Şakir Xanhüseyn : - ƏL VƏ ƏTƏK

YAZARLAR 10:10 / 06.11.2024 Baxış sayı: 1992

 

 

(PRİTÇA)

əl ətəkdən üzülmüşdü, qalmışdı əli qoynunda tənha, tək. ətək büsbütün sirrə bürünmüşdü. niyə belə etmişdi, əldən niyə çıxmışdı, məlum deyildi. günah əldəydimi, ətəkdəydimi nə diş bilirdi, nə dodaq. əl ətəkdən üzüləndən sonra heç bir işə yatmırdı. qabarları azalmışdıysa da, qubarı artmışdı. salam-kəlamdan da uzaq düşmüşdü. özünü heç cür toplaya bilmirdi. çox qısalmışdı.

hətta çörək də kəsə bilmirdi əl. süfrə onunçün açılmırdı. su bardağa dolmurdu. olmurdu ki, olmurdu. yazıq görkəmdəydi. hərəkətsiz. lap sınıb boyundan asılmaq istəyirdi. ancaq bunu edə bilmirdi. bəxtini söyür, söyürdü...ətəkdən bərk incikliydi.

bəs ətək niyə çıxmışdı əldən? qara pişikmi keçmişdi aralarından? əlin bir qədər uzunluğumu onu narahat edirdi. onca sürüşkən olmuşdu ki, ələgəlməz bir haldaydı ətək. bu sanki öz-özünə baş vermişdi. ortada ciddi bir səbəb yox idi. ətək şaşqın bir vəziyyətdəydi. amma bir şey vardı ki, son vaxtlar əlinki gətirmir. uğursuzluqlar üst-üstə gəldiyi üçün ətəyin ələ münasibətində çatlar yaranmışdı. bu bir tale məsələsinə çevrilmişə bənzəyirdi.

əlin yuxusu göyə çəkilmişdi yerdə. gecə-gündüzü yox idi. ən pisi daha heç yumruqlana da bilmirdi. düzdü, yumuq idi, fəqət elə-belə- bunun yumruqlanmağa dəxli yoxuydu. hər şey əldən çıxmışdı. əl bir də gözünü açdı ki, artıq yana düşüb. " sındı qol-qanadım yanıma düşdü" kimi. ta iş işdən keçmişdi, di gəl əl bununla razılaşmırdi. o bir yol tapıb, imkan qazanıb özücə ətəklənmək istəyirdi. bəlkə ən düzü də elə bu idi, yəni olduğun kimi yox, olduğundan bir qədər də artıq görünəcəksən, ki... eh, nə isə..