Əbülfət MƏDƏTOĞLU : Şuşadan başlayan yol

YAZARLAR 13:21 / 22.09.2022 Baxış sayı: 1697

 

Şuşaya dönən yolun işığında

İllərin surəti bəzən bir göz qırpımı olur, bəzən də dəvə karvanı kimi ləngərləyir... Bax, bu iki məqamın içərisində isə bir ömür öz axarı ilə   dünyaya gəlişdən bir başlanğıc alır. Günlər həftələrə, həftələr aylara, aylar isə illərə qoşulur. Bir də başını qaldırıb görürsən ki, yeniyetməlik də, gənclik də əriyib gedib. İndi yaşın oturuşmuş, necə deyərlər dizin bərk vaxtıdı. Ona görə də həmin nöqtədən boylanırsan arxaya. Özü də elə-belə yox, ona görə boylanırsan ki, başlanğıcdan həmin yerə, həmin günə təzdən yol gələsən xatırlaya-xatırlaya, düşünə-düşünə... 
Mən də elə belə edirəm. Onun gəldiyi yolun əvvəlinə qayıdıram. Dostlarının, doğmalarının söylədiklərini, həmçinin tərcümeyi-halından öyrəndiklərimi başlayıram bir kino lenti kimi izləməyə. İlk eşitdiyim səs, ilk dinlədiyim söz respublikanın fəxri mədəniyyət işçisi Zahid Abbasovdan gəlir. Zahid müəllim deyir ki, professor Şünasi Xəlilov uşaqlıq dostumdur. Şuşada  Qurdlar  məhləsində böyümüşük. Düzdü o yaşda məndən böyükdür və qardaşımla futbol oynayanda mən onlar üçün top daşıyırdım. Özü də Şünasi müəllimin ən çox sevdiyi rəqəm yeddi idi. Ona görə də futbol köynəyinə yeddi yazmışdı. İndiki  kimi  yadımdadı ...onlar köynəklərinə rəqəmlər  yazmışdılar   Kamil 1,  Vamik 8, tahir 9, Hidayət  10, Vahid 11  nömrni  seçmişdi  özünə...Şünasinin İdmana böyük həvəsi olmasına baxmayaraq, məktəbdə onu həm də yaxşı oxuyan, savadlı şagird   kimi tanıyırdılar...
Bu yerdə professor Şünasi Xəlilovun tərcümeyi-halına diqqət yetirirəm. Məlum olur ki, o, 1952-ci ilin avqust ayının 22-də Şuşa şəhərində anadan olub. Elə buradaca 1 nömrəli orta məktəbi yaxşı qiymətlərlə başa vurub. Sonra da o vaxtkı dövlət universitetinin fizika fakültəsinə qəbul olunub. Və həmişə də vurğulayıb ki, həyat yolunun müəyyənləşməsində müəllimi Əbülfət Baxşəli oğlu Abbasovun xüsusi xidməti var. Məhz Əbülfət müəllim onda elmin dərinliklərinə, axtarışlara böyük maraq yaradıb. Bir də...
Söhbət zamanı Zahid müəllim mənə bildirdi ki, professor Şünasi Xəlilovu Azərbaycanda çox az adam tanıyır. Çünki o uzun illərdir ki, Rusiyanın paytaxtında yaşayır, fəaliyyət göstərir. Bu da səbəbsiz deyil. Mən də həmin səbəblə maraqlananda məlum oldu ki, Şünasi müəllimin bəxti onda gətirib ki, Ulu  öndərimiz ilk dəfə Azərbaycanda hakimiyyətə gələndə Azərbaycan gənclərinin SSRİ-nin ali məktəblərində oxumağa göndərilməsi üçün mühüm addımlar atdı. Onun çağırışı ilə savadlı övladlarımız o vaxtkı Sovetlər Birliyinin ən nüfuzlu ali məktəblərinə daxil oldular. Onların sırasında Şünasi Xəlilov da var idi. 1972-ci ildə Şünasi Xəlilov Nijni Novqorod Dövlət Universitetinin  fizika fakültəsində təhsilini davam etdirməyə başladı. Təbii ki, onun bu addımı doğma universitetimizdə qazandığı biliklərin möhkəmlənməsinə, genişlənməsinə xidmət edirdi. Həmin universitetə göndərilməsi üçün dəstəyi də Şünasi Xəlilova dövlət universitetinin ümumi fizika kafedrasının müdiri, professor Kəriş Köçərli vermişdi. Hər kəsin tanıdığı bir alimin zəmanəti ilə həyat yolunu müəyyənləşdirmək gənc tələbə üçün həm stimul idi, həm də məsuliyyət. Bax, bu iki məqam Azərbaycanın Nijni Novqorodda təmsil edən bir tələbənin həyat yolunda yeni uğurlara başlanğıc oldu. Belə ki, artıq 1979-cu ildə o, professor Azər Hənifə oğlu Zeynallının məsləhəti ilə artıq Moskvada professor V.B.Sandomirskinin rəhbərliyi altında SSRİ Radiotexnika və Elektronika institutunun aspiranturasına daxil oldu. Məhz burada qazandığı nailiyyətlərin diqqət çəkənliyi, həm də bir gənc alimin prinsipiallığı onun elmi rəhbərlərinin də nəzərindən yayınmadı. Tezliklə həm professor V.B.Sandomirskinin və həm də E.V.Çenskinin rəhbərliyi altında «Bərpa olunan enerji mənbələri» mövzusunda disertasiyasını uğurla müdafiə edib fizika-riyaziyyat elmləri namizədi, elmi dərəcəsini aldı. Azərbaycandan tələbə kimi Moskvaya gedən Şünasi Xəlilov Rusiyanın paytaxtından Vətənə alim kimi qayıtdı. Amma bu qayıdış çox çəkmədi. Çünki onun yaradıcılığının meydanı məhz Rusiyanın böyük elm ocaqlarında idi. O da 1986-cı ildə yenidən Moskvaya üz tutdu. Və artıq Şünasi Xəlilov bu şəhərdə «İstok» elm birliyində baş elmi işçi vəzifəsində çalışmağa başladı. Həmin tarixdən bu günə qədər professor Şünasi Xəlilovun elmə verdiyi töhfələr təkcə mülki sahədə deyil, həm də hərbi sahədə diqqəti çəkibdi. Məhz bu ixtiraların, bu yeniliklərin tətbiqi ona  çoxlu sayda potentlərin müəllifi olmaq hüququnu veribdi...
Şuşada doğulub Şuşada uşaqlığını, orta məktəb illərini əsl şuşalı  kimi yaşayan və o illərin xatirələrini yaddaşında təkcə xatirə deyil, həm də işıq dolu ümid kimi yaşadan professor Şünasi Xəlilov həyatının ən sarsıdıcı anını Şuşanın işğalı ilə bağlayır. O, hər dəfə bu mövzudan söhbət düşəndə Şuşasız illərinin nə qədər üzücü olduğunu, Şuşanı yuxularında, xatirələrində yaşatdığını, o şəhərə yenə dönəcəyini  bir an da olsun unutmadığını təkrar-təkrar vurğulayır. Özü də kövrək bir səslə deyir ki, «Şuşasız yaşamaq ağlıma heç vaxt sığışmayıb.. Şuşasız olmaq havasız, susuz olmaq kimi bir anlayışdı mənim üçün. Deməli, insan havasız, susuz yaşamadığı kimi mən də bu illəri əslində bir şuşalı kimi yaşamadım. Şükürlər olsun ki, yenidən Şuşaya qovuşdum. Bunun üçün Ali Baş Komandanımıza və ordumuza minnətdaram».
Üç qız və iki nəvə sahibi olan Şünasi Xəlilovun övladları da Moskvada ali təhsil alıbdır. Nəvələrindən Rübabə xanım isə ADA Universitetinin tələbəsidi. Onun ən böyük arzusu, istəyi tezliklə Şuşada açılacaq məktəblərin birində müəllim kimi fəaliyyət göstərməkdir. Daha çox isə özünün bitirdiyi 1 nömrəli məktəbin müəllimi olmaq, məktəbli illərinə müəllim kimi dönməkdir.  Təbii ki, insanın arzusu hüdudsuzdur, sərhədsizdir. Bu mənada həmişə şuşalı günlərini xatırlayıb, atası Süca İmran oğlunu, anası Rübabə Bəşir qızını rəhmət duaları ilə xatırlayan, ona dərs verən müəllimləri üçün dilindən təşəkkürləri kəm etməyən, uşaqlıq dostlarını görmək üçün ürəyi titrəyən və ən çox da doğulduğu məhəlləni üzü aşağı, üzü yuxarı gəzib dolaşmaq istəyən bir  nurani, üz-gözündən əsl şuşalıq tökülən bir professoru gözümün önünə gətirirəm və o üzü yuxarı gedərkən əynindəki köynəyin üstünə yazılmış yeddi rəqəmi diqqətimi çəkir. Şünasi müəllim getdikcə o yeddi rəqəmi gözümdən uzaqlaşır. Bir az keçdikdən  sonra  o Qurdlar  məhəlləsi  ilə Cıdır  düzünə  tərəf,yəni üzü  geriyə  qayıdır ... Onu  maraqla  izləyirəm...İndi isə sinəsində 70 yazılıb. Yaxınlaşdıqca o 70 rəqəminin işığını da, əzəmətini də ,həmin o 7-dən qaynaqlanan uğurları da daha yaxından müşahidə edirəm və hardasa yadıma xalq şairi Süleyman Rüstəmin özünün 70 yaşına yazdığı şeir düşür. Süleyman Rüstəm yazmışdı ki, 7-nin yanından sıfırı pozun. Mənə elə gəlir ki, professor Şünasi Xəlilov isə deyər ki, 7-nin yanındakı sıfır  mənim Şuşaya gətirdiyim  ürəyimin, xidmətlərimin , uğurlarımın ifadəsidir. Mən 70 ildə qazanmışam onu, 70 ildə təsdiqləmişəm onu!
Bəli, yazımın bu məqamında mən  də  , dəyərli alimimizə, yəni  professor Şünasi Xəlilovun  ürəkdən təbrik edir  və  ona  şuşalı  günlərin işığında növbəti yubileyləri qeyd etməyi arzu edirəm.