Əlirza HƏSRƏT - ÖPDÜM

Ədəbiyyat 18:07 / 01.10.2026 Baxış sayı: 318

 

Xatirəsiz ayın,ilin,

Yaxasında qalıb əlin.

Gözümdən düşən gözəlin,-

Boş qalan yerindən öpdüm.

 

Bağbanı gəlincə bağın,

Nazın çəkdim son yarpağın.

Duman qucaqlayan dağın,-

Əriyən qarından öpdüm.

 

Bağlıdır yolu qəribin,

Bu yağış,dolu,qəribin.

Gözləri sulu qəribin,

Bu son xəbərindən öpdüm.

 

Adı yox bu məhəbbətin,

Mən divanə,sən də mətin.

Sevib Əlirza Həsrətin,-

Sözsüz şeirindən öpdüm.