Sevinc Qərib :- Könlüm həsrəti alıb geyindi...

Ədəbiyyat 14:02 / 10.08.2024 Baxış sayı: 1584

Könlüm həsrəti alıb geyindi...

Yeni ayaq açmış körpə kimiyəm,

addımlarım kövrək, yerişim əyri,

ayaqlarıma güvənmirəm,

ümiddən asmışam bədənimi.

Mən dünyanın qərib sakini,

dünya mənə yad ölkə.

Əllərim saçlarımın hakimi,

sığal hökmü verdi bəlkə...

Sevgi döyünür ovuclarımda

əllərim min savaba batır.

Kirpiyimdə susur yağış,

gecə də səhəri yubadır.

Pəsdən oxunan nəğməyəm,

zil səslər ruhuma ögeydi.

Eşqimə vüsal behi verməyən

könlüm həsrəti alıb geyindi...