Fərəc Fərəcov : - SƏNİN YERİN DEYİL

YAZARLAR 11:52 / 30.10.2024 Baxış sayı: 2336

(Hekayə)    

-Ay gədə, dayan görüm, üzlü pişiklər kimi hara soxulursan?! Bura sənin yerin deyil...

Bu qəfil sözlər ildırım zərbəsinə dönüb gənc tələbə Rasimin başında çaxdı. Özünü itirmiş halda ətrafına nəzər saldı. Yəqin ki, bu sözlər ancaq ona ünvanlanıb. Ancaq onun «seçilmiş» qonaqlarla bərabər içəri daxil olmasına icazə verilmir. Bu azmış kimi toy sahibi Muxtar kişi irəli gəlib yerindəcə donub qalmış Rasimin qolundan zərblə tutdu və -Odu ee, sənin kimilər orda oturublar. Gözün kordu? Görmürsən?! -deyə fıkrini qətiləşdirdi.

Ürəyi çırpınan, hönkürtü ilə ağlamaqdan özünü güclə saxlayan Rasim qohumunun belə kobud, mədəniyyətsiz hərəkətinə nə deyə bilərdi. Axı o, niyə belə deməliydi. Lap böyük bir səhv etsəydi belə... Məgər adam kasıb, kimsəsiz olanda qohumlar da onlarla bu cür sərt, soyuq davranmalıdır? Bir də günah məndədir ki, şəhərli qonaqlarla, vəzifə sahibləri ilə bir yerdə oturmaq fikrinə düşdüm. Əslində bütün təqsir Mərdan müəllimdə oldu. O, əl çəkmədi. Görüşən kimi-bir yerdə əyləşərik-dedi. Sən mənim ən sevimli tələbəmsən. Həm də yaş fərqinə baxmayaraq dostuq. Mütləq birlikdə oturarıq. Yay tətilinə görə sən kənddə, mən də şəhərdəyəm. Çoxdandır görüşmürük. Bir az söhbətləşərik. Gələcək planlardan danışarıq... Məndən kənara düşmə ha...

Mərdan müəllimin sözünü yerə sala bilmədim. Ona görə də toy şənliyində «xüsusi qonaqların» dəstəsinə qoşulmağa məcbur qaldım. Həm də ağlım necə kəsəydi ki, bu boyda böyük xətaya yol vermişəm. Gərək getməyəydim. Özüm də utanırdım. Ayaqlarımı sürüyürdüm. Hamı içəri keçmişdi. Nə yaxşı ki, Mərdan müəllim eşitmədi bu sözləri. Yaxşı ki, onu qabaqda hörmət-izzətinən içəri apardılar. Yoxsa mənə deyilənləri o bilsəydi ürəyim partlardı. İndi məni gözləyəcək. Qapıdan keçərkən də geri dönüb bərk-bərk tapşırdı: -Gəl, gözləyirəm. Yanımda yer saxlayacağam...

Eh, sonra soruşsa ki, niyə gəlmədin, bir söz tapıb deyərəm.

Bu flkirlərlə Rasim dəvət aldığı toy mərasimini üzüntü içində tərk etdi. Gözlərinin yaşı qurumaq bilmirdi. İstəsəydi də belə, daha qala bilməzdi orada. Sınıq qəlbi ağır zərbəyə məruz qalmışdı.

... O, tək uşaq idi. Atası erkən vəfat etmişdi. Təkcə anası vardı. Həm ata, həm bacı, həm də qardaş əvəzi anası. Bir də yaxın-uzaq qohumları. Rasim təkliyin, kimsəsizliyin ağrı-acılarını həmişə dadmış, bunları yaşaya-yaşaya da böyümüşdü.

Orta təhsilini tamamlayanda qohum-əqrabası anasının üstünə düşdü - tək arvadsan, özün də xəstəsən. Gözün açıqkən oğlunu evləndir, oxumaq-zad nəyinizə lazımdır. Bir də axı sənin uşaq oxutmağa gücünmü çatar?

Oğul toyu üçün ananın da ürəyi atlanırdı: - Tez bir toy edib gəlin gətirsəydim deyirdi... Lakin Rasimin ağzını aramışdı. Bilirdi ki, inadkar oğlu ali təhsil almayınca evlənməyəcəkdi.

İnsafən Rasim qabiliyyətli, zəkalı oğlan idi. Gecə-gündüz rahatlığını itirib dərslərini oxuyurdu. Dünyanın hər gəliş-gedişi ilə maraqlanırdı. Ona görə də çətinlik çəkmədən ali məktəbə daxil oldu. Gündüzlər oxudu, axşamlar işlədi. Anasını maddi duruma salmamaq üçün hər ağırlığa qatlaşdı. Artıq institutun üçüncü kursu arxada qalmışdı. İndi o, kənddə, yay tətilində idi.

Bu gün kənddə toyu olan Vahid ona qohum sayılırdı. Vahid Rasimdən fərqli olaraq var-dövlət, naz-nemət içində böyümüşdü. Atasının imkanları sayəsində təhsil illərinin nə vaxt gəlib keçdiyini belə bilmədi. Vahidin atası Muxtar kişi oğluna dəbdəbəli toy edirdi. Məhz həmin toyda adamları vəzifələrinə görə qruplara ayırmışlar. Məhz həmin toyda Rasimə o sözlər deyilmiş, sızlayan könlünə toxunulmuşdur. Rasim isə uzun zaman o sözlərin təsirindən xilas ola bilməmişdir.

... Aylar, illər arxada qalmışdı. Rasim nüfuzlu bir idarədə çalışırdı. Yaxşı işi, yaxşı hörməti vardı. Bir gün səhər-səhər kabinetinin qapısı açıldı. O idi. Muxtar kişi. Rasimin qohumu. Və vaxtilə oğlunun toyunda Rasimin ürəyini parçalamış qohumu.

- Rasim müəllim, xoş gördük. Nə var, nə yox? Evdəkilər necədir? Balam, görünmürsünüz, gəlmirsiniz, getmirsiniz. Bilirsən ki, mən sənin xətrini dünyalar qədər istəyirəm... Belə də qohumluq olar? Öz kefin necədir? Təzə vəzifən, təzə kabinetin də mübarək olsun! Bunların şirinliyi mənim gözlərim üstə...

Tanımayan olsaydı, düşünərdi ki, bu dünyada Muxtar kişidən mehriban, qohumcanlı ikinci bir adam tapılmaz.

Rasim qulaq asır, susurdu. O isə üyüdüb tökürdü:

-Rasim müəllim, onu deyirdim ee, dünən sizin adamlar gəlmişdilər bizim idarəyə... O ki var hər şeyə qarışıblar. Mənim də anbarımı yoxladılar. Əvvəl tanımadım. Sonra dedilər-ay pir olmuş, bunların hamısının böyüyü elə sizin Rasimdir də... nə durmusan, get de, oturtsun yerlərində. Yoxsa sonra gec olar. Milçəkdən fıl düzəldərlər.

-Muxtar əmi, təkcə sizdə yox, başqa idarələrdə də yoxlamalar aparırlar. Narahat olmağa dəyməz. İmkan vermərəm milçəkdən fıl düzəltsinlər.

-Nə bilim, ay oğul, qorxuram da. Dünyanın gedişatını bilmək olmaz... Sən onları bir yaxşı-yaxşı başa sal. Başa sal ki, biz axı qohumuq, can-ciyərik... Tapşır mənlə işləri olmasın.

Rasim düşüncələr içində idi. Həyatını kino lenti kimi gözlərinin önündən keçirdi. Qohumlarını xatırladı. Həmin o günü-toy gününü yadına saldı. Qarşısında boynunu büküb məhzun baxışlarla dayanmış Muxtar əmi hara, o zamankı əjdaha sifətli Muxtar əmi hara? Nə maraqlı və düşündürücü təzaddır. Eyni insan və dabandabana zidd görüntülər. İnsanlar nə qəribə olur İlahi!? Niyə bu qədər alçalmağı özlərinə rəva bilirlər? Düz adamsansa, niyə bu qədər qorxuya düşürsən?       

Rasim qohumundan hayıf çıxmaq fikrindən uzaqdı. Əksinə, onun hazırkı halı həqiqətən Rasimin ürəyini ağrıdırdı. Baxmayaraq onun süni görkəmini yaxşıca anlayırdı. Ona yazığı gəldi və yazığı gəldiyi üçün də imkan dairəsində kömək edəcəyini bildirdi. Sözsüz ki, qanun-qaydanı gözləmək şərtilə.

Muxtar kişi getdi. O gedərkən Rasimin ağlına qəribə fıkir gəldi: -Əgər indi Muxtar əmigildə toy olsaydı, görəsən məni necə qarşılayardı?

Sonra öz fıkrinə özünün də gülməyi tutdu.

* * *

Aradan az müddət keçmişdi. Rasim kabinetində görəcəyi işiərini götür-qoy edirdi. Bu ara qapının döyülməsi ilə açılması vaxt fərqi vermədi.

-Salam Rasim müəllim, necəsiz? -deyə Muxtar kişi uca səslə müharibədən salamat dönən adamını görürmüş kimi sevinclə dilləndi. Cavab gözləmədən irəli gəlib Rasimi əzizanə bağrına basdı, üz-gözünü öpüşlərə qərq etdi, uzun-uzadı hal-əhval tutdu və dedi:

-Bazar günü nəvəmin kiçik toyudur. İlk dəvətnaməni şəxsən özüm sizə gətirmişəm, buyurun...  Ailəliklə qona­ğım­sı­nız. Yeriniz başdadır.