Lilpar  Cəmşidqızı - QƏZƏL

Ədəbiyyat 09:50 / 07.05.2026 Baxış sayı: 382

 

Sevdiyim bir canı, Yar, mən aşiqə yar etmədin,

Gözlədim axşam- sabah kuyində, dildar etmədin.

 

Can dedim bir yarə mən, çün canımın cananıdır,

Şükr olsun, dilbərim, sevdin, məni xar etmədin.

 

Çox yarımçıq arzular kök salmamış, qəlbimdədir,

Dəhrə gəldim eşqdən, bəhrin görüb, var etmədin.

 

Sevmədim bir ləhzədən, aləm vəfasız, fanidir,

Çün, cəhənnəm gördüyüm dünyanı gülzar etmədin.

 

Verdiyin hər ne'mətin tamın görəndən sevmişəm,

Tökmüşəm nəfsin gözün, onçün tamahkar etmədin.

 

Batinim saf çeşmədir, köksündə mərcan saxlayır,

Var bəsirət gözlərim, bir xəttə pərgar etmədin.

 

Sevgi verdin hər zaman, ancaq sədaqət görmədim,

Bir məhəbbət bülbülün bağimdə həmkar etmədin.

 

Al şərabdır qönçə ləb'im, badədən fərq eyləmir,

Açdı Cənnət gözlərin köksümdə, bulvar etmədin.

 

Bir gözəl xəlq etmisən, ulduz boyundan gün doğur,

Zərrədən dolmuş tən'i, gizlətdin, əsrar etmədin.

 

Qəlbimin sadiq yerindən qan axır zəmzəmdi, çün,

Çöhrəmin dil güşəsin qəmzəmdə təkrar etmədin.

 

Yox evim, bir pəncərəm aləmdə mehman olmuşam,

Can sevən canan bilir, hər şəxsi Lilpar etmədin