Əbülfət Mədətoğlu : - Bu adam...
Bir təklikdi, bir sükutdu, bir də ki
Dörd divardı - söhbət edir bu adam!..
Çiynindəki günahlardı, yerdə ki -
Öz -özünü töhmət edir bu adam!..
An ötdükcə "ah" hıçqırır, " ah" deyir
Adını da gah düşünür, gah deyir!
O bir SƏNİ, bir də ki, Allah deyir -
Görüş üçün umur möhlət bu adam!..
Hey kökləyir bəm də, zil də özünü
Körükləyir tüstülənən közünü!..
Car çəkibdi neçə dildə sözünü -
Bilir səni nəfəs, işıq, su adam!
Ürəyini çırp , sökülsün sevgisi...
Göz yaşı tək, qoy tökülsün sevgisi...
Nə əyilsin, nə bükülsün sevgisi -
Son nəğməsin qoy oxusun , Qu adam!