Əlisəfa Azayev : - Ağır itki...

YAZARLAR 10:35 / 02.10.2024 Baxış sayı: 1828

Heç vaxt bu qədər ağrınmamış, təəssüflənməmişdim, Rafiq!.. Sənin vaxtsız dünyanı dəyişməyin inan ki, ürəkdən kövrəltdi, ağlatdı bizi... O bəd xəbəri gecəyarısı eşidəndə qızım... Gəlinin olan Aytən nə hala düşmədi, İlahi! Onu sakitləşdirmək əsla mümkün deyildi. Mən dedim ki, o ağır xəstələnəcək, əsəbləri tamam pozulacaq, havalanacaq. Göz yaşları içində çırpına-çırpına səsi bütün məhəlləni götürmüşdü Kürdəmirdə... Onda bizdə idilər, qonaq gəlmişdilər... Hələ doyunca görüşüb, bağrına basmadığın, uğurlarına bir o qədər sevinmədiyin dərs əlaçısı olan, nəvələrin İsa, Nur balalar... Ah, İlahi, məsləhət sənindir... Ancaq niyə belə oldu?!. O, hələ min bir zəhmətlə tikdirdiyi təzə evinə bu günlərdə köçəcək, nişanlı oğluna toy edəcəkdi axı...

On iki illik qohumluq müddətində, bəlkə də, ondan acı bir söz eşitsəydi bu qədər təəssüflənməzdi! Hər bayramlarda onu, ailəsini təbrik edərdi. Çox çalışardı ki, həmişə onu qabaqlasın. Ancaq bu heç vaxt mümkün olmazdı.

Oğlu Ramin Kürdəmirdə işlədiyi üçün ailəsi burada qalanda hər il uşaqların ad gününə gələrdi. Hətta bəzən gileyli halda deyərdi: "A qardaş, daha bu qədər yox da... İş adamısan, yollarda qalmısan. Üç yüz kilometr bura, bir o qədər də geri. Gəzib-dolanmaqla yeddi yüz kilometrə çıxır. Elə bunun benzin pulu zarafat gəlirmi sənə?" Gülümsəyib deyərdi: "Hamısı qurbandı onlara..."

Həmin o acı, ağrılı xəbəri eşidəndə kaş onların nə günə düşdüklərini görəydiniz. "Baba!.. Baba!.. - deyə fəryad qopartmaqda idilər.

Ailənin ağsaqqalı, böyük qardaş Ağaşir kişi sayılardı. O da avtoqəzadan aldığı xəsarətdən dünyasını dəyişdi. Çox gözəl, məzəli, dünyagörüşlü bir insan idi. Sonra da həyat yoldaşı Münəvvər xanım dünyasını dəyişdi. Bütün bunlar, əlbəttə, Rafiq üçün də böyük ağrı-acı idi.

Qardaşı Cavanşirin gənc qızını itirməsinin də hey kədərini yaşadı. Üzü tüklü, saqqallı olardı. Dinəndə də deyərdi: "Nə edək, əlimizdən nə gəlir ki?.. Allah səbrlərini versin... Həyatdı da... Gedənlərimizi saxlaya bildik ki?.."

Bir dəfə onunla Ağaşir kişinin qəbri üstə getdilər. Siyəzəndən Çıraq Qalaya gedən yolun sağ tərəfində, yaşıllıqlarla örtülü bu qəbiristanlıq daha çox elə Sağlocan kəndinin ölülərinin məskəni idi. İndi orada özü uyuyur...

Aminlə məzarını ziyarət edəndə istər-istəməz aşağı əyildi, quru torpaq üzərinə çökdü... Baş daşını qucaqladı, öpüb-oxşadı... Onun dəfn olunduğu torpağı sığalladı, ovxaladı, yumşaltdı... Sanki bütün bunlarla bu ağır müsibəti yüngülləşdirməyə çalışırdı... Ona xitabən deyirdi:

- Həmişə işlədiyin o aqreqatdan söhbət açar, danışardın... İndi sənə niyə beləcə etibarsızlıq elədi... Partladı... Yanğın törətdi... Səni də yandırıb, həlak elədi...

Səs eşitdi... Sürücünün səsi idi:

- Müəllim...

- ...

- Gəl gedək...

- ...

- Ölənlə ölmək olmaz ki...

- ...

- Yaxşısını Allah bilir...

- ...

- Allah rəhmət eləsin...

- ...

- Allah qalanlarını saxlasın.

- ...

- Həqiqi mənada yaxşı oğul idi.

- ...

- Hərdən rastlaşırıq da...

- ...

- Başqaları işdən gələndən sonra istirahət edərdi... O isə maşını ilə hey hərəkətdə olardı...

Bax, adamı ağrıdan da elə bu kimi məsələrdi. Oğlu İntiqam ailəli, qız nəvəsi olsa da, kiçik oğlu Amil hələ nişanlı idi...

Qardaşı Cavanşir uzun müddət neftçi olmuş, indi təqaüddədi. Özü kimi mərd, təmkinli bir adamdı. Siyəzəndə dövlət notariusu işləyirdi. Uşaqların təhsili ilə əlaqədar pul lazım oldu. Ona ağız açası oldu. Dərhal tapıb gətirdi.

Ancaq bir məsələdə onun yanında üzüqara qaldı... Onda Siyəzəndə işdən çıxmış, Kürdəmirdə yaşayırdılar. Əvvəl bura gələn kimi, qayıdanda da havanı dəyişmək ona xoşagəlməz ağrı-acılar yaşatmağa başladı. Revmatizm od qoyurdu ona. Kefsiz, yorğun, qanıqara halda olardı. Bir gün belə günlərin birində Cavanşir ona zəng elədi:

- Əlisəfa müəllim, mənim nəvəm oradakı hərbi hissədə xidmət edir də... Bilirsən... Səhər onu görməyə gələcəyik...

- Gəlin də... Gözümüz üstə yeriniz var.

- Yollar buzlu olmasa yaxşıdı.

Həqiqətən də, qış ayı idi. Havalar çox soyuq keçirdi. Mən yoldaşım Rahiləyə dedim:

- Gərək, deyəydim ki, elə bu gün gəlin...

Rahilə fikrini bildirdi:

- Gəlsinlər... Ancaq yuxarı otaqlar qızdırılmır axı. Soyuq yerdə onlar necə yatacaqlar?

Bəli, əslində bu belə idi. Cavanşir də tək gəlmirdi. Həyat yoldaşı, qızı, uşaqlar da onlarla olmalı idi.

Hərbi hissədə işləyən, kürəkənimiz Hafizin bacısı oğlu Xəyalı, Cavanşirlə qiyabi də olsa, biz tanış etmişdik... Bu xəbəri barədə onu da məlumatlandırdıq. Evdəkilərə də tapşırıq verdik ki, lazımi hazırlıq görsünlər, səhər qonağımız olacaq.

Bir sözlə, qonaqları biz günortaya gözləyirdik. Andiçmədən sonra gələsi idilər. Ancaq saatlar keçdi, qonaqlar gəlib çıxana oxşamadılar. Stollar "bəzəkli" qaldı... Sonradan məlum oldu ki, Xəyal onları bir kafeyə aparıb. Orada yeyib-içib, geri qayıdıblar.

Bu xəbəri eşidəndə o qədər pis oldu ki. İlk növbədə Rafiq üçün... Axı Cavanşir də onun qardaşı idi. Belə olmamalı idi. Xəyalı görəndə o ki var onu töhmətlədi:

- Yekə kişisən... Adam adamı belə pis vəziyyətdə qoymaz. Bilmirdin ki, onlar bizə qohum adamlardı. Aytənin qayınatasının qardaşıgildi?!.

- Mən nə deyim... Dedilər ki, bizə yeməkxana tap, rahatlığı olsun. Mən də həmin kafeni göstərdim.

- Çox pis... Biabırçılıq oldu...

Bəli, həyatda elə şeylər var ki, onda səhlənkarlıq etmək olmaz. Qohumluqdan əlavə, iyirmi bir il həmin rayonda işləmiş, fəaliyyətdə olmuşdu. O rayonun imkanlısının, imkansızının da xətri onun yanında əzizdi.

Nəinki tanış, qohum, elə neçə yol keçənin telefon zənginə cavab vermiş, qulluğunda durmuşdular. Gücləri çatdığını burada, çatmayanı Kür sahilindəki doğma kəndlərinə aparmışdılar. Rəhmətliklər atası Soltan kişi, anası Durnisə arvad belə məsələlərdə çox həssas, qonaqpərvər idilər. Qapıdan içəri girəni min bir dillə danışdırar, qayğı göstərər, qulluğunda durardılar. Qardaş və bacıları da onlara oxşamışdılar. Qapıları həmişə qonaq-qara ilə dolu olardı.

Keçənə güzəşt, nə etmək... Belə gətirdi də... Təki bundan sonra belə olmasın.

Qardaşlardan Balaşiri də yaxşı tanıyır. Hacı Firudinlə birgə işlədiyi dövrdən. Hacıya qalmayan dünya, bizə də çətin qalar. Hacı Firudin çox səxavətli, xeyriyyəçi adam idi. Kimsəsizlərə, imkansızlara əl tutardı...

Bir dəfə onlarla bağlı bir hekayət eşitmişdi. Nə isə pulla bağlı mübahisə olur. Məktəb yaşlı oğluna müəlliməsi üçün aparmağa pul vermirlər, o da hirslənib pulu yuxarıdan - çoxmərtəbəli evdən aşağı səpələyir... Əsl pul yağışı imiş... Müxtəlif məbləğli dollarlar havada uçuşur, süzürmüş...

İndi onun yanacaqdoldurma məntəqəsi fəaliyyətsizdi... Bəli, gərək pul olanda da qədrini biləsən. Lazımi yerlərə sərmayə qoymağı, xərcləməyi biləsən. Biləsən ki, nəyə sərf edirsən.

Onda dövlət notariusundan əlavə, hakim əvəzi - məhkəməyə sədrlik etmək ona tapşırılmışdı. Bir gün həmin ailənin yaxını (o da hacı idi) - onun yanına gəlib, bir etibarnamə istədi. Sənədlər qaydasınca olmadığı üçün "yox" dedi. Hacı Tofiq dərhal Hacı Firudinə zəng çalıb vəziyyəti dedi. Telefon da açıq, səsdə idi. O gurladı: "Noldu başqa yerdə verə bildilər, burda yox?!" Mən daha özümü ələ ala bilməyib ciddi halda Hacı Tofiqə dedim:

- Hacı, nəzərə alın ki, Siyəzən rayonunun Xalq hakimi işdən azad olunub. Onu indi mən əvəz edirəm. Rəsmiyyətlə indi bu hərəkətinə görə azı on beş sutka həbs elan etməliyəm ona.

Hacı təsirlənmiş, rəngi avazımış halda:

- Səndən nə desən olar, çıxar... - deyə cəld aradan çıxdı.

Həqiqətən də, bu sahədə az-çox onun qətiyyətinə bələd idilər. Polisin paqonunu qopartmaq istəyənə cinayət işi qaldırıldı. Uzun müddət istintaq getdi. Yalnız həmin polisin hədsiz xahişlərindən sonra həmin işdə yumşalmalar, güzəşt edildi.

Sonra da bir xuliqanlıq işi. Ərköyünün biri üzüm tənəyi ilə çoxlarını alışdırmış, beləcə yersiz hərəkət, ərköyünlük etmişdi. Onu da cəzalandırdıq ki, bir də belə hərəkətlərin həvəsinə düşməsin.

Heyif səndən, Rafiq! Səd heyif! Beləcə dünyanı dəyişməyinə, yoxluğuna elə ağrınıram ki... Siyəzənə gələndə sanki bir qardaş yanına, doğmamın evinə gələrdim... İndi budur, yenə də məzarın yanında, ziyarətindəyəm. Nəm torpaq üstə çöküb baş daşını, qəbrin üstündəki narın torpağı sığallayıram... Əlimdən başqa nə gəlir ki?!. Allah qəni-qəni rəhmət eləsin sənə!.. Yerin cənnətlik olsun!..