İSMAYIL İMANZADƏ, AYB Mingəçevir bölməsinin sədri : - AYB MİNGƏÇEVİR BÖLMƏSİNİN BAR ÇİÇƏKLƏRİ

MƏDƏNİYYƏT 12:00 / 08.09.2024 Baxış sayı: 1701

 

Ədəbi aləmdə ilk addımlarımı atmaqla imzamı tanıtdığım günlərdən tanıyıb-tanımadığım istedadlı söz adamlarının uğurlarına ürəkdən sevinmişəm. Bir vaxtlar,-bizim Cəbrayılda 1978-1993-cü illər aralığında rəhbərlik etdiyim “Ümid” Ədəbi Klubunda təmsil olunan qələm dostlarımın yazılarının mərkəzi mətbuatda ayaq açmasına yardımçı olmuşam. Sonda isə rayonumuzun şair və yazıçılarının ən yaxşı əsərlərinin yer aldığı “Xudafərin nəğmələri” almanaxı (kitab 1993-cü ilin aprel ayında nəşrə hazırlansa da, məlum səbəblərə görə bir il sonra,1994-cü ildə) “Gənclik” nəşriyatı tərəfindən çap olunub. Bu gün iftixar hissiylə qeyd edirəm ki o vaxtkı gənc yazar dostlarımın xeyli hissəsi öz ədəbi yaradıcılıqlarını uğurla davam etdirməkdədir...

Mənim 1993-cü ilin noyabr ayından başlayan ömür yolum, ədəbi yaradıcılığım Mingəçevirlə bağlıdır. Şəhər qəzetində işlədiyim 26 il ərzində bölgədə yaşayan onlarla yazarın ədəbi nümunələrinin oxuculara təqdim olunmasında danılmaz xidmətlərim olub. 1999-cu ilin oktyabr ayının 23-də AYB-nin Mingəçevir bölməsi fəaliyyətə başalayandan sonra isə yazarlarla daha yaxından təmasda olmuşam. Bölmənin ətrafında cəmləşən elə bir yazar olmayıb ki o, mənim diqqət və qayğımdan bəhrələnməsin...

Ayrı-ayrı illərdə bölmənin xəttiylə 5 almanax çap olunub, mənim təqdimatımla mərkəzi qəzet və jurnallarda 30-a yaxın yazarın dəfələrlə yazıları dərc olunub. 2008-2020-ci illər aralığında nəşr etdirdiyimiz “Bənövşə” (əvvəlki adı “Mingəçevir Leysanı”) ədəbi-bədii dərgisində Mingəçevirdə yaşayan həmkarlarımla yanaşı, bölgədə və paytaxt Bakıda yaşayan yazarların da ən dəyərli yazarları da yer alıb. Ulu Tanrı və vicdanlı yazar və oxucular şahiddilər ki jurnalı on iki il ərzində halallığın ən bariz nümunəsinə çevirə bilmişik...

Elə bu məqamdaca, əsil mətləb üstünə gəlməyin vaxtı çatdığın hiss edirəm. Bilənlər-bilir ki mən bədxahlıqdan, paxıllıqdan uzaq bir şəxsəm. İstedadlı adamlara,-illah da yaradıcı gənclərə yönəlik addımlar atanda və belələrini sevindirəndə qəlbən rahat olur, onların varlığıyla ilgili qürur hissi keçirirəm. Son iki ilə yaxın zaman kəsimi ərzində gəlişləriylə bölməmizə əlvan söz çalarları qatan Elçin Məhərrəm, Nicat Hunalp, Şəmil Həsən... həm istedadlı yazar, həm də yeniliyə meyilli gənclər qismində təkcə mənim yox, həmkarlarımın da sevgisini qazanmağa nail olublar. Hər üçü ötən il AYB-yə üzv qəbul olunan Elçin Məhərrəmin rəhbərlik etdiyi Gənclər Şurasında təmsi olunublar. İnşallah, oktyabr-noyabr aylarında əvvəlcə Mingəçevirdə, sonrasa Bakıda AYB Mingəçevir bölməsinin 25 illiyinə həsr edilməsi nəzərdə tutulan önəmli tədbirlərimizə öz töhfələrini vermək istəyindədirlər. Bu yaxınlarda AYB Mingəçevir bölməsinin yeni loqosunu hazırlayıblar. “Bənövşə” jurnalının yenidən nəşrini davam etdirmək naminə əllərindən gələni edir, bir sıra önəmli tədbirlərimizin hazırlanıb həyata keçirilməsində aparıcı rola sahibdirlər...

İnanıram, və ümid edirəm ki adlarını yuxarıda qeyd etdiyim gənclərin, onların şəxsində ədəbi aləmdə ilk addımlarını atmaqda olan cavan həmkarlarımın arzuları son nəticədə öz bəhrəsini verəcəkdir. Uğur olsun, sevimli yazar dostlarım, rəhbərlik etdiyim bölmənin bar çiçəkləri!..