Şakir Xanhüseyn : - ŞEİRLƏR

***
...elə bil quşların səsi
bir-birinə dolaşa-dolaşa,
düyün düşə-düşə
səhər açılır...
***
...ən azından
özümü yaxşı izləyə bilirəm;
bir addımım belə
qaçmır gözümdən...
***
...bax, sən
ürəyinə nəsə ək ki,
ordan bir şey biçəsən...
***
Əvvəl-əvvəl
bir pəncərə açılır səhər,
sonra bir qapı,
sonra neçə-neçə göz
birər-birər...
Bir quşun səsi qədər
cəlbedici olmur heç nə,
cəzbedici olmur...
Bilmirəm ki,
bir sözümüz, ya işimiz
gündüzümüzü işıqlandırmağa yetəcəkmi...
***
Hər kəs durub çölündə,
heç kəs düşmür kilidinə--
bağlıdı səsinə,
sevincinə, ümidinə...
İnsanlıq sıxışmıştək
bir küncə, bir köşəyə,
qalıb qəm kövşəyə-kövşəyə...
***
...nə yerə sığırıq, nə göyə,
bir başımızın çarəsinə baxa bilmirik amma...
KÖÇ
Yır-yığış et, köçhaköçdü,
bir əl-ayaq elə, gör
apara biləcəyin nə var, zalım...
Köç yoludu ömür, bir sirr,
Hamı köç üstədi, bilsin;
elə sən də köç üstəsən,
gah ağ, gah qara qoç üstəsən...
Yerini rahla;
nə amanla, nə ahla,
təmiz bir ruhla
köçə hazır ol...
Köçün bu ucu, o ucu yox,
ac, ya da ki tox
həmişə köç üstə olduğunu bil,
ən dərində
üzdə olduğunu bil...