Şakir Xanhüseyndən İKİ ŞEİR

Ədəbiyyat 09:59 / 15.05.2024 Baxış sayı: 1609

İŞIQLI şeir

Salama uzanan əldən

mən

işıq şüaları düşür görürəm...

kimsə elə bir qədəm atar,

dünyanın işığı bir xeyli artar...

biz bu dünyaya bu işıqdan ötrü gəlmişik,

nə bədxahlıq, nə günah-

haqdan ötrü gəlmişik...

Bir səsdə,

sözdə,

xoş niyyətli hər kəsdə

o işıq...

bəzən yağışda,

divardakı daşda,

alından süzülən tərdə,

şeirdə

o işıq...

O işığı

bir gözə sevgiylə bax, gör,

yandır bir ocaq, gör...

bir ağacın kölgəsi,

bir kitab səhifəsi,

bir əli qabarlının halal süfrəsi

o işıqlı...

Bir duamız ki var,

yuvamız ki var,

öz dünyamız ki var

bizimlədi o işıq;

qoy andım olsun:

-hərçənd bir sözümün yalanı çıxa,

kor baxım o işığa!..

 

SÖZ SİZİNDİR

 

Dərə boyu qalxan duman ağ örpəkmi,

A sızqovlar, a bulaqlar, söz sizindir...

Gedən bir də yuvasına dönəcəkmi,

A köklərim, a budaqlar, söz sizindir...

 

Gilə-gilə, muncuq-muncuq alın tərim;

Çox yorulur, düşür adam lap götürüm...

Bir gözləyin, buz sulardan od götürüm,

Odu keçmiş od-ocaqlar, söz sizindir...

 

Kimdir belə qorxu gəlir, göz ağardır,

Qarşımdakı qapı bağlı, kim açardır...

Soruşuram: bir canımız neçə candır,

Hay-harayla ötən çağlar, söz sizindir...

 

Ay ürəyim, çıx qəfəsdən gəl bir hovur,

Kövrəlməyin at daşını, sən bir ovun...

Ruzimizdir xırman-xırman dən bir ovuc,

A sünbüllər, a başaqlar, söz sizindir...

 

Gündüzlər də yatıb elə gecələsək,

Ruzgarımız qəlbimizcə çətin əsə...

İndimizin qulağına deyin nəsə,

Bundan sonra olacaqlar, söz sizindir!..