"PALİTRA”NIN SÖZ YAĞMURU

MƏDƏNİYYƏT 22:28 / 28.07.2024 Baxış sayı: 9206

 

(Mingəçevirli yazarların iyul ayının “Sonbazar” yaradıcılıq günündən reportaj)

AYB Mingəçevir bölməsinin nəzdində illərdən bəri fəaliyyət göstərən və hər ayın sonuncu bazar günü yazarları bir araya gətirən “Palitra” Ədəbi Klubunun bu günkü (28.07.2024) toplantısı bayırdakı novalçanı və otağın pəncərələrini aramsız olaraq döyəcləyən şıdrığı yağış damlalrının “xeyir-duaları” ilə düzənlənir. Bölmə rəhbəri İsmayıl İmanzadə bir az islansalar da, yay fəslinin nadir hallarda ələ düşən yağmurlu havasından məmnun olan qələm dostlarına xitabən deyir: “Dostlar, deyəsən ana təbiət bu dəfə bizi yağış damlalarının heyratamiz nəğməli ahəngiylə salamlayır. Gəlin, biz də onun “suallarını” özümüzə xas olan söz yağmurumuzla cavablandıraq. Ulu dədələrimiz demişkən, su aydınlıqdır...”

Sonra o, AYB Mingəçevir bölməsinin 25 illik fəaliyyətiylə ilgili yaxın üç ay ərzində nəzərdə tutulan tədbirləri özündə əks etdirən iş planından bəhs edərək: “İnşallah, Mingəçevirdə silsilə şəklində həyata keçirəcəyimiz işlərə sonda paytaxt Bakıda yekun vurulacaq. Gəlin elə bəri başdan arzumuzun reallaşması naminə xeyir-dualarıyla bizləri dəstəkləyən AYB rəhbərliyinə və Mingəçevir şəhər İH-ə minnətdarlığımızı bildirək”,-deyib yazarlara növbəylə söz verir.

Bölmə üzvlərinin adətən, “ahıl və cahıl dostumuz” adlandırdıqıarı Ağabala Salahlının gənc ailələrə ünvanlanmış tövsiyyə xarakterli şeirini hamı təbəssüm hissiylə qarşılayır. Ədəbiyyat sevdalısı Rəşid Rəsulov həmişə olduğa kimi xeyir-dualarıyla həmkarlarınını sabahkı günlərə səsləyir. Şair-hüquqşünas Bəhman Gülövşəlinin qiraətində səslənən şeiri də diqqətdən kənarda qalmır. Yevlax rayonunun Salahlı kəndində yaşayan tanınmış şair Mikayıl Yusif insanlara üstən aşağı baxan harın məmurları oxuduğu şeirləri ilə misrra-misra “qamçılayır”. Mahir Musa yurdumuzun gözəlliklərini vəsf eləyən şeiri ilə həmkarlarının diqqətini cəlb etməyi bacarır. Tanınmış şair Əhməd Əfsun da iki şeirlə yazarlarımıza unudulmaz anlar bəxş edir.

Bölmə rəhbəri bu arada tədbirə könül xoşluğuyla qatılan iki nəfər qonağı həmkarlarına təqdim edir: “Tacəddin müəllim Ağdam rayon məcburi köçkünü, tanınmış hüquqşünas və ağır seyid nəslindəndir. Bununla bərabər, həmişə öndə gedən savadlı bir ziyalı kimi böyük hörmət-izzət sahibidir. Bunu məclisin əvvəlində bizlərə xitabən dediyi dəyərli kəlmələrlə də bir daha biruzə verdi. Allah yolunu açıq, işlərini avand eləsin. Bizim sevimli Gülnarə Dünya isə “Mingəçevir qönçələri” ədəbi məclisinin yetirməsidir. Çoxdan bəri Bakıda yaşasa da bir-iki günlüyə Mingəçevirə gələn kimi yazarlarımıza baş çəkməyi özünə borc bilib. Allah üzünü ağ eləsin, Gülnarə balamızın...”

Mingəçevir Dövlət Universitetinin dosenti, şair-təqqiqatçı Mehman Rəsulov böyük Azərbaycan mütəfəkkiri Nəsrəddin Tusinin həyatından etdiyi maraqlı söhbətlərlə yazarların diqqətini orta əsrlərə yönəldir. Gənc yazarlardan Elçin Məhərrəm, Şamil Həsən hekayələrini, Nicat Hunalp isə iki şeirini oxumaqla söz məclisinə əlvan söz çalarları qatırlar. Şair-publisist Məmməd Mərzili də təzə qələmə aldığı şeiri ilə həmkarlarını məftun edir. Tanınmış yazıçı, AYB-nin üzvü Zümrüd Rəhimovun təqdim etdiyi mənsur şeiri də diqqətdən kənarda qalmır.

Sonda bölmə rəhbəri AYB Mingəçevir bölməsi üzvlərinin yaradıcılığını əks etdirən “Söz yaddaşı” almanaxını qonaqlara təqdim edir və yağışlı bir gündə ürəklərinin ən dərin qatlarında süslədikləri “söz yağmuru” ilə “Palitra”nın özünü də heyran edən qələm dostlarına uğurlar arzulayır...

MƏMMƏD MƏRZİLİ

Şair-publisist, AJB-nin üzvü

 

13Qafar Cəfərli və başqa 12 nəfər