Əlizadə Nuri - Kasıb

Ədəbiyyat 10:00 / 15.09.2026 Baxış sayı: 219

 

Köhnə paltarında təzə yamaqlar,

Bu zindan həyatda başı nə çəkmiş...

Evdə soyuqdan yox,körpə oğlunun

Gözünə baxanda üşüyəcəkmiş.

 

Gündüz axşamadək iş sorağında,

Gündüz axşamadək gözləyib...gəlir.

Evə qayıdanda boş əllərini

Hər gün arxasında gizləyib, gəlir.

 

Sevinc də uzaqda ilişib qalıb,

Kədər qılıncını sıyırıb qından.

Zalım ehtiyacın qara əlləri

Yapışıb ütüsüz yaxalığından.

 

Ağlamaq istəyir, harda ağlasın-

Hara gözlərinin yaşını atsın?

Lap daş atmağa da hazırdı, təki

Bir az kasıblığın daşını atsın.

 

...Yoxsa üz çevirsin bu yer üzündən?

Bu qorxaq fikirdən tez də dönər o.

Söndürüb sonuncu papirosunu

Oturub içində tüstülənər o.