GƏNC YAZARLAR HAMINI HEYRAN ETDİLƏR
“Palitra” Ədəbi Klubunun bu dəfəki (29.09.2024) “sonbazar” yaradıcılıq gününə əvvəlki vaxtlardan fərqli olaraq xeyli sayda gənc yazarlar da qatılmışdılar. Onların bir qismi Mingəçevir Dövlət Universitetində təhsillərini davam etdirməklə yanaşı, ədəbi aləmə gəlmək istəyində olanlar, bəziləri isə ali təhsillərini başa vurduqdan sonra müxtəlif sahələrdə işləməklə yanaşı, AYB-nin Mingəçevir bölməsinin xəttiylə düzənlənən tədbirlərə fəal şəkildə qatılan qələm sahibləriydi. “Palitra”nın bu dəfəki yaradıcılıq gününə rəng qatan əlamətlərdən biri də Ağdaş rayonundan gələn tanınmış şair Kamil Sabiroğlunun və ədəbiyyat sevdalısı Mürvət Xəlilovun tədbirdə qonaq qismində iştirak etmələriydi.
AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə qonaqları, qələm dostlarını və gənc yazarları salamlayandan sonra: “Dostlar, yəqin siz də mənim kimi fərqindəsiniz ki son yaradıcılıq günlərimizdə gənc yazarlarımız bizim cərgəmizə həvəslə qoşulur, uğurlarımızda pay sahibi olmağa çalışırlar. Bu bir yandan bölməyə inam hissindən irəli gəlirsə, bir tərəfdən də Gənclər Şurasının məqsədyönlü fəaliyyətinin müsbət nəticəsidir.”
Bölmə rəhbəri görülmüş və görüləsi işlər barədə hesabat xarakterli məlumatları yazarların diqqətinə çatdırandan sonra söz məclisinin iştirakçılarına söz verdi. Yazarların “bölmə rəhbərinin müşaviri” adlandırdıqları Rəşid Rəsulovun xeyir-dualarından sonra Ağabala Salahlı məhəbbət mövzusunda səsləndirdiyi bir şeiriylə diqqəti özünə yönəldə bildi. Tanınmış söz adamlarından Eldəniz Cəfəroğlu, Mahir Musa, Bəhman Gülövşəli, Əhməd Əfsun və Kamil Sabiroğlu çeşidli mövzularda yazdıqları şeirlərlə hamıya unudulmaz anlar bəxş etdilər. Ağdaşlı söz sərrafı Mürvət Xəlilov isə söz məclisinə qatıldığını ömrünün ən yaddaqalan anlarından biri kimi dəyərləndirdi və yazarlara yönəlik arzularını da dilə gətirdi...
Gənc yazarlardan Nicat Hunalp və Elçin Məhərrəmin şeirləri, Şamil Həsəninsə oxuduğu yığcam-lakonik səhnə əsəri də hərarətlə qarşılandı. Tələbə yazarlar,-Əfqan Dönməz və Azad Həmzəyev ilk qələm təcrübələri hesab olunan şeirlərini oxuyandan sonra tanınmış qələm sahiblərin tövsiyyələrini razılıqla hissiyə qarşıladılarını da dilə gətirdilər...
Əvvəldən axıra kimi hamıya unudulmaz anlar bəxş eləyən söz məclisi bu dəfə yaşlı qələm sahiblərinin oxuduqları ədəbi nümunələrlə və gənc yazarların fəallığı ilə yaddaşlarda iz saldı...
ELÇİN MƏHƏRRƏM
AYB-nin üzvü, bölmənin nəzdindəki Gənclər Şurasının sədri