Kəmalə Abiyeva : - UŞAQLIĞIM

Ədəbiyyat 15:50 / 18.02.2025 Baxış sayı: 1295

 

Düşür yadıma hərdən bircə şirin kəlmədən

bəxtəvər olan çağım

o məsum uşaqlığım.

Xatirələr vurnuxub siz məni aldatmayın.

Yellənçəkdə yuxlayan sevinci oyatmayın.

Ürəyim dözməz axı, bu sevincin qəminə.

Nə olar ki, qıymayın gözlərimin nəminə.

O körpə ürəyimdə gizlədiyim məhəbbət,

Gizlənpaç oynayanda yaşadığım səadət,

Onsuz da bilirəm mən gözlərimi açan tək

itəcəkdir ömrümdən bir daha dönməyəcək.

.Xatirələr ömrümdə amandır, dolanmayın.

Mürgülü xatirələr amandır, oyanmayın.

Siz məni o günlərə amandır, aparmayın...

Mən ki, ötən illəri unutmaq istəyirəm.

Axı xatirələrlə yaşamaq istəmirəm,

Bu günləri mən elə

o bəxtəvər uşaq tək yaşamaq istəyirəm.