Şakir Xanhüseyn : ZİRVƏ

Ədəbiyyat 11:00 / 30.06.2025 Baxış sayı: 6727

 

Başını bir qaldır yuxarı göz at,

zirvə ən hündürmü, yox, belə deyil;

Əl-qolun açıqsa, dağ dibində də

burnuna ucalıq qoxusu dəyir...

 

Durduğun hər yerə bax diqqətlicə,

ümid qanadıdı səni uçuran;

Endinsə, qondunsa hərgah bir qəlbə,

demək ki, zirvəyə qalxmısan, inan...

 

Quruca sözlərdən yapışıb qalma,

nə hiss var onlarda, nə də həyəcan...

Harda yoxdusa bir xatirən, izin,

sanma ki, orada sən varsan, ey can...

 

Gözündən gələn su ürək odundan,

həyat kimlər üçün oyun-hənəkdi...

Dayan, zirvələrə yol axtarma çox,

əsas öz yerini zirvə bilməkdi...