Şakir Xanhüseyn: - DÖRD ŞEİR

1
SALAM, ALA-BƏZƏK PENCƏKLİ KİŞİ
Gülər gözlərindən kədəri daşan,
Hər işə ərdəmli, ürəkli kişi,
Üzündə əbədi dərdi daşlaşan,
Salam, ala-bəzək pencəkli kişi...
Köynəyindəki bu ütülü şaxlıq,
Həm də ki parlaqlıq qalstukunda
Və cib dəsmalın da rəngarəng,
qəşəng,
Laklı ayaqqabın-- nə varmış bunda—
Nəzərdən qaçmayan bu bər-bəzəyin
Mənə çeşidini dərdlərinin də
Anladan kimidir, bilmək istəsən,
Qəmlə bəslənmisən elə bil ki sən...
Salam, ala-bəzək pencəkli kişi,
Düşüncəsi solğun, min bir gümanlı...
Parlaq, tünd qumaşdan köynəkli kişi,
Nədən gülməyin də ahlı—amanlı?!.
2
****
İlahi, bu dünyanı saxla bizdən uzaqda,
Hər gələn keçir başa ayağının tozuyla...
Kimisinə hər şeyin çoxunu verdin, sussun,
Kimisi də başını qarışdırsın azıyla...
Yedirilən acılar hansı mətbəxdə bişir?
İçilən göz yaşları dəmlənsə də, ağdır, ağ...
Neçə cığır-kəmərlə belini sıxmış qaya,
Baxıram yüzlərlədir, bəlkə minlərlə, bir dağ...
Göy qübbəsi sütunsuz, nə zamansa çökməzmi;
Hərə bir barmaq edir Tanrının işlərinə...
Süddən yanıq böyüdük; yer uşağı deyilik?
Süd gəlmir Yer-Ananın qurumuş döşlərinə!..
13.06.21
3
QAZİ
...çoxumuza addım atıb
necə yerimək öyrətdi
ayaqlarını Qarabağ savaşında qoyub gələn qazi...
daha çox izlər qoymuş
heç yürümədiyi dağlarda, düzlərdə,
ürəklərdə-
hər yerdə,
əzizlərini görəndə
heç nə olmamıştək gülən qazi...
həm də şəhid olmuş
yoldaşlarının həyatını yaşayır,
arzularının çin olmasına çalışır
min əllə, min ayaqla
ayaqlarını itirmiş qazi...
o ayaqlar ki,
ən keçilməz qayalıqlardan keçir indi də;
onlar üçün
dayanmaq yox, durmaq yox,
diz yerə vurmaq yox...
Ayaqlarının üstündə
mərd-mərdanə durmağı bacardı
vətənə qurban etdiyi ayaqlarıyla
bu qadir, yenilməz qazi
edərək özünə heyran bizi!
4
QARLI ŞEİR
Qarların altında qaldı evimiz,
Elə hey yay ola, o qar əriməz...
Qaldı sevincimiz qarların altda,
O sevinc yox olar, o qar əriməz...
Qar basıb görünmür, görünməz olub
İllər öncəsinə gedən yolları;
İsti yay günü də qalın qar örtüb
Xəyalımdan keçən bütün yolları...
Qar basıb yaylaqda ot yerimizi,
Ocaq yerimizi, od yerimizi;
O ocaq yeri ki pirə bərabər,
O ocaq yeri ki and yerimizdi...
Günəşdə qurula,
yu isti suda,
Ağaran saçının qarı əriməz...
Bəlkə sübuta da yox ehtiyacı,
Ağrının, acının qarı əriməz...
Ən günəşli günlər, ən odlu günlər
Qar altındadır.
Bir-birindən gözəl, ümidli günlər
Qar altındadır,
Qar altındadır...