Əlisəfa Azayev : - El aşığı!..

YAZARLAR 10:59 / 09.10.2024 Baxış sayı: 1451

Bəlkə də, hər aşıq üçün bu sözləri dəyə bilmirik.Gərək o aşıq söz-söhbəti, sənəti, yaradıcılığı, səsi, avazı ilə bizim qəlbimizi, ruhumuzu oxşasın ki, istər-istəməz onun haqqında xoş sözlər deyək, belə adlandıraq.Aşıq Haşım Qubalı həqiqi mənada belə sənətkarlardan biridir.

Taleyin qisməti ilə nə az, nə çox, düz iyirmi bir il şimal bölgəsində dövlət notariusu işləyəsi oldum. Əsas iş yerim Siyəzəndə olsa da, illərlə Xızı və Şabran (o vaxtlar Dəvəçi adlanırdı) notariuslarını da əvəz edərdim. Belə illərin birində bir aşıq gəldi yanıma.Səhv etmirəmsə, elə Aşıq Haşım idi. Mənim Kürdəmirdən olduğumu biləndə dedi:

- İnanın, altmışıncı illərin söhbətidi.Gəncədə (o vaxtkı Kirovabadda) konsertdə idik. Aşıq Şakir Hacıyev oxuyanda, necə səsləndi, avazla oxudu, meydan suladısa, istər-istəməz bir xanım yuxarı qalxaraq, onlara üz tutub dedi: "Ay camaat, ərim də burdadı, məni bağışlayın... Mən bu aşığı qucaqlayıb öpəcəyəm..."

Zal beləcə onu alqışladı.Qadın aşığı qucaqlayıb, bağrına basandan, öpəndən sonra kövrəlmiş, gözləri dolmuş halda əl edə-edə oradan uzaqlaşdı. Hiss olunurdu ki, aşığın səsindən necə təsirlənibsə, hələ də özünə gəlməyib.

Bu, mənim üçün aşıq sənətinə verilən ən böyük qiymət idi.İndi nəinki aşıqlara belə bir o qədər xoş münasibət göstərilmir.Heç məclislərə də bir o qədər aparmırlar.Onu da deyim ki, ancaq Aşıq Haşıma az-çox bu xoş münasibət bu gün də var. Onunla Siyəzənin, Şabranın xeyir-şər məclislərində dəfələrlə qarşılaşmışam.Haşıma da böyük xalq məhəbbətinin canlı şahidi olmuşam. Belə sətirlər yazan aşağı necə sevməmək olar:

Qartal qürurunun aşiqiyəm mən,

Qartala qüruru təbiət verir.

Yaraşır bu dağlar sənə qardaşım,

Ömrü, günü Allah qənimət verir.

Aşıq Haşım həmişə xalqla birlikdə olan, onun xeyrinə, şərinə yarıyan, bərk gündə ona əl tutan, yanında olan bir sənət adamı, sənətkardı.Üz-gözündən nur tökülən bu xeyirxah adamı həmişə xalq içində görmək olar.Əsl ziyalı, söz sərrafı olan bir adamdı.Onu bir müddət ekranlarda da gördük. Savadına, söz demək qabiliyyətinə də bələd olduq:

Əyrinin bəs kimə nə xeyri,

Düzlərə həmişə ehtiyac olur.

Bəs nədən meşədə yaşayır əyri,

Kəsilən həmişə düz ağac olur?!.

Aşıq Haşım həmişə xalqa yaxın olub.Onun rəhbərlərini alqışlayıb.Əyriyə beləcə əyri qiymətini, düzə düz qiymətini verib.Onun təbiətinə saflıq, düzlük hakimdi.Belələri heç vaxt ikiüzlülük, yaltaqlıq, yalaqlıq edə bilməz.Qubada doğulub, boya-başa çatsa da, şüurlu həyatının dəmək olar ki, çox hissəsini Şabranda keçirən Aşıq Haşım beləcə əsl Aşıq Şakir həyatı yaşayıb.Aşıq Şakir də Ağsuda doğulsa da, əmək fəaliyyəti Kürdəmirdə olmuşdur.

O vaxt dəmir yolu hesabına Kürdəmir əsl mədəniyyət mərkəzi olduğu kimi, Dəvəçi də neft sənayesinə görə öncül idi. Siyəzəndə (onda birlikdə idilər) NQÇİ kimi çoxminli fəhləsi, mühəndisi, texniki işçiləri olan bir təşkilat fəaliyyət göstərirdi burada.

Aşıq Haşım həqiqi mənada haqq, həqiqət yolçusudur.Bunun izlərini onun çoxşaxəli yaradıcılığında da duymaq, sezmək olar. Bu adı şərəflə daşıyan vəkillərimizə həsr etdiyi "Vəkillər" şeirində də gözəl demişdir:

Haqqın, həqiqətin keşiyindədir,

Haqsızlığa quyu qazır vəkillər.

Haqsız olanlara haqqı göstərir,

Qanun ağacından asır vəkillər.

Aşıq Haşım həqiqi mənada əqidəli adamdı.Onu heç vaxt yersiz danışan, mənasız sözlər, ifadələr işlədən görməzsən.Mən şəxsən onu Ulu Öndərimiz Heydər Əliyevin vaxtında olduğu kimi, Prezidentimiz İlham Əliyevin vaxtında da belə gördüm.Onların hər dəfə bu rayonlara gəlişində gözəl şeirlər, qoşmalar, gəraylılar deyən aşıq, bu gün də bu sevgi, təmizlik, eşqlə çalıb-çağırır, xalqı, camaatı ilə bir yerdədir.

Aşıq Haşım Qubalının tam adı Haşım Səftər oğlu Balasıyevdir.7 oktyabr 1946-cı ildə Quba rayonunun Rəngdar kəndində anadan olmuşdur.Yaradıcı sənətkar, aşıq, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisidir.1957-ci ildən kəndlərindən səkkiz kilometr uzaqlıqda yerləşən Xaltan kənd yeddiillik məktəbində təhsilini davam etdirərək, 1964-cü ildə Qonaqkənd orta məktəbini bitirmişdir. Onun "Vəkillər" şeirinin sonrakı bəndində oxuyuruq:

Qoruyur vətənin qanunlarını,

Dara düşənlərin qayğılarını.

Bəzən hakimlərin qərarlarını,

Qanunla, sübutla pozur vəkillər.

Əlbəttə, Sovet hökumətinin çöküşü, dağılması ilə müstəqillik qazanıb, sonra da yeni dövlət quruculuğuna başlamışıq.Bu sahədə Millət vəkilləri də, sadə vəkillər də hədəfi bir nöqtəyə vurmalıdırlar ki, qanun-qaydalarımızın işlək mexanizmi hazırlansın, qanunlarımız icra olunsun. Axı bizim ali məqsədimiz hüquqi dövlət qurmaqdır! Bu yolda riyakarlığa, ikiüzlülüyə, saxtakarlığa, bürokratik əngəllərə yer olmamalıdır!

Bir dəfə Aşıq Haşım Siyəzəndə notariat kontoruna gəldi. O vaxt oranın dövlət notariusu seyid adam, yaşlı bir kişi idi. Şair təbiətli bu adamın hərəkətləri bəzən heyrət doğururdu.Mənim də ona böyük hörmətim olsa da, fəaliyyətindən heç də hamı razılıq etməzdi. Sadəcə onu deyim ki, il boyu sakinlər gözləyərdilər, o, nə vaxt məzuniyyətə çıxacaq. Çünki həmin vaxtlar notariat işi Siyəzənə həvalə edilirdi. Bircə onu deyim ki, bir il ərzində cəmi on beş alqı-satqı müqaviləsi təsdiq etmişdi. Mənə həvalə olunduğu bir ay müddətində yüzdən artıq ev, mənzil, torpaq, başqa əmlak alqı-satqısı etdim. Bir sözlə, mən alqı-satqı üçün yüz manata yaxın pul, dövlət rüsumu alırdım, o isə üç yüz, dörd yüz, bəzən beş yüz manat. Deyirdilər ki, daha çox elə sonuncu rəqəmi alırdı.

Bilirsiniz, seyid, ocaq adamı idi.Camaat böyük-kiçik bilən idi.Ona qarşı çıxmaq istəmirdilər. O da bu münasibətdən sui-istifadə edirdi. Orqan işçiləri ilə tam ziddiyətlə işləyirdi. Arada ona böyük bir bədbəxtlik üz verdi. Oğlanlarından biri itkin düşdü, tapılmadı.Həmin oğlu bir neçə arvad alıb-boşayıbmış.

Bir dəfə bir bakılı söhbət edirdi ki, bir vərəsəlik vardı, bizi qoymuşdu yollarda.Axırı əlacım kəsildi.Bir diplomatı bəndurum pullarla doldurub onun yanına getdim. Söhbət yenə də baş tutmayanda, böyüyəndə diplomatın ağzını açıb dedim: "Nə qədər lazımdı götür, bizim işimizi, icra elə". Söhbət yenə də alınmadı, bir nəticə vermədi, onu qucaqladım boğmaq istədim.Dərhal polisə zəng çaldı, ətrafı polis nəfərləri bürüdü.Ağasalam qapını bağlayıb, açarı cibinə qoymuşdu ki, biz qaça bilməyək.Birinci elə reyestr idarəsinin rəisi Vəli Vəliyev gəldi. Sonra da başqaları...

Həmin adamın sözlərinə bütünlüklə haqq qazandırmaq fikrində deyil.Notariat işinin çətinlikləri var. Ola bilsin ki, elə sənəd tələb edib, deyib, onlar gətirə bilməyib. Məsələn, elə bir dəfə onun qızının ev alqı-satqısını elə o icra elədi. Çünki onu atası icra edə bilməzdi.Qızı da çox gözəl, alicənab, mədəni bir qız idi.Hansısa televiziyada işləyirdi.

Bəli, Şamaxı Pedaqoji Məktəbində oxuduğu illərdə Haşım burada Sənəmoğlu Murad, Aşıq Ağapaşa, Aşıq Ağakərim, Aşıq Məmmədağa kimi sənətkarlarla tanış olur, ünsiyyət yaradır, yaradıcılıqlarından bəhrələnir. Bir dəfə görüşəndə ondan soruşdum:

- Şamaxı Pedaqoji Məktəbi nə vaxt qurtarmısan?

Dedi:

- 1965-ci ildə.

- Mən 1970-ci ildə qurtarmışam.

Hətta ona özümlə bağlı bir hekayət danışdım:

- Təxminən üç yüzə yaxın tələbə idik. Zalda əyləşmişdik.Məktəbin direktoru, tarix elmləri namizədi Əziz Kərimov builki qəbul olunanları sorğu-suala başladı.Səviyyəni bilmək istəyirdi.

- Bəli, belə sorğu-suallar olurdu.

- Birinci... İkinci... Üçüncü suallara mən cavab verəndə, dedi: "Əyləşmə, de görüm hansı rayondan gəlmisən?"

Dedim ki, Kürdəmir rayonundan gəlmişəm. Soruşdu: "Hansı orta məktəbdə oxumusan?" Dedim: "Mollakənd kənd orta məktəbində. Tarix müəllimim də İbrahimxəlil Hüseynov olub".Müəllim soruşmasa da, müəllimimin adını deməyi özümə borc bildim.

- Çox gözəl...

- O vaxtlar Şamaxının əsl intibah, dirçəliş dövrü idi. Yaxşı gecələr, tədbirlər keçirilirdi.Pedməktəb adından bütün tədbirlərin aparıcılığı mənə tapşırılardı.

- Əla...

- O vaxt Moskva - SSRİ İttifaq Sovetinə deputat olan böyük bəstəkarımız Qara Qarayevlə seçicilərin görüşü idi. Həmin tədbiri də "Şirvan" kinoteatrında mən aparası oldum.Bu yaşa kimi o qədər insan görməmişdim.Zal adamla dolu idi.Ayaq üstə duranlar da vardı.

Bu vaxt qulağına bir səs, səda gəldi. Sanki Aşıq Haşımın şeirindən deyirdilər:

Qıymazlar toxuna haqsızlıq elə,

Arxa dayanırlar qanunlar elə,

Məcəlləyə baxıb alın təriylə,

Dəqiq necə varsa yazır vəkillər.

"Vəkillər" şeirinin beləcə uğurlu alınmasına görə Aşıq Haşıma minnətdardı! Həqiqi mənada vəkillər hüquq aləmimizin həm qara fəhləsi, həm də şahidi! İşinin adını bilən vəkillərimiz istər həyatda, istər istintaq, məhkəmə prosesində yanakı gedən prokuroru, hakimi elə susdurur, yerində otuzdurur ki!..Belə vəkillərimizi həyatda az-çox görmüşdü. Kürdəmirdə, elə Siyəzəndə də hakimi əvəz edib, məhkəməyə sədrlik edəndə... Əslən Kürdəmirdən olan respublikamızın şöhrətli vəkili Teymur İsmiyevi kim tanımırdı?!.Onun səs-sədası nəinki buradan, Moskvadan, İttifaq miqyaslı təşkilatlardan gələrdi.Deyilənə görə, o vaxtlar əlliyə yaxın ölüm işini həbslə əvəz etdirə bilmişdi.

Hakimlər onu görəndə böyük hörmət-izzətlə, ehtiramla ona yaxınlaşar, görüşər, hal-əhval tutmağa çalışardılar.Vəkil Teymur İsmiyev hər işə baxan vəkil deyildi. O hansı bir işə vəkillik edərdisə həmin işə baxan hakim istər-istəməz təsirlənər, ehtiyatlanardı. Deməli, işdə prosessual pozğunluq, qanunsuzluq var. Nə isə düz, qaydasında deyil. O, qapı önündə görünüb, sadəcə deyərdi: "Hakim, məlumatınız olsun ki, bu şəxsin vəkili mənəm".

Bir dəfə əslən Sabirabaddan olan, hazırda da Əl-Riyad şirkətində işləyən Əlibəy Siyəzənə həmin şirkətin nümayəndəsi kimi gəlmişdi.Torpaq alqı-satqısı üçün. Onun Kürdəmirdən olduğunu biləndə dedi:

- Yeniyetmə vaxtı Bakıda bir məhəllədə qarpız satırdım. Həmin məhəllədə yaşayan bir həmyaşıdımla dostluq edirdim. Bir gün o mənə dedi ki, babam vəkildi. Doğrusu onda onun sözlərinə bir o qədər əhəmiyyət vermədim.Dayım həbs olunanda, bu söhbət yadıma düşdü.Beş min pul, bir qoyun istəmişdilər. Qoyun öz yerində, beş mini düzəldincə bizimki bizə gəldi. Həmin oğlana vəziyyəti deyəsi oldum. Babası vəkilliyə razılıq verdi.

Məhkəmə günü həmin kişini gördüm.Hamışə məndən qarpız alar, razılıq edərdi. Soruşdu: "Bu adam sənin dayındı da?" "Bəli" dedim. Dedi: "Onun heç bir təqsiri yoxdur, sadəcə məsələni şişirdiblər..." Demə, dayısının kassadakı çatışmazlığı köhnə pulla hesablanaraq külli miqdarda edibmiş.

Vəkil Teymur İsmiyev hakimin qapısını döyüb, açaraq dedi: "Hakim, nəzərə al ki, bu işin vəkili mənəm". Hakim dərhal yerindən qalxaraq ona tərəf can atdı:

- Teymur müəllim, xoş gəlmisiniz, buyurun içəri.

- Yox, çox sağ olun... Zalda əyləşəcəyəm.

- Bir stəkan çay içərdik...

- Minnətdaram...

Adətən belə işlərdə heç o zala da girməz, vəsadətini yazılı şəkildə məhkəməyə təqdim edib gedərdi. İndi isə kefi kök halda sanki onunla zarafatlaşırdı:

- Hə, belə-belə işlər, cavan oğlan.

- Çox sağ olun.

- Dəyməz... Vəzifəmi icra edirəm də...

Bu vaxtı məhkəmədə ciddi narahatçılıq vardı.Beş min pul qaytarılmış, qoyundan imtina edilmişdi.Qohumları onun üstə düşüb töhmətləməkdə idilər. Xüsusilə atası:

- Yaramaz, işləri korladın... Hakimlə danışmışdıq...

Bu sözlərdən elə pis olmuşdu ki.Yenə də ona ürək-dirək verən vəkil Teymur İsmiyev oldu.

Sonda hər şey dayısının xeyrinə oldu.Ona bəraət verdilər. Atasıgilə yalvarırdı:

- Heç olmasa bu qoyunu vəkilə verin də...

Ona acıqlanırdılar:

- Kəs!..

- Sakit!..

- Hələ bilmək olmaz!.. Heç nədən hakimi dilxor eləmiş, qəzəbləndirmisən!..

Bu yerdə yenə də Aşıq Haşımın "Vəkillər" şeirindəki misralardan yada düşür:

Nə dərdiniz varsa onlara deyin,

Yeməzlər namərdin duzun, çörəyin.

Aşıq Haşım deyir müstəqilliyin,

Keşiyində durub hazır, vəkillər!

Bir də onun bu şeiri... "Yol ver getsin":

Aşıq dostum toyda hər adam olur,

Nadanı, qanmazı yola ver getsin.

Fikir vermə artıq söz atanlara,

Qalsan da narazı, yola ver getsin.

     

Ruzi, qisməti yaradan yazıb,

Pullu çox görmüşəm yolunu azıb.

Toy var aşdım-daşdım, toy da var kasıb,

Görmüsən çox, azı, yola ver getsin.

 

Kişi var qanmayır, özü neyləyir,

Ağzına gələni deyir, küyləyir.

Araq tülküləri aslan eyləyir,

Gördün çoxdu qazı, yola ver getsin.

 

Adam var saz dinir, ürəyi gedir,

Adam da var bilmir, inan, saz nədir.

Haşım, "Kərəmi" çal, "Şikəstə" dindir,

Gördün qanmır sazı, yola ver getsin.