Elxas Comərd,"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü: - QƏLBİMİN QÜSSƏSİ DÜNYA QƏDƏRDİ,

Əzizə Agahüseynqızı yaradıcılığından bir yarpaq.
Ağlım söz kəsəndən, yaradıcı insanları maraqla, həvəslə oxuyub duyandan bir qənaəti özüm üçün dərk etdim. Hər yaradıcı insanın öz dünyası, öz aləmi var. Bu kimi insanlar sözün sehrinə düşüb, öz dünyasının içində hana üzərində sözlə ilmələr toxuyub, həvəkdəstəylə onu, toxuduğu rənglərinə uyğun yerini möhkəmləndirir.
Şeir - əlahəzrət sözün bir insanın, şair qəlbinin yaratdıqlarının ən gözəl toxunuşu olan xalı nümunəsidir. Onun rəngləri, ilməsi, arğacı yerində olsa göz oxşayar, qəlb rahatlığı gətirər, ruh dincliyi yaradar. O şairin özünə verdiyi rahatlığı, oxucusuna da eynən verər.
Fb-də sevə-sevə oxuduğum, maraqla izlədiyim bir çox şairlərimiz var ki, onların yaradıcılığına heç vaxt biganə qala bilməmişəm. Elə hal olub ki, oxuduğum şeirin hər hansı misrasının, bəndinin sehrindən gün boyu çıxa bilməmişəm. Mənim üçün belə şairlərimizdən biri, bir çox ədəbi məclislərində paylaşımlarını oxuduğum, "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü kimi tanıdığım çox hörmətli Əzizə Agahüseynqızıdı. Əzizə xanımın istər digər Ədəbi məslis paylaşmalarında, istərsə də birliyimizin qrup paylaşmalarında bir çox şeir nümunələrini çox həvəslə oxuyub, maraq dairəmə daxil etmişəm. Ona görə bu gün onun şeirləri üzərində ürəyimdən keçənləri dəyərli oxucularımızla bölüşmək niyyətinə düşdüm.
Şair, öz yaradıcılıq duyğusunun bir gecəsinin onu necə narahat etməsini poetik dillə elə gözəl verir ki, oxucu bir şair ömründə yazılan hər bir şeirin rahatlıq və narahatlığın duyur.
"GECƏM GÖZLƏRİMDƏN ASILI QALİB " - deyən şair...,
Nədir həsrət qoyan məni yuxuya?
Gecəm gözlərimdən asılı qalıb.
Hissimi, duyğumu xeyrə toxuya,
Gecəm gözlərimdən asılı qalıb.
Hanadı, arğacı qəmdi, kədərdi,
Toxuya bilmirəm, vaxtım hədərdi,
Qəlbimin qüssəsi dünya qədərdi,
Gecəm gözlərimdən asılı qalıb.
Xalları, gülləri var axın- axın,
Rəssam tablosuna bənzəyir, baxın....
Dünyanın min rəngi sevgimə yaxın,
Gecəm gözlərimdən asılı qalıb...
Şairin iç rahatlığı şeir ərsəyə gələndən sonra olur. Şair, bunu da özünəməxsus şəkildə elə nəzmə çəkib verir ki, oxucu bu dincliyi rənglərin içində görür. Onun qüdrətini ilahi sözə bələyib, oxucusuna
"İLAHİ ŞEİRİ" adı ilə çatdırır...
Bu gecə səmada uçurdum elə,
Göylərə qalxmağım inadım idi.
Bir özgə məkana səfər edirdim,
Hecalar, misralar qanadım idi.
Qalxıb kəhkəşanlar diyarına mən,
Parlaq ulduzlardan qururdum kümə.
Səhrada susayan yolçu kimiydim,
Buludlar göz yaşın tökdü üstümə.
Burda yer üzündən ayrılsam da mən,
Açılıb qınımdan sıyrılsam da mən,
Bələnib göylərin şəfəqlərinə,
Uçurdum şeirimin gözəl sətrinə.
Nəsillər dəyişib zaman keçsə də,
Misradan hördüyüm divar qalacaq.
Bəlkə yer üzündə ən hündür saray,
Bu gecə yazdığım şeir olacaq...
Doğurdanda şeirin ilahi sözdən süzülərək qəlbinə axması, onun söz sahmanından çıxardıb oxucusuna çatdırması şair ürəyinin döyüntüsüdür. O döyüntüsünü duyub, "AĞLADIM"- deyən şairimiz, dünyanın bütün sevgisini misralarına köçürür.
Dözəmmədim qəhərinə,
Qəlbimi yıxıb, ağladım..
Göydə göynəyən buludu,
Sinəmə sıxıb, ağladım...
Sevinc əkib, qəm dərəndə,
Ümid də üz döndərəndə,
Tanrım şeir göndərəndə,
Özümdən çıxıb, ağladım..
Kimsə eşitməz ünümü,
Sözlə döyüşən günümü,
Buluddan yuxa könlümü,
Varağa büküb, ağladım...
Şairin, hər şeirin ona yaratdığı sevgini görüb, onun sevə-sevə oxuduğum
"ŞEİRİMİN AĞRISI", şeir tablosunda, bir daha əmin oldum ki, əbəs yerə Əzizə Agahüseynqızı yaradıcılığına müraciət etməmişəm.
Sorursan halımı necəsən, necə..?
Nə yaxşı, nə yaman təhər kimiyəm.
Bir misra ağlımı alıb başımdan,
Dumanlı, çiskinli səhər kimiyəm..
Yağmaq istəyirəm yağa bilmirəm,
Nə yerə, nə göyə sığa bilmirəm,
Neynim..bu istəyi boğa bilmirəm,
Boğaza tıxanan qəhər kimiyəm..
Dəstəmaz alıram azanlarından,
Keçirəm ruhumun dalanlarından,
Üşənib gecənin qaranlığından,
İşığa can atan şəhər kimiyəm...
Döyür, dayanmayır küləyi, qarı,
Nola, tükənməyə əhdi, ilqarı,
Bu yaza çiçəklər tumurcuqları,
Bu yaya dərilən bəhər kimiyəm....
Doğurdan da şairin şeir ağrısı onun ərsiyyəyə gətirdiyi övladları kimidi. Hər sözünün üstündə əsməsi, hər misrasına sığal verməsi, yaratdığını oxşaması, ruhuna rahatlıq gətirən laylası əziyyətləri içində, "... dərilən bəhrə kimi... "olmasıdı.
Onun yaradıcılıq rəngarəngliyi sözə olan ehtiramının bariz nümunəsidir. Həsrətini içində boğan şair, " GECƏLƏR YADIMA EVİMİZ DÜŞƏR" şeirində digər şeirlərində olduğu kimi, çalarları elə gözəl, məharətlə vurur ki, bir süjet xətti öz rəngarəngliyində göz oxşayır.
İşığı közərmir, həniri gəlmir,
İçinə qısılıb səmiri gəlmir,
Təndiri qalanmır, xəmiri gəlmir,
Taledən inciyər, bəxtindən küsər,
Gecələr yadıma evimiz düşər.
Pəncərəsi bağlı, qapısı bağlı,
Anamsız bu ocaq sinəsi dağlı,
Sabahı, gündüzü, axşamı ahlı,
İntizar baxışı amanım kəsər,
Gecələr yadıma evimiz düşər.
Yuxusuz gecəsi səhərə qonaq,
Şeirim köksümdə qəhərə qonaq,
Mən burda bir qərib şəhərə qonaq,
Nanə yarpağı tək ürəyim əsər,
Gecələr yadıma evimiz düşər....
Atamın nur yağan üzündən belə,
Anamın baməzə sözündən belə,
Köhnə samovarın közündən belə,
Xəyalım qəhərin çayını içər,
Gecələr yadıma evimiz düşər..
İt hürər, hürküşər, qaçışar qazlar,
Oyanar yuxudan qaragöz qızlar,
O səsdə bir uzaq xatirə sızlar,
İllər yaddaşıma güllü don biçər,
Gecələr yadıma evimiz düşər....
Bir şam öləziyər, bir ulduz sönər,
Bir şimşək səsinə gecə səksənər,
Yuxumu qataram, yuxum diksinər,
Oyanıb gəzərəm o perik düşər,
Gecələr yadıma evumiz düşər...
Əzizə, dilində "Şahnaz" ağlayar,
Gah payız ağlayar, gah yaz ağlayar,
"Şahnaz"ın dilində ah az ağlayar,,
Zilində, bəmində ürəyim bişər,
Gecələr yadıma evimiz düşər...
Gecələr yadıma evimiz düşər....
Şairin müxtəlif səpkidə yazdığı şeirlərin hamısında gözəl deyimlər, bənzətmələr hamsı yerli - yerində elə gözəl məharətlə verilir ki, oxucu illərlə eşitdiyi sözün sehrinə düşür elə bil. Yaddaşına hopur o söz. Şəhid ağrısının, acısının yaratdığı təəssüratı şair özünəməxsus elə orjinal verir ki, oxucu o şeiri oxumaqdan həzz alır. "BU GECƏ DƏLİ BİR YAĞIŞ YAĞIRDI" şeiri, bu qəbilədən olan bir ürək yanğısdı.
Kişnədi buludlar başımın üstə,
Gözümdən süzülən yaşımın üstə,
Şəhid məzarının daşının üstə,
Bu gecə dəli bir yağış yağırdı.
Dəlisov at kimi şahə qalxaraq,
Şimşək dırnağıyla odu ha,bayaq,
Eşirdi göyləri şaraqqaşaraq,
Bu gecə dəli bir yağış yağırdı,
Göylərdən yerlərə nifrin yağırdı,
Göylərdən yerlərə qarğış yağırdı.
Gül açmır arzular atdığım yekdi,
Elatsız obanın yuxusu dikdi,
Soyuq çadırların üstü nəm çəkdi,
Bu gecə dəli tək yağan yağışdan.
Başımız üstündə tirə bax,tirə,
Bilmədik hülqumu verdik kəndirə,
Anamın qurduğu palçıq təndirə,
Bu gecə dəli bir yağış yağırdı.
Çoxdandı görmürdü belə yağışı,
Boy atdı torpağın yaşıl alqışı,
Doldu çəmənlərə ceyran naxışı,
Bu gecə dəli bir yağış yağırdı.
Tüstüsü kəsilən elə,obaya,
Atamın əlindən düşən yabaya,
Ağacda yellənən tənha yuvaya,
Bu gecə dəli bir yağış yağırdı.
Bu gecə dəli bir yağışa dönüb,
İlham pərisinin əlindən tutdum,
Dəli bir sevdanın dilindən tutdum,
Qələmin Qırat tək yalından tutdum.
Kövrək ümidimin üstünə yağdı,
Bacası olmayan tüstümə yağdı,
Pəncərə önündə büstümə yağdı,
Bu gecə bir ağlar heykələ döndüm,
Bu gecə dəli bir yağış yağırdı...
Əzizə Agahüseynqızı, bir insan olaraq bu həyatın acı, ağrılarını yaşayan birimiz kimi, dərdin, "DƏRDİMİN" şeirində olduğu kimi, döyməyə, sillələməyə, halına yanmağa bir ata istəyin,
Qəlbi isitməyə oda istərəm,
Ümman təşnəsiyəm, ada istərəm,
Halıma yanmağa ata istərəm,
Çırpa, şillələyə, döyə, dərdimi...
-deyərək, ata varlığının silləsində isti bir sevginin, tərbiyyənin varlığını önə çəkir. Dərdin yumşaldılması, ağrısının azaldılmasını gözəl poetik dillə verən şair sonda dərdin, hər kəsin özü çəkəcəyini şeir dili ilə gözəl vurğulayır.
Amma qorxuram ki, yağdıra yerə,
Təzədən leysan tək sağdıra yerə,
Çevirəm misrsya, sözə, şeirə,
Yenə özüm duram yiyə, dərdimə....
Yenə özüm duram yiyə, dərdimə....
El arası belə bir deyim var. "Dərd məni şair elədi" və yaxud da "Şairlər dərddən yazır". Doğrusu bu sözün içində bir həqiqət yatır. Şair, digər insanlara nisbətdə həssas qəlbli, duyğusal olurlar. Onlar ətrafında başverənlərə çox həssas yanaşırlar. Həmdə belə bir fikir var ki, şairlər Allahın seçilmiş bəndələridi. Yəqin bu üzdəndi ki, şairlər hər hadisəni iç dünyasında var-gəl etdirib, özünə dərd edir. Bütün bunların fonunda şair yaradıcılığında dünya dərdləri, dünya haqsızlıqları özünə möhkəm yer edir.
44 günlük Vətən Müharibəsinin ağrılarını çəkən əsgərlərimizin şəhidliyi hamını sarsıtdı, yuxusuna haram qatdığı səhnəni kövrək notlar üzərində verən şair Əzizə Agahüseynqızı "BİR ƏSGƏR GEDİRDİ ÇİYİNLƏR ÜSTƏ " - deyib haray çəkir.
Kamandı, çəkilmiş oxundan çıxıb,
Dünyanın varından, yoxundan çıxıb,
Amandı, qoymayın yuxumdan çıxıb,
Bir əsgər gedirdi çiyinlər üstə...
Qopurdu dünyanın bir qırağından,
Nur ala bilmədi öz çırağından,
Düşmənə yağdırıb od yarağından,
Bir əsgər gedirdi çiyinlər üstə...
Bir şairin ana hissi "OĞLUMA MƏKTUB " və " ƏSGƏR OĞLUMA şeirində içdən gələn sevgini narahatçılıqla yoğurub misraya çevirməsi o qədər cəlbedicidir ki, həmin şeirə toxunmadan keçə bilmədim.
Salam, yuxusu qaçan,
Səngərdə duran balam.
Mənim də yuxum qaçıb,
Arzum, dayağım, qalam...
Balasını əsgər paltarında olan sevgisini ifadə etməsi də ecazkardı.
Əynindəki o əsgər
Geyimini sevmişəm.
Dilimdəki o əsgər,
Deyimini sevmişəm...
Həsrətindən bilirsən,
Ürəyim dönüb telə...
Gözümü yolda qoyma,
Tez- tez evə zəng elə...
Bizdən nigaran olma,
Xidmətini yaxşı çək.
Düşmənə zərbə vurub,
Ovla onları tək- tək...
Məktubumda atanın,
Bacıların salamı.
Qonşu qız təbəssümlə,
Salamlayır hamını...
Di yaxşı, gecə keçir....
Salamat qal...öpürəm..
Sərhəddə sayıq dayan,
Mən yatmağa gedirəm..
ƏSGƏR OĞLUMA
Vaxt yetişdi, tamamdı,
Dur yaraqlan, get,oğlum..!
Vətən darda, amanda,
İmdadına yet, oğlum...!
Ay mənim əsgər oğlum...
............... ******.....
Vətən sənə əmanət,
Sən Vətənə əmanət,
Oğul, qurbanın olum,
Etmə ona xəyanət....
Silahını əziz tut,
Postunda sərvaxt dayan.
Tənbəllik etmə orda,
Hamıdan əvvəl oyan.
Koroğlu tək qəhrəman,
Nəbi kimi nər oğlum.
Mübariz tək hünərvər,
Fərid kimi ər oğlum,
Ay mənim əsgər oğlum...
Qorxma düşməndən əsla...!!!
Silahınla dər, oğlum,
Tut atəşə, alova,
Torpaq üstə sər, oğlum,
Ay mənim əsgər oğlum...
Demirəm ki, dağlara,
Duman gətir, çən gətir.
Qələbəylə qayıt gəl,
Xoş xəbəri sən gətir....!!!
Əsgər oğluna arzusunu, alqışını çatdıran ana, bütün əsgər anaları kimi oğlundan istəyini bu cür ifadə edir.
Şairinin bütün yaradıcılıq şaxələrində özünəməxsus gözəlliklərin yer alması onun zənginliyinə işarədir. Əzizə xanım bütün janrlarda yazdığı hər bir şeirində bu zənginliyi qoruyub saxlamaqla bərabər, onun təravətini, ətrini " NƏRGİZ" şeirində olduğu kimi verə bilir. Bu da şairin mükəmməlliyinə, heç də təsadüfdən şeir yazmadığını önə çəkir.
Qışın ortasında çiçəkləyibsən,
De, hardan almısan dözümü nərgiz?
Gah sarı, gah da ağ ləçəkləyibsən,
Gözəldi rənglərin düzümü, nərgiz !
Soyuq baxışlarda qarı görəndə,
Soyudun sevgini yarı görəndə,
Bağrının başında sarı görəndə,
Buludlar qapadı gözümü, nərgiz !
Ləçəyin xalıdı incə toxunub,
Eşqinlə gör neçə nəğmə oxunub,
Boynunu bükmüsən, yelmi toxunub?
Yandırır göz yaşım üzümü, nərgiz !
Tirpaqdan boy verib sıralanırsan,
Aşiqlər əlində xaralanırsan,
Bahara çatanda uralanırsan,
Yarıda qoyursan sözümü, nərgiz !
Gəl, məni özünə belə bağlama,
Gedərgi qonağam məni saxlama,
Hüsnünə yazdığım qoşma, bağlama,
Göstərir sözümün düzünü, nərgiz!
Mən də, bu kiçicik yazımla şairimiz Əzizə xanım Ağahüseynqızına daha böyük uğurlar diləyib, şəxsi həyatında can sağlığı, uzun ömür arzulayıram.
Elxas Comərd,
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.