Lilpar Cəmşidqızı : - Gələcək (Qəzəl)

Könül, qəm etmə artıq, sabahımız gələcək,
Yerin, göyün qatından pənahımız gələcək.
Qaranlığın üzündən tülün çəkəndə səhər,
Cahanda xoş firavan, rifahımız gələcək.
Dəyişməyir bu qanun, zaman-zaman belədir,
Düşünməsək kədər-qəm, fərahımız gələcək.
Ağılla, başla getsək, yolun sonun görərik,
Bitəndə dar çığırlar da, rahımız gələcək.
Çox işləyən uduzmaz, halal çörək qazanar,
Qul olsa nəfsə insan, tamahımız gələcək.
Nə sirlidir bu aləm, Xudaya, can gedəcək,
Yazılmamış savablar, günahımız gələcək.
Bu gün, dünəndə qalmaz, ömür ötüb keçəcək,
Birinci qəbrə tək sağ cinahımız gələcək.
Alanda rəngi torpaq, qələm çəkib Yaradan,
Olanda Göydə ulduzla mahımız, gələcək.
Vərəqləyəndə, Lilpar, kitabımız yazılıb,
Çətin günündə mütləq, O Şahımız gələcək.