Elman Eldaroğlu : - Tovuzun Köhnəqala kəndinin Murad adlı balası..

YAZARLAR, Gündəm 10:30 / 12.10.2024 Baxış sayı: 5477

.

Murad Köhnəqala- 65

Deyir ki:- “Mən həyatı kifayyət qədər rəngarəng yaşamış adamam. Yazmaq istədiklərim çoxdu. Bir dəfə feysbukda yazmışdım ki, şeir ədəbiyyatın uşaqlıq dövrüdü. Mən o dövrü çoxdan keçmişəm. Ancaq adam var ki, ömrünün axırına qədər uşaq qalır, yəni şeir yazır. Amma dediyimiz maddi problemlər həll olunsaydı geniş nəsr əsərləri yazardım. Təbii ki, roman yazmaq üçün insanda zaman arxayınçılığı olmalıdı. Ümumiyyətlə, mürəkkəbliyinə görə, roman janrına bir dövlət kimi baxıram. Roman yazan yazıçıda axrayınçılıqla bərabər mütəfəkkir hökmdar beyni olmalıdı. Əsər müəllif tərəfindən dövlət kimi idarə edilməlidi.”

Deyilənlərə görə, qədim Sparta(Lakemedon) dövlətində döyüşçülərə savaşdan əvvəl ucuz başa gələn və zəngin kalorili xaş yeizdirirdilər. Xaş onlarda döyüş ruhu, tükənməz enerji, çeviklik yaradırdı. Verdiyi müsahibələrə göz gəzdirdim. Adamı məst edən gözəl, tanış bir qoxunu duydum...

“Mən ultra yeniliyə meyilli adamam. Ona görə ən müasir dünya yazarlarını oxuyuram. Daha doğrusu, audio-kitablara qulaq asıram. Müasir dünya yazarlarının əsərləri rusca səsləndirilir, qulaqcığı taxıb dinləyirəm. Mütaliə üçün çox gözəl metoddu. Nolaydı, həmin kitablar öz dilimizə də tərcümə ediləydi. Bir də daimi olaraq “Çto? Qde? Koqda?” intellektual kazino verilişlərini izləyirəm. İnternetdə axtarıb bütün proqramlarına baxıram. Həmin proqramın Rusiya, Azərbaycan, Ukrayna və Belarus verilişlərini qaçırmıram. Ümumiyyətlə, texnoloji sahədə süni intellekt inkişaf etdikcə, ədəbiyyatda da insani mövzular tükənməyə doğru gedir. Bu, qlobal prosesdi, bəlkə də bizdə bunu o qədər hiss etmirlər. Gələcək ağıllı maşınlarındı. Oxuduğum kitablar və baxdığım filmlərdən bu qənaətə gəlmişəm ki, tezliklə robotlar insanları sıxışdırıb, Yer kürəsində şahlıq edəcəklər. Bax belə bir kədərli sonluq!”- söyləyir.

Qərar verəndə bir az ləngiyir. Amma məntiqli qərar verməyi və düşdüyü mühitdə hörmət qazanmağı bacarır. Bununla yanaşı o, çox sosial insandır və əylənməyi sevir. Sevməyi və sevilməyi xoşlayır. Qayğıkeş birisidir, son tikəsini bölüşməyə hazırdır. Emosional olsa da, fəqət yaxşı həmsöhbətdir. Ədalətsizliyin düşmənidir, haqsızlığa göz yuma bilmir. Yumoru əla başa düşür. Nəzakətli və diplomatikdir...

Bəli, söhbət şair, publisist Murad Köhnəqaladan gedir. O, 1959-cu il oktyabrın 15-də Tovuz rayonunun Köhnəqala kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Tovuz rayonu 1 saylı toxumçuluq sovxozunda fəhlə işləyib. Bir il sonra isə sovet ordusunda əsgəri xidmətə çağrılıb. Ordudan tərxis olunduqdan sonra Şəmkir rayonunun Zəyəm Cırdaxan kəndində zərgər Sərdar Sultanovun şagirdi olub. İki il Tovuz şəhər təmir-tikinti sahəsində, beş il də Bakı şəhər metro tikintisində fəhlə işləyib. 1980-ci illərdən şerləri ilə mətbuatda çıxış etməyə başlayıb. 1985-1990-cı illərdə isə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsilə yiyələnib. 1991-1992-ci illərdə Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində elmi redaktor işləyib. Avrasiya Mətbuat fondunda əlaqəçi jurnalist olub. Sonra üç il Sibirdə, Uzaq Şərqdə yaşayıb. Vətənə dönəndən sonra isə Bakı İncəsənət mərkəzinin şeir şöbəsində çalışıb. Azad Yazarlar Ocağı adlı ədəbi təşkilatın yaradıcısıdır. Müstəqil media orqanlarında bədii və publisistik yazıları ilə çıxış edir. Ona yaxın kitabın müəllifidir...

Deyir ki:- “Ədəbiyyat, yazıçılıq, şairlik o yana dursun, mən müstəqillik dövrü Azərbaycan publisistikasının yaradıcılarındanam. Otuz ildən artıqdır, işləmədiyim qəzet, jurnal, sayt qalmayıb. Ömrüm boyu da heç bir partiyanın üzvü olmamışam, heç kəsin də qarşısında öhdəlik götürməmişəm. Həmişə bir ziyalı, bir vətəndaş mövqeyində olmuşam və hər zaman da olacağam. Mən azad düşüncəli adamam. Nə hakimiyyətin, nə də müxalifətin tapşırığı ilə oturub-dururam. Müxalifət qəzetlərində yazdığım vaxtlarda belə müxalifət rəhbərlərinin sözü ilə bir cümlə də yazmamışam.”

Dəyişkən əhval-ruhiyyəyə malikdir. Necə deyərlər, kimlərlə olmasından asılı olmayaraq hər an kefi dəyişə bilər. Bəzən münasibətlərində problemlər yaranır. Narahat və stresli mühitlərdə işləməyi sevmir. Qəribə mülahizə qabiliyyəti var. Hadisələrə özünəməxsus yanaşmağı bacarır. Qadınları müdafiə etməkdən çəkinmir.

“Adətən, cəmiyyətimizdə məişət işləri qadın və kişi arasında bölünür. Şəxsən mən, ev işlərinin cinslərə ayrılmasının əleyhinəyəm. Fikrimcə, işin növündən asılı olmayaraq, fiziki gücünə görə ağır işi kişi, yüngül işləri isə qadın görməlidi. Məsələn, paltaryuyan maşını olmayan ailələrdə bir qayda olaraq, paltarı qadın yuyur. Bunun tam əleyhinəyəm. Paltar yumaq, sıxmaq ağır işdi. Paltarı kişinin yuması daha ədalətlidi. Yaxud yemək bişirmək. Bu fikirdəyəm ki, hər bir kişi istənilən yeməyi hazırlamağı bacarmalıdı. Əslində, yemək bişirmək elə kişi işidi. Qadını ağır işlə yüklədikdən sonra ondan zəriflik ummaq artıq əbləhlikdi.”

Yox, yox! Birdən elə bilərsiniz ki, yaşının bu vaxtında AQP-yə üzv olub, əsla yox. Onun Arvaddan Qorxanlar Partiyasından(A.Q.P.) xəbəri yoxdur...

Nə isə, oktyabrın 15-i Murad Köhnəqalanın 65 yaşı tamam olur. Qoy qələmə aldığım bu yazı, onun yubileyinə yazılacaq yazılar sırasında birinci olsun!

Çox yaşasın!

 

Bir 1 nəfər şəkili ola bilər