Rafail Incəyurd : - Qorxu
Şah Abbasın nağılından bu yana
Hökmü olan ağlı kəmdən qorxuram.
Bu dünyanın gedişatı bilinmir,
Heç bilmirəm kiməm, kimdən qorxuram.
Düşünürəm, könül açan nə yazım,
Hara getdi şən havalar, a sazım?
Heç xoşluğa yaxın gəlmir, ha yozum –
Mən özümün öz “bəlkə”mdən qorxuram.
Haqq olanı saxlayar kim, atar kim?
Sevgi bitsə o boşluğu tutar kin.
Dərdliyə ad uydurmağa nə var ki –
Bu urvatdan, bu görkəmdən qorxuram.
Qədərimdi qəbahətim, a qadam,
Bu hirsimdi, bu hikkəmdi, bu – qəbam.
Bu gün-sabah çartlayacaq bir qabam,
İçimdəki tünd sirkəmdən qorxuram.
Qorxa-qorxa qoruyuram ədamı,
Gizləyirəm dil altında nidamı...
Gör, nə günə qoydular ki, adamı –
Mən özümün öz kölgəmdən qorxuram.
Fevral 2024