Əlisəfa   Azayev : - BACANAQLAR

Ədəbiyyat 15:49 / 11.08.2024 Baxış sayı: 1351

 

Bacanaqlardan biriBöyükbəylə   rayona gəldiyi ilk günlərdə görüşüb tanış olmuşdu. Bir vaxtlar pedaqoji məktəbdə oxuduğu müəllimənin həyat yoldaşı idi. Özü də sürücü işləyirdi. İlk gündən bu ailənin sadəliyi, səmimiyyəti ona xoş gəldi. Hərdən ailəlikcə bir-birlərinə qonaq gedər, şirin söhbət edə-edə Allahın verdiyindən yeyib-içərdilər. Belə söhbətlərin, görüşlərin birində Böyükbəy dedi:

  • Müəllim, bizim qayınana öz evini nəvəsinə-bizim oğlumuza vəsiyyət etmək istəyir.
  • Müraciət etsin, baxarıq... Yazıb təsdiq edərik,dedi.
  • Bilirsiniz də, onun oğlu yoxdur. Evində elə kiçik qızı yoldaşı ilə qalır.

Məsələ tək bunda deyildi, onun ortancıl qızı da evə iddialı ola bilərdi. Onlardan xəbərsiz bu işin görülməsi, söz göstərən heç də xoşuna gəlmədi. Vəsiyyətnamə gizli qoyulsa da.

İlk günlərdə olduğu kimi sonraki günlərdəailələri arasındakı qarşılıqlı münasibətlər- xoş, ürəkaçan get-gəllər davam etməkdə idi. Bir gündə üçlükdə dağ kəndindəki dayısı oğlanlarıgilə qonaq getdilər. Bir müddət sovxoz direktoru işləmiş Yaqub da ilk tanışlıq zamanı onu qarşılayanlar arasında olmuşdu. Yeyib-içməyi sevən, kefqomun birisi idi. Məzəli, hikmətli sözlər deməyi vardı. Ailələri də istiqanlı, xoşrəftar idilər. Nişanlı qızı gözəlliyi, səliqə-sahmanı, davranışı ilə başqalarından fərqlənirdi.

Onlar həmin kənddə olduqları müddətdə gözəl məkanda yerləşmiş bu evin ikinci mərtəbəsindən rayon mərkəzini, mavi Xəzəri seyr edərdilər. Buradan onların gözəl panoramansı görünərdi. Xüsusilə gecələr rayon mərkəzi daha çıraqban, işıqlı görünürdü. Havası da bir aləm idi. Sanki dənizin təmiz, yodlu havası ilk növbədə bura vurur, insana xoş əhval-ruhiyyə, təsəvvür edilməz bir gümrahlıq gətirirdi... Ev sahibi soruşurdu:

  • Necədi? Kəndimiz xoşunuza gəldi?
  • Əlbəttə ki. Gözəldi. Xüsusilə havası. Buradan ətraf necə də gözəl görünür.
  • Kənddə bircə su hərdən problem yaradır. O da qışda qar olmayanda. Onda bulaqdan su az, zəif gəlir.

Deyəsən, elə bu il də belə idi. Onların evinin yaxınlığında yerləşən bulağın başında bir neçə qız-gəlin cəmləşmiş, su gətirmək üçün növbə gözləyirdilər. Gülümsər halda dilləndi:

  • Hər halda bulaq suyu başqadı?
  • İçməmisən?
  • Hələlik yox.
  • Bu dəqiqə təşkil edərik.

Su sərin, əla idi. Bir qədər içəsi oldu. Sonra da bolluca süfrə arxasında əyləşdilər. Kənd qatığı, qaymağı, üzlü pendiri daha dadlı, ləzzətli idi. Ət xörəyindən daha çox belə şeyləri xoşlayırdı. Payızın isti havasında sərin qatıq ləzzət verirdi. Göy-göyərti, əla hazırlanmış şor, yumşaq çörək...

Onların köhnə yaşayış məntəqəsində olmaları, kəbab çəkmələri, xartut yığıb, yemələri də yaddaqalan idi. Aldıqları iri qarpız əlindən çıxıb yerə çırpılaraq necə də bölünmüş halda aşağı dığırlandı. Yaxşı ki, yer təzə biçilmiş taxılın küləşi, saman ilə döşənmiş kimi idi... Saralmış otlar da üstəlik...Onları götürüb bulaq başına gəldilər. Burada bir neçə qaramal su içirdi. Onları görüb həyəcanlanmış halda baxışdılar, oradan uzaqlaşdılar. İnəklər, deyirlər necə də kök, sağlam idilər. Bir öküzün boynunda zınqırov vardı. Yeridikcə hey səslənirdi.

Bacanaqlarla beləcə hərdən boş vaxtlarında, xeyir-şərdə görüşərdilər. Bir dəfə dəstələşib rayon mərkəzi yaxınlığındakı dağa qalxmışdılar. Elə gəzə-gəzə, pay-piyada. Buranın uzaqdan görünən mənzərəsi, yaşıllığı çox gözəl idi. Onda qayıdanda hamı yorğun, sakitlik içində idi. Güləş, baməzə ortancıl bacanaq Balaş dedi:

  • Bir gün doqquz bacanaq yol gedirlərmiş. Birdən onlardan biri deyir ki, bir adam olsaydı, söhbət edərdik.

Onun bu sözlərinə gülüşdülər:

  • Ə, nə deyib.
  • Söyüşdü də...
  • Yəni bunların arasında bir kişi olmayıb da.

Bax beləcə bir-birlərinə zarafat etməkdən ləzzət alardılar. Əslində bu bacanaqların arası bir o qədər sərin olmaz, mehriban idilər.

Bir gün də qayınanaları yanına gəldi ki, evlərini nəvəsinə vəsiyyət edir. Necə lazımsa eləcə də vəsiyyətnaməni yazıb təsdiq elədi. İmza edəndə bu mehriban, duzlu-məzəli qadının lap əlləri əsirdi:

  • Bu şoğərib lap əlimdə əsir ki.
  • Bəlkə, o yox... Sizin əlləriniz əsir.
  • A bala, nə desən ola bilər. Yaş keçib də... Daha yaşlaşmışam, qocalmışam...
  • Çox da onun yaşlı göstərmə. Həmişə beləcə sağlam, gümrah ol.
  • Daha o gümrahlığımdan nə qalıb ki? Allah balalarımı, sizinkiləri saxlasın.
  • Amin.

Ondan az sonra, bir gün də Böyükbəyin atası İxtiyar kişi bir neçə yaşlı adamla yanına gəldi. Qızına kənddəki evlərini vəsiyyət etmək istəyirdi. Olduqca söhbətcil, baməzə kişi idi. Onda da xeyli söhbətləşib, dərdləşdilər. Kişi özünəməxsus bir tərzdə gülümsəyərək deyirdi:

  • Bu köpəkoğlu mənə yaxşı baxmır da. Düşüb arvadının təsiri altına.
  • Ola bilməz.
  • Hə... Ona bir acıqlan da.
  • Yaxşı... Deyərəm...

Əslində kişiyə heç də pis qayğı göstərmirdilər. Həyat yoldaşını itirəndən sonra təklik onun üçün çətin, ağır idi. Nə qədər eləsələr də,onların yanına gəlməz, elə həmin həyətdəcə ayrı yaşayardı.

Bacanaqlardan ev daha çox elə kiçik bacanağlarının idi. Ortancıl bacanağın var-dövlətdə bir o qədər gözü olmasa da, həyat yoldaşı pula, qır-qızıla alüdə idi. Bilsəydi ki, anası evini böyük qızın oğluna vəsiyyət edib, aləmi bir-birinə qarışdırardı. Onun da bir oğlu vardı. İstərdi ki, həmin ev onun oğluna qalsın.

Bir gün yenə onlarda cəm olmuşdular. Bolluca süfrə arxasında yeyib-içəndə, artıq içkinin təsirindən hallanmış Böyükbəy birdən ev məsələsindən söhbət salmağa səy göstərdi:

  • Müəllim, bizim o qayınana da... Onda...

Dərhal ona toxunaraq, göz-qaş edərək bildirdi ki, belə söhbətləri burada etmək olmaz. Yaxşı bilirdi ki, vəsiyyətnamənin icrasından söhbət açmaq istəyir. Halbuki hələ arvad sağ idi. Neçə dəfə demişdi ki, belə işlər vəsiyyət edənin ölümündən altı ay sonra icra olunur.

Böyük bacanağın qəribə baxışı, məzəli danışığı vardı. İçki içəndə hərdən beləcə özünü unudan kimi olardı. Belə hallarda ondan qəbahətli bir hərəkət görməsələr də, ehtiyatlanardılar. Sürücü adam idi. Öz zəhməti ilə ailə saxlayırdı. Bəzən də günlərlə, həftələrlə işə çıxmazdılar. Soruşanda, deyərdi:

  • Necə dolanırıq?! Necə dolanacağıq ki, maşının gündəlik benzinini satıb yaşayırıq da.

NQÇİ beləcə xıl idi. Benzini, yanacağı su yerinə işlədir, ona-buna paylayır, satırdılar ha. Arada bu özbaşınalıq, səhlənkarlıq səbəbindən neçə adam tutulsa, müdiriyyət dəyişilsə də, orada əsaslı bir qayda yaradıla bilmirdi. Sanki orada hələ də sovetin qayda-qanunları hökm sürməkdə idi.

Böyükbəy tək işləmirdi. Həyat yoldaşı şəhər orta məktəbin sayılıb-seçilən müəllimələrindən idi. Ayda nə qədər əmək haqqı alırdı. Üstəlik də atasının pensiya pulları. Düzdür, kişi pullarını həmişə ona vermirdi. Ancaq bir çətinliyə düşəndə, pul lazım olanda əl tuturdu. Böyükbəy də gündə bir həvəsə düşürdü. Bir dəfə də inək almaq həvəsinə düşdü. Doğandan sonra həmin inəyin süd-qatığından, onlara da pay gələrdi. Onlarda olanda yaraşıqlı inəyin, balaca körpə buzovun tamaşasına durar, onu sığallayar, oynadardılar. İnək balasına yaxınlaşmağa imkan verməz böyürərdi.

  • Yaxşı sakit... Balanla işimiz yoxdur... Aparmırıq...Səninlə qalacaq...

Oğlanları Taryelin evlənməsi nə vaxtdan bəri idi ki, müzakirə mövzusu idi. Qız da tapılmışdı. Əslən öz rayonlarından olsalar da, Sumqayıtda yaşayırdılar. Gözəl-göyçək, ağıllı bir qız idi. Heç Taryelə yaraşmırdı. Həyat yoldaşı bir dəfə özünü saxlaya bilməyib demişdi:

  • Yaxşı deyirlər ki, yemişin yaxşısını qurd yeyər.

Onda oğlanı müdafiə etmişdi:

  • Deyirsən də. Tarbalaya nolub ki? Oğlanın, kişinin igidi, qoçağı, qarası gözəl olar.

Onların toy günü əsl maraqlı, gərgin, yaddaqalan anlar yaşadılar. Özü də gəlin gətirməyə gedəndə həyat yoldaşı dedi:

  • Gəlini bizim maşında gətirmək istəyirlər.

Onların “QAZ-31” maşını qara rəngdə idi. Adətən belə rəngli maşında çoxları gəlin gətirməyə meyilli olmaz, ağ rəngli maşınlara üstünlük verərdilər.

  • Bu qaradı axı,-dedi.
  • Nə bilim, belə istəyirlər də.
  • İstəyirlər, gətirsinlər də.

Onda onlar Sumqayıta gəlin gətirməyə gedəndə vaxtilə onların qohum olduqları ailənin əvvəllər yaşadıqları kənddə sovxoz direktoru olmuş, başı bəlalar çəkmiş, AğamoğlanınJiquli” maşınına mindilər. Video çəkən qabaqda əyləşmiş, onlar həyat yoldaşı ilə arxada əyləşmişdilər. Baməzə sabiq sovxoz direktoru gəlini gətirəndə lap ağ elədi. Sürətlə gedən gəlin maşınında əyləşmiş oğlanın atasının ünvanına söyüb-söylənməyə başladı:

  • Buna baxın da. Bundan qayınata olacaq. Deyən lazımdı ki, ay əclaf, orada oturmusan de ki, bu maşını bir az yavaş sürsünlər ki, bu video çəkən yazıq da lentə çəkə bilsin də.

O nə qədər “Jiqulinin sürətilə sürsə də, “QAZ-31”ə çata bilmirdilər. Təsirlənmiş halda dedi:

  • Bax... Görürsünüz də... Bu sürücü lap ağ edir də.
  • Yenə başladı da...-deyə həyat yoldaşı gileylənəndə, sabiq sovxoz direktoru Böyükbəyin ünvanına yenə də gileylənməyə, söylənməyə başladı:
  • Hamısı o qabaqda oturan ağsaqqal vicdansızın təqsirindəndir. Saqqalı ağartmaqla deyil ki, adamın gərək ağlı, düşüncəsi ola.

Əslində şəhərdən çıxana qədər maşın gurluğu da onlara mane oldu. Küçələr maşınla dolu idi. Elə yolda da “QAZ-31” çox sürətlə gedir, ona çata bilmirdilər. Rayonun giriş qapısı yanında bəyin maşını dayananda, sovxoz direktoru yerə düşüb onun atasını o ki var töhmətləyəndə, Böyükbəy heyrət içində deyirdi:

  • Ə, bu nə danışır. Bəyəm biz bir o qədər sürətlə gəlirdik?

 Onun bu sözlərindən cana doymuş Ağamoğlan sürücünü sancırmış kimi dilləndi:

  • Ə, bir yazıq gəlinə, bəyə baxın. Qorxudan ikisinin də rəngi-ruhu qaçıb. Bəlkə də, lap alt paltarlarını da isladıblar. Onlar beləcə bəy otağına necə girəcəklər.

Sürücü bu sözlərdən sonra özünü saxlaya bilməyib, kənara çəkilərək gülməkdən uğunmuşdu.  Böyükbəy isə hələ heyrət içində idi:

  • Doğrudan?..– Oğluna yaxınlaşıb soruşdu:–Torbada vəziyyət necədi? Qorxulu bir şey yoxdu ki?

Oğlan özünə gəlmiş kimi dilləndi:

  • Düz deyir də... Bu maşını bir az yavaş sürdürə bilmirsiniz?!

Kimsə dilləndi:

  • Ələ, o sənin üçün çalışır da. Deyir ki, bəy otağına tez çatsınlar.
  • Hə də...
  • zən olsun...
  • Nə dedin...

Həmin gün toy beləcə deyə-gülə yekunlaşdı. Xoşbəxt olsunlar. Ancaq Taryelin ev məsələsi hələ də bir tərəfə çıxmamışdı. Nənəsi dünyasını dəyişəndə o, burada yox idi. Avtoqəzaya düşmüşdü. Artıq arvadın qırxı da çıxmış, neçə aylar keçmişdi. O da uzun müddət yataq xəstəsi olmuşdu. İki ay Bakıda, üç ayda rayonlarında. Arvadın ilini gözləyəsi oldu.

Onda da işdən çıxa bilmədi. Axşamüstü onlara gəldi. Qohumlar getmişdilər. Kiçik bacanaq Rəsulla elə həyətdəcə stol arxasında əyləşib çay içməyə, gün-güzəranından, mərhumənin xeyirxah bir insan olmasından danışmağa başladılar. Qadın son günə kimi onlarla yaşamışdı. Əslindəelə ev bunlara lazım idi. Kiçik qızı da onlara çay verəndə maraqlandı, elə kürəkəni də... Dedi:

  • Heç narahat olmayın... Sonra da qızına üz tutdu.-Burada yaşayırsansa, qediyyatdasınızsa, evdən pay götürəcəksiniz.

Kürəkən gileyləndi:

  • Bizi evdən çıxartmaq istəyirlər.
  • Heç kim sizi buradan çıxara bilməz. Bu yalnız məhkəmənin işi ola bilər. Ona da elə bir əsas yoxdur.

Elə oradan da maşına minib kəndə, mərhumənin qəbrini ziyarətə getmək istəsə də, maşın dağ kəndinə qalxa bilmədi. Qızan kimi oldu. Nəvəsi dəonlara yol göstərmək üçün yanlarında idi. Kor peşman geri qayıtdılar. Başqa günə qalsın dedilər.