Şakir Xanhüseyn : - KÖLGƏ ADAMLAR

Ədəbiyyat 13:07 / 07.08.2024 Baxış sayı: 1926

 

Kölgə adamlar var

göydə gözə dəyib yerdə görünməz,

eləcə yaşarlar xəyalət kimi...

Sanki bir qılıfda-- cilddə görünməz,

doğmalar içində tamam yad kimi...

 

Deyərsən onların başı, beyni yox,

barmağı işləyir, barmağı ancaq;

Özlərindən çox-çox uzaq işlərə

astaca, ustaca edərlər barmaq...

 

Bu kölgə adamın biri mindi, yüz,

hər sözü o deyər, danışmaz, dinməz...

Yolları əlində, ovcunda tutar,

bir yoxuş qalxıb da bir eniş enməz...

 

Nə deyim indi mən kölgə adama,

bir də varlığına kim şahiddi ki;

Kimə söyləyəsən pənahım sənsən;

bir kömək, bir imdad, bir ümiddi ki?

 

Kölgə adamların kölgə işləri;

borcu olmayana borc ödədərlər...

SU üzünə çıxmaz bir samanları,

ancaq saman altdan su yeridərlər...

 

Kölgə adamlardan çəkdiyimiz var,

gözlərini aça bəlkə adamlar;

İşığı dünyaya haram eləyib

bu kölgə adamlar, kölgə adamlar!..