Şəki  və Oğuz rayonlarına səfər  insanlara qayğının  bir nümunəsi kimi dəyərləndirilməlidir  Tahir  Rzayev, millət vəkili

HÜQUQ 21:21 / 05.12.2022 Baxış sayı: 789

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası son 19 ildə özünün paraq nəticələrini verməkdədir.” Bu fikri öz açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, həyata keçirilən infrastruktur layihələri, dövlət proqramları nəticəsində regionların siması tamamilə dəyişmiş, yeni iş yerlərinin yaradılmasına, insanların həyat şəraitinin yaxşılaşmasına imkan yaradılmışdır.

“Cənab Prezidentin bu günlərdə birinci xanım Mehriban Əliyeva ilə Şəki və Oğuz rayonlarına səfərləri bir daha göstərdi ki, ölkə rəhbəri regionların sosial-iqtiadi inkişafı proqramını sistemli şəkildə həyata keçirir və yerlərdə görüşlərin keçirilməsi, insanlarla təmas, yeni müəssisələrin açılışı, təməlqoyma mərasimləri, bir çox tapşırıqların verilməsi gələcək inkişafa hesablanıbdır. Ölkə rəhbəri bu dəfə də Mehriban xanım Əliyeva ilə birlikdə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması, Şəkinin Orta Zəyzid kəndində quru meyvə istehsalı müəssisəsinin fəaliyyətə başlaması, Oğuzda Oğuz-1, Oğuz-2, Oğuz-3 Kiçik Su Stansiyasının tikintisinin, Oğuzda Şəki-Oğuz Avtoparkının yaradılması, burada qoz məhsulunun qərzəkdən təmizlənməsi, yuyulması və qurudulması zavodunun təməlinin qoyulması və digər bir çox tədbirlərdə iştirak etdi və əlbəttə ki, bu tədbirlərin, açılışların, təməlqoyma mərasimlərinin keçirilməsi bu rayonların gələcək inkişafına təkan verəcək, yeni iş yerlərinin yaradılmasına, əhalinin rifah halının yaxşılaşmasına kömək edəcəkdir.

Əlbəttə ki, regionlara səfərlər onunla müşahidə olunur ki, ölkə rəhbəri insanlarla görüşlər zamanı bir çox məsələləri yerindəcə dərindən araşdırır, onları təhlil edir və həmin regionlar üçün vacib olan məsələlərin həyata keçirilməsi üçün yeni Sərəncamlar imzalayır, yeni proqramların əsası qoyulur. Şəki respublikanın ən böyük rayonlarından biridir. Əlbəttə ki, Şəkidə istehsalın artırılması regionda bilavasitə işsizliyin aradan qaldırılmasına, eləcə də dağ rayonu olan Oğuzun gələcək inkişafına kömək edəcəkdir. Bu səfər də çox uğurlu oldu və demək olar ki, insanlara qayğının, regionlarda inkişafın bir nümunəsi kimi dəyərləndirilməlidir. Azərbaycan Prezidentinin hər bir rayona səfəri əlamətdar hadisələrlə zəngindir və əlbəttə ki, bu səfərlərində əsas məqsəd regionların daha sürətlə inkişaf etdirilməsi, gələcək layihələrin hazırlanmasına, həyata keçirilməsinə hesablanıbdır”, deyə Tahir Rzayev bildirib.