Əbülfət MƏDƏTOĞLU : - Kəlbəcərə qovuşan Elvüsal

YAZARLAR 15:41 / 16.09.2024 Baxış sayı: 759

Dünya insanlarla gözəldi. Amma nə edəsən ki, insan formatında gözə görünənin hamısı böyük hərflə yazılan, ürəklə çağırılan insan deyil. Mənə görə bu böyük insanların kölgəsinə sığınan hansısa varlıqlardı. Lap bir az da kobud səslənsə, ağacdan şirə çəkən qurdlara bənzəyirlər. Təəssüf ki, onlarla mübarizə aparmaq mümkün deyil. Amma yaxşı ki, yaxşılar   var! Böyük hərflərlə yazılan YAXŞILAR!..

Mən onu 1975-ci ildən üzü bəri tanımışam. Öncə mətbuatdakı imzasını, sonra da özünü. Və həyat elə gətirib ki, bu tanışlıq isti, səmimi bir münasibətin özülü olub. Hətta bağ evinin də qonağı olmuşam. Oturub hovuzun kənarında dərdləşmişik. «Hovuz» sözü bir az böyük səslənir. Adam elə təsəvvür edir ki, bağ da böyükdür, elə hovuzun özü də. Lakin bu onun və mənim ölçülərimlə, düşüncələrimlə böyük idi. Çünki bu həyətdə özünün dediyi kimi, bir-iki ördək, qazdan və bir də onunla «söhbətləşən» balaca itdən başqa elə böyük bir təsərrüfat yox idi. Ev də imarət yanındakı koma kimi bir yer idi. O da sığınmışdı Kürdəxanıdakı bu bağa, bağlar üçün, Kəlbəcər üçün darıxanda çəkilirdi öz komasına və…

Azərbaycan oxucusu Hidayət Elvüsal imzasını çox gözəl tanıyır. Onun Sovet dönəmindən üzü bəri yazdığı bütün yazılar demək olar ki, oxucunun tutiyəsi idi. Hər kəs axtarırdı o imzanı, o yazını. Hamı bilirdi ki, Hidayət yazırdısa, o yazının damarında yumor var, satira var. Ona görə məmurlar, vəzifə sahibləri, xüsusən mədəniyyət işçiləri onun qələminə düşməkdən ehtiyat edirdilər. Teatrı, musiqini çox mükəmməl bilən, jurnalistikanın ağır artilleriyası olan Hidayət Elvüsal boşluğa güllə atmazdı. Onun yazılarının hədəfi olurdu. Və heç kim də ondan incimirdi, düz sözdən niyə inciyəsən. İstər «Kommunist» qəzetində, istər «Səhər» qəzetində, istərsə də özünün redaktoru olduğu «Kriminal» qəzetində, eləcə də ömrünün sonlarında çalışdığı «Ədalət» qəzetində, onun müəllif köşələri ayrı-ayrılıqda bir jurnalistika nümunəsi idi. Və mən «Ədalət»də onunla etdiyim həmkarlığı, dostluğu, yoldaşlığı ömrümün ən yaddaqalan səhifələrindən hesab edirəm. Ona görə ki, Hidayət Elvüsal tərifi də, iradı da adamın üzünə deyirdi. Hansısa bir yazıma münasibət bildirəndə özünəməxsus şəkildə deyərdi:

- Dədə, bu yazının suyunu bir az çox eyləmisən. Çapa verməmişdən gərək bir də oxuyaydın və yaxud da dədə, maraqlı yazmısan, oxudum, yaxşı yazmısan…

Bax belə idi Hidayət Elvüsal. Sözə qarşı həssaslığı güzəştə imkan vermirdi. Ya deməli idi, ya da susub getməli idi. O da daha çox deməyi, göstərməyi  xoşlayırdı, münasibət bildirməyi normal sayırdı. Özü də təkcə publisist yazılara yox, bədii yazılara da, ən çox isə poeziya nümunələrinə qarşı da kəskin bir mövqedə dayanırdı. Oxuduğu şeirin fikir yükünü, mövzusunu ustalıqla xırdalayırdı, çözürdü. Çünki o, özü də yazırdı, özü də bəstələyirdi və bundan da ən vacibi o, el şairi, elin sevimlisi Sücaətin qardaşı idi…

Bir dəfə Sücaətlə bağlı etdiyimiz söhbət zamanı onun necə kövrəldiyini açıq-aşkar hiss etdim. İlk dəfə idi ki, o, bu kövrəkliyi gizlətmirdi. Kəlbəcərli günlərindən danışırdı. Dünyasını dəyişən əzizlərini yada salmışdı. Onun durumu məni də kövrəltdi. Ondan ayrılandan sonra barəsində düşündüklərimi, mənə yaşatdıqlarını şeirə çevirdim. Və yazdım:

Gecəni kirpiklə qor qarışdırdım,

Gəzdim, tapammadım, gor qarışdırdım.

Elə əl havası, tor qarışdırdım –

Çıxmağa utandım ruhlar üzünə

Bir az da möhkəm dur dönüm gözünə!

 

Sinəmdə göynərti anbaan artır,

Xoşbəxt o kəsdir ki, ürəkdə yatır!

Bəllidir, ay doğur, günəş də batır –

Hər gün də su damır ümid közünə…

 Bir az da möhkəm dur dönüm gözünə!

 

Gücünü toparla, qırılsın yedək,

Hərəmiz üz tutub düz səmtə gedək…

Tuğda, Kəlbəcərdə ibadət edək –

Sözün Allahına, sözün özünə

Bir az da möhkəm dur dönüm gözünə!

 

Nə vaxtsa olacaq elin vüsalı

Öpülən dodağın, telin vüsalı…

Qələbə! – adlanan selin vüsalı

Təpər gətirəcək yorğun dizinə

Bir az da möhkəm dur dönüm gözünə!

 

Bəli, Hidayət Elvüsal bütün varlığı ilə Kəlbəcər idi. Onun Kəlbəcərlə bağlı bəstələdiyi mahnı indi də qulaqlarımda səslənir Babək Niftəliyevin ifasında. Hidayət Elvüsal dizi bərk kişi idi. Sözünü bir dəfə deyirdi və dediyi sözdən bir addım da geri çəkilmirdi. Hidayət Elvüsal qədir-qiymət bilən idi. O dostlarını, xüsusilə, birlikdə işlədiyi və dünyasını dəyişmiş yaxınlarını, həmkarlarını tez-tez xatırlayırdı. Çörək kəsdiyi, çörək verdiyi adamları bir-birindən elə ustalıqla ayırırdı ki, heç bir təmənna hiss olunmurdu və bir də Hidayət Elvüsal başdan ayağa sözün gerçək mənasında adamlara müsbət enerji bağışlayan, müsbət aurası olan ruh adamı idi. Və nəhayət, Hidayət Elvüsal həm də xeyir-şər adamı idi. Heç hardan, heç yerdən qalmırdı. Eşidib bildiyi məclislərə çatmağa, təsəlli verməyə can atırdı. Və bir də nəhayət…

Hidayət Elvüsal Kəlbəcərin ziyalılarını, işıqlı adamlarını təbliğ etməkdən, təqdim etməkdən yorulmurdu, doymurdu. Hətta «Ədalət»in redaksiyasına gələn söz adamlarının hamısı ilə məni tanış edirdi və özünəməxsus təbəssümlə deyirdi ki:

- Əbülfət, bax, bu kəlbəcərli oğlan saf şairdi, saf söz sahibidi. Tanı bunu. Yazılarını gətirəndə çox ləngitmə!..

Onun ölüm xəbərini eşidəndə inanmadım. Çünki bir neçə gün öncə telefonla danışmışdıq. Amma nə qədər inanmasam da Əzrail öz işini görəndən sonra səs heç hara çatmır. Bircə təsəlli xatirələr qalır. Və mən də Hidayət müəllimlə bağlı xatirələrimə sığınıb özümü ovutmağa çalışdım. Çünki onun ruhunun artıq azad Kəlbəcərdə olduğuna inandığımdan bu təsəlli məni ovudurdu. Elə onun yas mərasimində də edilən söhbətlərdə mən azad Kəlbəcərdə qayğısız, rahatlıq tapan Hidayət Elvüsalın ruhuna baş əydim…