MƏİŞ KİŞİ QƏDİR RÜSTƏMOVU NECƏ PƏRT ELƏDİ? - Aqil ABBAS yazır
Məiş kişi Qarabağın ən məşhur ovçularından biri idi, necə deyərlər, quşu gözündən vururdu. Özü də gözü tox ovçu idi. Heç vaxt lazım olandan artıq ov eləməzdi. Hər ovdan qayıdanda da məhlədəki bütün uşaqları yığıb onlara quş ətindən kabab verərdi.
Bütün nəvələri də Birinci Qarabağ Müharibəsində könüllü olaraq cəbhədə vuruşurdu. Şəhid olanları oldu, qazi olanları oldu.
Milli Qəhrəman Fred Asifin və 16 yaşında döyüşlərdə ağır yaralanan və bu gün də ayağında 4 santimetrlik qəlpə gəzdirən Hacı Elməddin Sərdarın babası idi.
Bir gün yenə ovdan gəlib məhlədəki uşaqlara kabab yedirdən zaman darvaza açılır, Qədir Rüstəmov əlində bir qoşalülə girir həyətə.
Qədir peşəkar balıq ovçusu idi, amma həvəskar quş ovçusu.
Məiş kişi onu süfrəyə dəvət edir:
- Xoş gəlmisən, Qədir, gəl sən də bir tikə ov əti ye.
Qədir görür ki, hamısı çolma-çocuqdu kabab yeyənlər, gülüb deyir:
- Məiş dayı, mən deyəsən, bir az böyümüşəm axı... Sənə bir işim düşüb ona görə gəlmişəm.
- Buyur.
Qədir əlindəki tüfəngi verir Məiş kişiyə və deyir:
- Bu tüfəngi mənə təzə bağışlayıblar, amma əyri atır. İstədim ki, bunu düzəldəsən.
Məiş kişi tüfəngi alır, sökür, diqqətlə lüləsinə baxır və deyir:
- Qədir, bu tüfəngdə heç bir əyrilik yoxdu.
Qədir:
- Məiş dayı, vallah, nə qədər atıram hamısı əyri gedir, vura bilmirəm. Bir yaxşı bax.
Məiş kişi bir də tüfəngi sökür, bir də diqqətlə yoxlayır və yenidən yığıb deyir:
- Qədir, mən sənə deyirəm ki, bu tüfəngdə əyrilik yoxdu, təmiz tüfəngdi.
Qədir yenə razılaşmır.
Məiş kişi:
- Üstündə patronun vaar? Çıxart birini ver mənə.
Qədir cibindən bir patron çıxarıb verir Məiş kişiyə. Məiş kişi tüfəngi doldurur və baxır Xan qızı Natəvanın İmarətdə əkdiyi çinarların başına. Ən uca çinarın başında təxminən 60-70 metr məsafədə bir quş görür və tüfəngi qaldırmaqla quşu vurur. Və sonra silahı qaytarıb verir Qədir Rüstəmova və gülüb deyir:
- Qədir, nə vaxt məndən xanəndə olsa, səndən də ovçu olar.