Ehtiram Ilham : - Yorğunluq...

Ədəbiyyat 11:02 / 20.11.2023 Baxış sayı: 1261

Canımda yüz ilin yorğunluğu var,

Yüz ildir canımı üzür yorğunluq.

Nə mən yorğunluqdan bezib, tükəndim,

Nə məndən tükənib, bezir yorğunluq.

 

Canı sağ olmuşlar cana dağ çəkir,

Dağı sinəm üstən cağbacağ çəkir.

Hər gecə dağlayır,

hər sabah çəkir,

Özünə bir yuva gəzir yorğunluq.

 

Ağrısını aldım, ağrı görməsin,

Mən gördüm, kimsənin bağrı görməsin.

Düşmən də yazıqdı, yağı görməsin,

Olsun dost yolunda yesir yorğunluq.

 

Ehtiram ruhunu endirib sözə,

Düşdü çox ağıza, gəldi çox gözə.

Ağrıyan canıyla qaldı üz-üzə:

Bir həsir, bir Məmmədnəsir yorğunluq.

19.11.23.