Əlisəfa Azayev : - Göyəzən dağı....

Gündəm 08:10 / 13.06.2024 Baxış sayı: 5730

Qazaxı qürurlandıran, simvolizə edən onlarca qədim abidələr, binalar, göz oxşayan mənzərəli məkanlar, yerlər olsa da, Göyəzən dağının öz yeri, adı var... Böyük şairimiz Səməd Vurğunun da ürəkdən gələn böyük məhəbbətlə, səmimiyyətlə vəsf etdiyi bu ulu dağ, həm də qırxıncı illərdə Qazax rayonunda rəhbərlik etmiş, birinci katibi olmuş kürdəmirli İslam Məmmədovun sevdiyi, ürəkdən vurulduğu, bağlandığı bir məkan olmuşdur...

Bu şəxslərdən söhbət düşmüşkən deyim ki, Səməd Vurğunla İslam Məmmədov arasında çoxlarının köks ötürəsi, nümunə olası bir dostluq, qardaşlıq, yaxınlıq olub. Səməd Vurğun ən gözəl, sayılıb-seçilən müharibə şeirlərindən birini ona həsr edib. "İslam" balladasını. Sanki, kiçik bir poemanı xatırladan bu sənət nümunəsində nə gözəl fikirlər ifadə olunmuşdur.

Onu da deyək ki, Mir Cəfər Bağırov Kürdəmirdə olanda, İslam Məmmədovun çıxışına, şəxsiyyətinə valeh olmuş halda deyib: "Bəs deyirlər ki, burada lazımi səviyyəli kadr yoxdur?! Bundan yaxşı kadr!" Elə həmin gün də onun Qazax rayonuna birinci katib seçilməsinə nail olur.

Qazaxda İslam Məmmədovla böyük şairimiz Səməd Vurğun arasında tarixlərə düşəcək bir dostluq, qardaşlıq, yaxınlıq yaranır. Ailəvi dost olurlar. Sonradan uzun müddət respublikamızın hüquq-mühafizə orqanlarında işləmiş, kamil hüquqşünas, istintaqçı Vidadi Məmmədovun adını gözəl şairimiz qoymuşdu.

O vaxtlar Qazaxın qürur yeri olan Qırmızı körpünün yenidən qurulması, təmirində İslam Məmmədov böyük əmək sərf edir. "İslam" şeirində şair bu çalışqanlığı, canıyananlığı ürəkdən vəsf edir.

Böyük Vətən müharibəsinin şiddətli vaxtları İslam Məmmədov oradan da döyüşən cəbhəyə yola düşür. Uzun bir cəbhə yolu keçir. Sayılıb-seçilən hərbi hissə siyasi rəhbərlərindən biri olur. Şairlə əlaqə saxlayır, məktublaşır...

Müharibədən sonra Səməd Vurğun Polşada sülh konfransında olanda nümayəndə heyəti ilə oradakı qardaşlıq məzarına baş çəkəndə, birdən sarsılan kimi olur. Göz yaşları içində bu şeiri yazır:

 

Bir məzar önündə baş əyirəm mən,

Görürəm üstündə yazılmış: "İslam..."

Qəmlər bulud-bulud keçir qəlbimdən,

Od tutub alışır sinəmdə İlham!

 

Həmin balladanın kitabda çap olunması ərəfəsi böyük şairimizi M.C.Bağırov yanına çağırtdırır. Onun əlində, ovcunun içində ekzema varmış. Ona görə də həmişə stolunun üstündə bir dəst adi ruçka olarmış. Ekzema ağrıları başlayanda onları əlinə alıb xışmalayarmış. Şair indi də onu belə görüb, bərk narahatçılıq, qorxu keçirir. M.C.Bağırov sərt səslənir:

- O nə şeirdi yazmısan?!

- ...

- "İslam"ı soruşuram...

- Hə, onu... Balladadı...

- Təcili adını dəyiş... Bilmirsən ki, bu ad dini xatırladır... Bolşevik siyasətinə zidd bir hərəkətdi...

- Başa düşdüm...

Beləcə onda müvəqqəti də olsa şeir "İnsan" adı ilə çap olunur.

2018-ci ildə "Qırmızı körpü" publisistik yazım "Ədalət" qəzetində dərc olundu. Ondan bir nüsxə də məlumat üçün Qazax rayon İcra Hakimiyyəti başçısını göndərdim və xahiş etdim ki, mümkünsə İslam Məmmədovun adına orada bir küçə verilsin, Kürdəmirdə var. Həmyerlimiz Aşıq Əhməd demişkən: "Gəl gedək Qazaxa bir salam verək..." Dostluq tellərini, dayaqlarını möhkəmlədək. Cavab gəldi ki, Mətbuat Şurasının müraciətindən sonra bu məsələyə baxıla bilər. İcra Hakimiyyətinin bu mövqeyi, münasibətindən sonra, sanki, bu məsələ onun üçün unuduldu.

Bu günlərdə Qazaxda olanda bu məsələ yenidən onu narahat etdi. İcra Hakimiyyətində olanda hey soruşurdular:

- Siz müxbirsiniz?!

- Yox, təqaüddə olan Ədliyyə işçisi... Yazıçı... Qırx kitabım çap olunub. General Polad Həşimov, Mübariz İbrahimov, Ulu Öndərimiz Heydər Əliyev haqqında romanların müəllifiyəm.

- "Ədalət" qəzetində işləyirsiz?...

- Dedim ki, yox da... Mən Ədliyyə Döş nişanına layiq görülmüş sabiq dövlət notariusu, Ədliyyə müşaviriyəm.

- Başçı yerində yoxdur. Qonaqları var. Onlarla hərəkətdədir.

- Çox təəssüf...

Mənə xüsusilə xoş gəlməyən o oldu ki, "Ədalət" qəzetinin adını tez-tez çəkir. Sanki, bir xof yaşayırdılar. Bəlkə də, başçının əslən Sabirabaddan olmasını eşitməsəydi, heç bu qəbula səy göstərməyəcəkdi. Sabirabad onlarla qonşu rayon idi. Həmişə isti münasibətləri olardı.

Başçı haqqında isə çox xoş sözlər eşitdi. Bəlkə də, elə bu ona qol-qanad verdi ki, onun qəbulunda olsun, görüşsün. Geri qayıdanda təsadüfən avtobusda tanış olduğu Ramin Lahıcov adında bir oğlan da başçı haqqında xoş sözlər dedi. Deməsinə görə, başçı artıq on ildir ki, Qazaxda bu vəzifədə işləyir. Ramin müəllim bir müddət Ağstafa rayonunda işləmişdir. Heydər Əliyev Mərkəzinin direktoru.

Qazaxda olarkən həmyerlisi olan Qazax rayon Məhkəməsinin sədri Nemət Musayevlə görüşdü. Bir vaxtlar Kürdəmir rayon Məhkəməsinin hakimini əvəz edəndə, o, orada məhkəmə katibi işləyirdi. İndi sakinlər tərəfindən haqqında xoş sözlər eşitdikcə sevinirdi.

Sonra da Qazax rayon Mərkəzi Kitabxanasında oldu. Kaş görəydiniz ki, onu necə qonaqpərvərliklə qarşıladılar:

- Əlisəfa müəllim xoş gəlib...

- Həmişə siz gələsiniz...

- Sevindirdiniz bizi...

Xeyli kitablarını ona göstərdilər. Çox oxunmaqdan köhnəlmiş, halsız hala düşmüşdü. Müəllif kimi kitablarının bu vəziyyətini görmək onun üçün xoş idi. Kövrək bir səslə dedi:

- Hiss olunur ki, burada oxucu, kitaba münasibət var.

- Əlbəttə ki...

Ancaq kitabların azlığı onu qane etmədi:

Çox təəsüf ki, bu kitabxanada kitablarımın sayı çox azdır. Əlli ədəd ola-olmaya... Onların da çoxunu özüm hədiyyə etmişəm.

Pıçıldaşdılar:

- Bəli...

Təzə kitabınız varmı?

- Bizə pay verəcəksinizmi?

Onlara bildirdi ki, Qusar kitabxanasında 200 ədəddən çox, Qubada 500 əhatəsində, Xaçmazda 400-dək kitabları var.

Qızlar səsləndilər:

- Belə niyə?!

- Bəs burada niyə az?...

- Belə ögey-doğmalıq olar?!

Onlara izah etdi ki, bəlkə də, bu elə vaxtında kitabxana rəhbərliyinin diqqətsizliyi səbəbindən olub. Elə qonşu Tovuzda 400-dək kitab var. Yəqin, Bakı Kitab Yayım Mərkəzi ilə əlaqələriniz zəif olub.

Oradan üz tutdu Qazaxın müasir tipli Poeziya evinə. Gözəl bina idi. Yerli, dostumuz, gözəl şair Barat Vüsal təşəbbüs qaldırıb... Qazax elinə Prezidentimizin hədiyyəsidir...

İçəridə tədbir keçirilirdi. O da keçib əyləşdi. Saz çalınır, şeir söylənirdi. Ancaq çox təəsüf ki, hər şey tez yekunlaşdı. Xeyli vaxt keçibmiş. Nahara az qalırdı. Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, şair Barat Vüsal onu öz həmkarları ilə tanış etdi. Hətta etirazlarına baxmayaraq onu öz şəxsi maşını ilə rayon avtovağzalınadək gətirəsi oldu. Taksi saxlatmağa imkan vermədi. Gur yağış yağırdı. Elə hey deyirdi:

- Heç yaxşı olmadı. Əyləşmədiniz ki, bir qismət çörək yeyək.

- Vaxt olar, əyləşərik inşallah. Lap kəndinizə gedərik.

- Nə gözəl olar...

Qazaxdan heç ayrılmaq istəmirdi. Qazax onun üçün ən əziz bir məkan idi. Oranı həmişə zülmətə açılan işıq pəncərəsi kimi təsəvvür etmişdi. Qori müəllimlər seminariyası... Sonra da Qazaxda onun filialının fəaliyyətə başlaması... Bu səbəbdən müəllimlərimizin əksəriyyəti qazaxlı olmuşdu. Dünyalar qədər ürəkdən sevdiyim sinif müəllimim Bahadur müəllim qazaxlı idi. Məşhur Əfəndiyevlərdən. Azərbaycanda səhiyyənin təşkilatçıları, Respublika xəstəxanasının qurucularından biri, uzun müddət həmin səhiyyə müəssisəsinə rəhbərlik etmiş şəxsin yaxın qohumu idi. Qardaşı məşhur həkim, sevilən mütəxəssis idi.

Novruz müəllim də Kürdəmir rayon Ərəbxana kəndində coğrafiyadan, kimyadan ona dərs demişdi. Gözəl pedaqoq, zəhmətkeş usta, qayğıkeş ailə başçısı idi. Rus klassiklərini o necə də gözəl mənimsəmişdi. Saatlarla L.Tolstoydan, F.Dostoyevskidən, A.P.Çexovdan söhbət açardı. Sevimli, unudulmaz, universitet müəllimi Vaqif Hacıyev də Qazaxdan idi.

Abad yollarla Qazaxa avtobusla getdiyim kimi də geri qayıdıram. Adam bu yollara, bu abadlıqlara baxdıqca fəxr edir, öyünür. 44 günlük Vətən müharibəsi hesabına Qarabağa, Şuşaya, Xankəndinə sahib olmuşuq. Xocalı bizimdi. Üçrəngli bayrağımız o şəhərlərdə, torpaqlarda məğrurcasına dalğalanır... Ulu Öndərimiz Heydər Əliyevi qürurla xatırlayırıq. Məqsədyönlü siyasəti gözəl bəhrələr verməkdədir. Prezidentimiz, Baş Komandanımız İlham Əliyevə, onun ömür-gün yoldaşı Mehriban xanım Əliyevaya hörmət, məhəbbətimiz əvəzsiz, sonsuzdur. Qalib xalqıq!

Dəmir yumruq öz işini gördü! Bu yolda minlərlə say-seçmə oğullarımız əbədilik qazandı, şəhid oldular. Analar, qızlar, gəlinlər... Onların narahat həyatı, ağlar göz yaşları... Yenə şükürlər olsun ki, Prezidentimiz sözlərini qətiyyətlə dedi. Əsl mənada bu işdə qətiyyətlilik göstərdi. Müharibədə iştirakçılarımıza, qazilərimizə can sağlığı xoşbəxt həyat arzulayıram.