DÜNYANIN ƏN XOŞBƏXT ADAMLARI - Aqil ABBAS yazır

YAZARLAR 15:53 / 06.12.2023 Baxış sayı: 2892

Zeynəb Xanlarovanın bir məşhur  mahnısı var: «Dünyanın  xoşbəxti mənəm dünyada». Qeyri-adi  istedadı, gözəlliyi, əfsanəvi səsi ilə az qala bütün dünyada məşhurlaşan Zeynəb xanım həqiqətən  dünyanın  ən xoşbəxti idi. Təbii ki, bir adamın, on beş adamın, iki yüz adamın xoşbəxtliyi   millətin  xoşbəxtliyi deyil. 

Millətin xoşbəxtliyi 2020-ci ilin noyabrında başladı. Bütöv bir millət, ilahi, necə xoşbəxt ola bilərmiş? 1988-ci ilədək mən də özümü  xoşbəxt sanırdım. 88-də bu xoşbəxtlik  söndü. Bu xoşbəxtlik  bütün  arzularım kimi  söndü.  32 il oldum dünyanın ən bədbəxt adamı. 
Vaqif Səmədoğlunun  məşhur bir şeiri var, orda deyilir:

Məktub yazmaq istəsən mənə
Belə yaz
Üstünü məktubun:
"Moskva K9
Do vestrebovaniya.
Samomu nesçastnomu"
Dar teleqraf pəncərəsindən
Neçə insan əli
Uzanacaq məktubuna.
İtəcək əlimin tənhalığı
əllər içində...


32 il  təkcə mən bədbəxt deyildim.  Bədbəxtliyimin tənhalığı  itirdi  bədbəxtlərin  içində.  Allah  böyük və adil  imiş. 20 noyabr  2020-ci ildə mənim bədbəxtliyim Ağdamda – həyətimizdə, atamın ocağında  əyilib torpağı öpdüyüm, o torpağı xışmalayıb yediyim və torpağın  dadının  qaçmadığını  bütün  bədənimlə hiss edəndə  bitdi. Və o xaraba Ağdam mənim gözümdə  çiçəkləndi. 

İndi baxıram Füzuliyə, Laçına, Zəngilana, Zabuxa, Talışa 30 il həsrətdən  sonra öz doğma yurd-yuvalarına qayıdan  insanlara. Hələ Laçının, Füzulinin, Şuşanın, Zəngilanın nə olduğunu və hara  olduğunu bilməyən cocuqlara, ilahi, nə qədər xoşbəxtdirlər? 

İlk dəfə  Vətən  torpağına  qədəm  qoyan yaşlı  insanların  dizin-dizin sürünmələrinə, iməkləmələrinə, nə qədər  xoşbəxtdirlər, ilahi? 
Onları doğma torpaqlarında  qarşılayan şəhidlərin ruhu da…

İndi dünyanın xoşbəxti  təkcə Zeynəb Xanlarova deyil, bütöv bir millətdi.  Bu millətin  kiçicik bir zərrəsi olan  mən də xoşbəxtəm.

lk dəfə Ağdama apardığım, xaraba  şəhəri gəzdirdiyim və təəccüblə bir-birinə   baxıb, sonra  nənələrinə «baba bizi bura niyə gətirib?» deyən nəvələrim də xoşbəxtdirlər. Amma bu xoşbəxtliyi hələ  qanmırlar. Düzdür, nənələri qandırmağa  çalışdı, amma qandıra bilmədi.  Axırda biz onlara dedik ki, görün  babanız necə xoşbəxtdir?

Apardım Şahbulağa, əl-üzlərini  bulaqda yudurtdum, bulaq   suyu içirtdim. Şahbulaq  qıjısı  yedirtdim və dedim:

- Çəpişlər, indi siz də ağdamlı  oldunuz.  

Çiyinlərini çəkdilər ki, nə olsun.

Dedim ki, bir gün bu «nə olsun»u anlayacaqsınız, mən   sizə xoşbəxtliyin tamını  daddırdım. 

Bu cocuqlar kimi bu xoşbəxtliyin hələ nə olduğunu anlamayanlar da var, bir gün  onlar da anlayacaqlar.

Dünyanın xoşbəxti  bizik dünyada!..