Əbülfət Mədətoğlu: - Hisslərin səmimi ifadəsi
Hər dəfə kitabxanamla həmsöhbət olanda diqqətimi çəkən kitablardan götürüb vərəqləyirəm. Bu gün də belə oldu. Kitab elə bil ki, məni görüşə çağırırdı. Ona görə tərəddüd etmədən əlimi uzadıb götürdüm. Nəfis tərtibatlı bu kitabın üz qabığındakı müəllif şəkilinə baxdım. Doğrusunu deyim ki, xatırlaya bilmədim. Amma indiki məqamda bu mənim üçün o qədər də önəmli deyil. Çünki söhbətin müəlliflə yox, onun kitabı ilədi. Ona görə də adı da maraqlı olan və 2012-ci ildə «Elm və təhsil» nəşriyyatında redaktoru filologiya elmləri doktoru,professor Firudin Cəlilov olan bu kitabı vərəqləməyə başladım. Elə buradaca xatırladım ki, kitabın ön sözünün müəllifi də Fürudin müəllimdir.
«Nədən lazımdı yazmaq» adlanan bu kitabda şair Tanrıverdinin şeirləri yer alıb. Şeirlər günümüzün reallığından, cəmiyyətimizdə baş verən hadisələrdən və bir də əbədi mövzu olan sevgidən ibarətdi. Bir oxucu olaraq bir neçə fəsilə bölünmüş kitabı oxuduqca qarşılaşdığım diqqətçəkən məqamlar məndə xoş təəssürat yaratdı. Elə həmin o təəssürat da sonda yazıya çevrildi. Məsələn, «Dağlar» şeirində müəllif yazır:
Düşmən pozdu calalımı,
Tüstülənir başım, dağlar.
Alov sarmış camalını,
Ölüm saçır daşın, dağlar.
Zirvələrin eşi- eşik,
Qayaların deşik-deşik.
Sinən üstü qanlı beşik,
Qızarıb göz yaşın, dağlar.
Bir parçasını təqdim etdiyim bu şeir bütün ədəbiyyatımızın, istər folklor, istərsə də yazılı ədəbiyyatımızın üz tutduğu dağlara ithaf olunsa da, amma burada söhbət işğal altında qalmış dağlardan gedir. Onun yaralarından, onun göz yaşının qan rəngində olmasndan , məhz qurşunların, mərmilərin, dəlik-deşik etdiyi qayaların, daşların fəryadından bəhs olunur. Ona görə də bir oxucu olaraq dərhal məni özünə çəkdi və mən də həmin o təsirnən şairin öz-özünə söylədiyi bir fikirlə razılaşıram:
El-obanın bu günündə,
Deyim, gülüm, gəzim, necə?
Qəlbim, ruhum kövrəlməsin,
Ağlamasın gözüm, necə?
Şəhid olan sirdaşların,
Darda qalan soydaşların
Qanı axan qardaşların,
Əzabına dözüm, necə?
…………..
Haqsızlıqdan, həqarətdən,
Bezdim giley, şikayətdən.
Tanrıverdi, xəcalətdən,
Qızarmasın üzüm, necə?
Bu gün qələbə sevincini yaşadığımız üçün şairin 2012-ci ildə çap olunmuş kitabındakı bu şeir adamı həmin illərə, həmin ağrılarımızın yanına qaytarır. Çəkdiyimiz xəcalət hissi, sinəmizdə qövr edən yurd nisgili, qisası alınmamış şəhidlərimizin ruhu, bir sözlə, 30 ilin fəryadı yenidən göz önündən gəlib keçir və bu mənə sözün əbədi olduğunu, sözün tarix olduğunu, bir az da dəqiq ifadə etsəm, sözün dünənimizi bugünümüzə gətirə bilmək gücünü bir daha göstərdi. Deməliyəm ki, bu kitabdakı şeirləri, yurd nisgili ilə bağlı ağrı-acıları 15 il sonra oxuyan oxucu məhz bizim nələrdən keçib gəldiyimizə ürək ağrısı ilə təəssüflənəcək …Və sözün də gücü onda bir daha ortaya çıxacaqdır.
Şair Tanrıverdinin kitabda yer alan digər şeirlərini də gözdən keçirirəm. Burada da təbii hisslər, kövrək notlar diqqətimi çəkir. Şair sevgisini də, istəyini də elə səmimi etiraf edir ki, onun sevgisinə inanmamaq, şübhə etmək yeri qalır.
Mən səni sevirdim dünyalar qədər,
Necə məhbus sevir azadlığı bax.
Yaxsa da qəlbimi intizar, kədər,
Gizli saxlayırdım eşqimi ancaq.
Mənim də taleyin çətin yolunda,
İşgəncə, iztirab qəlbimi sardı.
Xəbərin olmadı sənin yolunda,
Ölümə yollanan sevgilin vardı.
Zənnimcə, bu misraların müəllifinin hiss və duyğuları o qədər halal və pakdır ki, ona yalnız sözün həqiqi mənasında qibtə etmək olar.
Tanrıverdinin kitabında həyat reallıqlarının ifadəsi olan maraqlı deyimlər də yer alıb, fikirlər də ifadə olunubdu. Ona görə də onun «Şair» şeirində bu reallıqlar birmənalı olaraq oxucunun diqqətinə təqdim olunur. Adını çəkdiyimiz şeirdə müəllif yazır ki:
Yalnız həqiqəti vəsf edər hər dəm,
Çətində qolları yetər dadına.
Biri qılınc olar, birisə qələm,
Mərdlik naxış vurar şair adına.
Bəli, şairin sözü ilə qələminin bir-birinin təsdiqləməsi, bir-birində tamlığı büruzə verməsi əslində sözün də çəkisini və dəyərini artırır. Bax, elə bir neçə nümunəsini təqdim etdiyim bu müəllifinin misralarında mən o özünütəsdiqi gördüm. Ona görə də yazımı Tanrıverdinin doğma Azərbaycanımıza ittihaf etdiyi şeirindən bir bəndlə yekunlaşdırıram:
Mənim şöhrətim də, mənim şanım da
Həyatım, gəncliyim, cavan canım da
Damarda çağlayan, axan qanım da
Qurbandı, var nəyim, Azərbaycana!