrıya aşkar.

Vərəq meydanında

Tanrı gücüylə “ol” deyər,

hərf qoşunu düzülər...

Baxıb görər ki,

üzündə “hüruf” yazılan

yüz-yüz dost gülümsər hər sətirdən...

Bəzən qələmlə aramda

dost gileyi yaranar.

Düşüncələrimin rəsmi

şeirdə qəribə alınar.

Hisslərimin sonsuzluğu

sətirlərə sığmayanda

fikirlərim sıxılıb ağrıyar...

Şeirin o üzündə

ömrün çəkdiklərini

oxucum görməz.

Bir güc qıtlığı çıxar ortaya...

Bəzən ömrün kədəri, ahı,

bəzən də ürəyin

güllü-çiçəkli əhvalı

sətirlərin görünməyən

üzünə yazılar...

Dərd çox olanda,

deyəcəkləri sözlə

demək olmur axı...

Qələmsə alın yazısıyla

sətir-sətir sıralayır yazılacaqları,

olacaqları.

Hər dərdə əlac gəzmək,

hər gileyi söyləmək,

hər kədəri göz yaşıyla

ölçmək istəsək belə,

olmur...

Qələmlə şeirin sehri başqadır...

Şeirin vaxtı-zamanı,

ölçüsü, məkanı

ucalıq olduğu,

hər şeyə yüksəklikdən

baxdığı üçün,

hər şeyi aşkar yazmağa,

göz yaşının,

həqiqətlərin,

vəhy kimi İlahi dəyərin,

sirrin

sətir-sətir

anlatmağa

qələm izinlidir.

Eşq olsun,

Tanrı göndərən qələmə!

Eşq olsun,

namərdə qarşı

vərəq üstə pəhləvan kimi

döyüş meydanı açana...

Şükü,r qələmə

güc verənə,

yazdırana.

Qələmin, sözün gücü –

dağ gücü...

Qələm insan deyil ki,

susa haqsızlıqlara...