İbrahim İLYASLI - ŞEİRLƏR

Ədəbiyyat 08:54 / 01.10.2024 Baxış sayı: 1544

 

☆ ☆ ☆

Bir az bu ağaca, bir az bu daşa,

Bir az bu torpağa oxşayıram mən.

Bir az ağac ömrü, bir az daş ömrü,

Bir az torpaq ömrü yaşayıram mən.

 

Yüz yol od qoyanlar yandırammadı,

Olmadı kimsəyə əyilməyim də.

Palıd vüqarımı sındırammadı,

Salbalar altında böyüməyim də.

 

Ovcumun içində qəbrim qazıldı,

Gözümün ovcuma boşalan vaxtı.

Mənim yaddaşıma daşla yazıldı,

Mənim ürəyimin daş olan vaxtı.

 

Şikar qovladılar, at oynatdılar,

İllərlə yarımcan canımın üstə.

Qara gözlərimdə qır qaynatdılar,

Asfalt döşədilər alnımın üstə.

 

Bir az ağaclara, bir az daşlara,

Bir az torpaqlara oxşadım, neynim?

Bir az ağac ömrü, bir az daş ömrü,

Bir az torpaq ömrü yaşadım, neynim?!

● ☆ ☆ ☆

Nə baxırsan ağ varağa umudla -

Görmürsənmi, ilham səndən qaçaqdı?

Əlin saza, könlün sözə yatmırsa,

Şair qardaş, demək ruhun naçaqdı.

 

Demək, qəlbin qələminlə düz deyil,

Deyəcəyin sağəməlli söz deyil,

Görmürsənmi, göylər hələ "döz" deyir,

Qanmırsanmı, qara damın alçaqdı?!

 

Niyyətini qat gözüyün yaşına,

Sürt üzünü torpağına, daşına.

Bir də dolan, beş də hərlən başına,

Nə bilmişdin?! Şeir pirdi, ocaqdı!

● ☆ ☆ ☆

Sən gözəl olmaya bilməzsən, xanım,

Sözlərindən çəmən, çöl ətri gəlir.

Bircə yol tel vurub səsini duydum,

Bir ildi ovcumdan gül ətri gəlir.

 

O mənəm - adına düşkün, havalı,

Qıyğacı baxışın dindirər lalı.

Sənin həsrətinə urcah olalı

Gözlərimdən Maralgöl ətri gəlir.

 

Xəyalımda əsmər bənizin durur,

Unutmam çalına İsrafil suru.

Bu qara sevdadan, gözümün nuru,

İbrahim qoxuyan kül ətri gəlir.

● ☆ ☆ ☆

Nə sirdi. Bu xalq deyilən

Susub ünüynən barışır?!

Yeddi yerə parçalanır,

Yeddi yönüynən barışır!

 

Odlara düşür, buzlayır,

Dərya içir susuzlayır.

Yağı gönünü duzlayır,

Duzlu gönüynən barışır!

 

Qalan şey yalandı, yalan,

Bir sualdı mənə qalan:

- Kölənin köləsi olan

Hansı günüynən barışır?!

● ☆ ☆ ☆

O sevdalı çağlar yadındadırmı?

Bir mən igidiydim, bir də sən, gözəl!

Dünyada mənə tay dəli yoxuydu,

Yoxuydu dünyada sənə tən gözəl.

 

Bə heç demirsənmi, hardadı görən

İpək tellərinə nərgizlər hörən?

Səniydin onlara yaraşıq verən,

Nə çiçək gözəldi, nə çəmən gözəl.

 

Sevgi bir yol gələr adama haqdan,

Sənin divanənəm elə o vaxtdan.

Gözümə ağ gəlib yola baxmaqdan,

Ürəyə xal düşüb, saça dən, gözəl!

 

Mən ömür sürmədim, vaxtı uzatdım,

Sənsizlik adıyla başımı qatdım.

Göynəyə-göynəyə əlliyə çatdım,

Gülə-gülə ölləm "öl" desən, gözəl!

 

Gör mən nə saymışam, fələk nə sayıb -

Dönüb sənə baxmaq sayılar ayıb.

Aradan qırx igid ömrü adlayıb,

Mən həmən dəliyəm, sən həmən gözəl.