“PALİTRA” BİR DAHA HAMINI MƏMNUN ETDİ

MƏDƏNİYYƏT 13:04 / 27.02.2024 Baxış sayı: 7280

 

İki gün öncə , yəni  25 -i  fevralda  illərdən bəri AYB Mingəçevir bölməsinin nəzdində fəaliyyət göstərən "Palitra" Ədəbi Klubunun növbəti yaradıcılıq gününün birinci bölümündə 1992-ci ilin 26 fevral gecəsi Xocalıda qətlə yetirilən şəhidələrin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İsmayıl İmanzadə 1996-cı ildə qələmə aldığı “Xocalı notları” adlı poemasından (müəllifin eyniadlı dram əsəri də var. Əsər vaxtıyla Mingəçevir Dövlət Dram Teatrında səhnə ömrü yaşayıb. AZtv-də dəfələrlə nümayiş etdiriləndən sonra telekanalın “qızıl fond”unda yer alıb) bir parçanı, Mahir Musa isə o qarlı-şaxtalı gecədə düşmən gülləsinə tuş gələn insanların əzablı ölümlərini əks etdirən şeirini oxudu.

Tədbir iştirakçılarından Rəşid Rəsulov, Ramiz Əziziov, MDU-nun dosenti, tədqiqatçı-şair Mehman Rəsulov və başqaları o müsibətli gecədə əliyalın insanları ən ağır işgəncələrə məruz qoyandan sonra qətlə yetirən düşmənləri lənətləyərək, soyqırım qurbanlarına ulu Tanrıdan rəhmət dilədilər.

Bölmə rəhbəri İsmayıl Mərcanlı AYB Mingəçevir bölməsinin xəttiylə tanınmış yazıçı Nazl Çələbi ilə mart ayın 10-da, ya da 15-də (tədbirin vaxtı yazar xanımın istəyi ilə müəyyən ediləcəkdir) yerli teatrda keçirilməsi nəzərdə tutulan görüşlə, aprel ayında isə mərhum şair Fəxrəddin Əzizin anadan olmasının 70 illik yubiley gecəsi ilə bağlı həmkarlarına tapşırıqlar verdi.

Tanınmış şair, Prezident təqaüdçüsü Elşən Əzim, yazarların “ahıl və cahıl dostumuz” adlandırdıqları Ağabala Salahlı, gənc şair-dramaturq, Mingəçevir Dövlət Dram Teatrının ədəbi hissə müdiri Elçin Məhərrəmli və şair-publisist Məmməd Mərzili çeşidli mövzularda yazdıqları şeirləri oxumaqla, söz məclisinə əlvan çalarlar bəxş etdilər. Bölmə rəhbərinin Xocalı soyqırımıya bağlı sabah (26.02.2024) şəhərdə keçiriləcək tədbirlərə qatılmaq təklifini də yazarlar razılıq hissiylə qəbul etdilər.

İllərdən bəri bir qayda olaraq yazarları və ziyalıları məmnun edən “Palitra” Ədəbi Klubunun bir yaradıcılıq günü də unudulmaz xatirələrə çevrilmək baxımından yaddaşlarda və ayrı-ayrı anları əks etdirən foto-şəkillərdə iz saldı.

MƏMMƏD GÜRŞADOĞLU

Azərbaycan Jurnalistlər birliyinin üzvü, şair-publisist