Dərdə və qələbə müjdəsinə yazılan şeirlər - Sona Vəliyevanın məqaləsi

YAZARLAR 07:00 / 09.10.2024 Baxış sayı: 2018

 Çoxdan, lap çoxdan Əbülfət Mədətoğlunun şeirləri haqqında düşüncələrimi qələmə almaq istəyirdim, amma dərdin və sevginin yazdırdığı poetik nümunələrin axarında “itib-batmaq” xofunu “aşa bilmirdim”. Görünür, qismət bu günə imiş...

Hər zaman düşünmüşəm ki, Əbülfət müəllimin duruşu, baxışı, eləcə də onu tanıyan, sevən insanlarla ünsiyyəti elə şeirlərinin sinonimidir. Əbülfət müəllim ədəbiyyat cameəsində həmişə söhbət mövzusu olan “müəllifin yaradıcılığı və şəxsiyyət bütövlüyü” məsələsində elə şeirlərinin əslidir. Şairin bir ömür yaşantıları, daxili əzabları, dərdi və bu dərdə münasibəti şeirlərinin boyuna elə biçilib ki, söylədiyim fikrə heç bir şübhə yeri qalmır.

  Çox sevdiyim klassik şair Cibran Xəlilin dediyi: “Şair qanı axan yaranın, ya da gülümsəyən dodaqların nəğməsidir” həqiqəti şairin daxili əzablarının poeziyamıza bəxş etdiyi yaddaqalan nümunələrində daha da bariz görünür. Dərd və həyatın əzəli, əbədi qayğıları bəzən ən ləyaqətli insanları qəfəs kimi ağuşuna alanda üz tutub imdad diləyəcək qapı Tanrı qapısı, dualar və diləklər olur. Şair şeirləri ilə bu qapını döyərək ONUN özünü belə bu dünyada baş verənlərə şahid olmağa səsləyir. Gəl, Yaradanım, bax mənim düçar olduğum dərdə və dərdin başıma gətirdiklərinə... Heç kimin duymadığı, görmədiyi, amma şairin düşdüyü qəfəsin qapısını açacaq biri varsa, o da Yaradan özüdür. Üz tutası dualar, istəklər isə şeir işığıdır:

 

Baxıram, göz görür,

diqqət çəkir,

nə istək yaradır,

nə də həvəs...

Daşdandı, yoxsa ki

torpaqdan, Allah,

məni içərisinə atdığın

qəfəs?!

 

  Oxucunu düşündürən torpaq, daş metaforası, əslində, şairin otuz ildən artıq çəkdiyi dərdlərin, itirilən yurd yerinin həsrət qəfəsinin açılmayan zaman qapısıdır... Getdikcə bu həsrət xal-xal ürəyin dərinliklərinə işləyərək ömrün nisgil dastanını yazdırdı. Bu nisgil insana bir gündə ürəkdə yaranan yaraların cərrahi müdaxiləyə ehtiyacını ortaya çıxaranda el-obasız gün-güzəranına acıyaraq qurd-quşu özündən xoşbəxt sanmağın qibtə hissini yaşadır. Çox yığcam, minimalist səpkidə şairin söylədiyi “Bəxtəvər ipəkqurdları ölür evinin içində” ifadəsi ev-ocaq həsrətlisi, Qarabağ dərdlisi bütöv bir xalqın qəlb harayı kimi səsləndi. Həm də unudulmayan həsrətin, dərdin özündən qəlbində elə bir işıq bərq vurub yolları nurlandırdı ki, Qarabağ həsrətinə son qoyulacaq ay, gün aydınca göründü:

 

Elə oturduğum yerdə,

Dönürəm dərdin başına,

Ağırlığım dursun bərdə,

Gəlsin qoy dərdin başına...

 

  Dərdin başına dolana-dolana mərdlik, ərənlik qapılarını şairin üzünə açan ümiddən yol alıb varılan torpaqlar bütövləşən Vətəndir, yaraları söz, oxşama, laylayla sağalan Vətən:

 

Mənə iynə ucunda

Ümid göstər, sən, ümid!

Mən göz yumub-açanda,

Görüm sənsən, sən, ümid!

 

Sığışmayan ruhuma,

Layla deyim yuxuma,

Mənim sevgi duyğuma,

Kaş olsun Vətən! – ümid!

 

  Əbülfət müəllim doğulduğu Qarabağdan didərgin düşəndən dərd və həsrətin yaratdığı xaosa içindən ətrafa parlayan ümid işığı ilə baxmağa çalışdı. Amma yenə də ruhunu qoyub gəldiyi yurd-yersiz, Qarabağsız özü özünün varlığına şübhəylə yanaşırdı. Mən həmişə hansı bir ziyalı və ya ədəbiyyat adamının dünyadan köçməsini eşidəndə ölümün haqq olduğunu düşünsəm də, dünyadan köçən şəxsin Qarabağın azad olmağını görmədən  əbədi diyara köç etməsinə taleyin nisgili kimi baxmışam. Əbülfət müəllimin və digər ziyalılarımızın ən böyük kədəri parçalanan torpaqlarımızın əsarətdə qalması idi. Ona görə də hətta bir sevgi şeirində ruhsuz bir görüntü olduğu kimi yozulan misralarda itirilən torpaqların kədəri açıqca duyulur:

 

Dünyadakı atəş, nur,

Bir azacıq yaxın dur,

Əlini üzümə vur,

Varammı?

 

  Gedənin, itirilənin qaytarılması müşkül olanda, insan yalnız nəfəsi gedib-gələn, yerdən, göydən əlacı üzülən, özünü diriykən ölü kimi hiss edən şəxsə çevriləndə ruhun qiyaməti baş verir. Bax o vaxt dərd meydan sulayır.

  İ.Hote deyirdi ki, poeziya dərdin anasıdır, hər bir əzab çəkən və ağlayan insan şairdir, hər damla göz yaşı şeirdir, hər bir ürək ağrısı poemadır...

  Əbülfət müəllimin şeirlərində dərd, həsrət ümidlə qoşa qanad kimi nəinki müəllifi, eləcə də oxucunu həqiqət yolçuluğu ilə müqəddəs qələbəyə doğru aparır. Şairin heç bir şəxsi duyğuları torpaq həsrətini üstələyə bilmir. O, nNədən yazdısa, içində Torpaq, Yurd yeri göründü. Vətəndə Vətənsizlik “döz” səbrini yenərək göyərən ümiddən qələbə yollarına işıq saldıqca şair öz varlığını dözümə çağırdı:

 

Eşq sonsuz, dünya gidi,

İnanc sözə söykəndim,

Ürək mənə “döz” dedi,

Susub dözə söykəndim.

 

İnsanın ümidi, demə, dünyanın özü qədər qədim imiş...

 

  Ümidlərinin yaşı Nuhla yaşıd olan şairə eşq olsun! Elə o ümiddən yollar çəkildi bütün könüllərə...

 

Nuhdan qalan ümidlərimi,

Diriltmək istədim, diriltmək...

 

  Sonra da o ümidin nuruyla itən torpağın hər qarışında üçrəngli bayrağı gözü tutduqca dalğalanan görəndə şairin düşüncələri:

Od kimidi torpaq,

əl uzadıb, üz sürtüb,

öpməzdən öncə

özün də bax,

gör necə titrəyir, əsir

ürək,

sanki yarpaqdı, yarpaq.

Bax bu yolla

özünə dönür

Şəhid qanı ilə

suvarılmış torpaq...

 

  • kimi ifadə olundu...

“Ölümü evinin içində olan baramaya” həsəd aparan şairin həsrəti illərin kədər sərhədini yararaq qələbə müjdəsi ilə onu Qarabağa yetirəndə duyğuları bütün xalqın, millətin ümumiləşmiş həyəcanı kimi sevinc hönkürtüsünə çevrildi. İlahi, biz səbirdə sənəmi bənzədik? Biz necə dözdük, necə yaşadıq, itirdiyimiz torpaqlarsız? Bizsiz keçən əsir ömrünün halallığını o yurd yerlərindən hansı üzlə istəyək?

 

Diz çökərək torpağa

Hönkürdüm üzü üstə.

Döndüm xəşən yarpağa,

Töküldüm dizi üstə...

 

Bu zəfər gerçəkliyi,

Ərzi lərzəyə saldı,

Bizi özünə çəkən

Torpaq qələbə çaldı!

  Əbülfət müəllimin şeirlərinin bütövlükdə mayasını nurlandıran eşq və nisgil özüylə birgə oxucuları da Qarabağ həsrətinin qələbəsinə ocaqda közü qoruyub zəfər məşəli yandırmağa səfərbər edir.

  İllərin siyasi oyunlarında əriyən son ümidlər, daşan səbirlər Ali Baş Komandanın əmriylə səfərbər olan xalqın və dövlətin birlik gücündə “dəmir yumruq”la birləşəndə poeziyamız da silah gücündə olduğunu sübut etdi:

 

Tətikdəki bayrağı

Ürəyimlə öpəcəm.

Şəhid qanlı torpağı

Gözlərimə təpəcəm.

 

Son hücumun nidasın

Bayrağıma tən tutub

Hayqıracam sədasın,

Döyüşü Vətən udub!

 

  Qələbə qəlpə-qəlpə, sətir-sətir, heca-heca qazanılınca Vətən sərhədləri böyüdü, genişləndi və bütövləşdi...

 

Ən böyük dilək

Bir olsun gərək,

Sinədə ürək – Vətən!

Sənin hər halın

Mənim məlalım,

Canım, halalım – Vətən!

 

  Millət, xalq, ordu və dövlət birliyi, Ali Baş Komandanın iradə və qətiyyəti torpağa ƏN BÖYÜK məhəbbəti yaratdı. “Öncə Vətən” şüarı vətən uğrunda vuruşan oğulların ölümü unudaraq, əbədi ömür qazandırdı:

 

Əlim ürəyi sıxdı,

Gözüm torpağı tutdu,

Dilimdən “Müjdə” çıxdı,

Varlığımı unutdum – Şuşam!

 

və ya

 

Şuşanın başı üstən  

Qaçıb çəkildi duman!

Qəhrəmanlıq dastanın

Özün yazdın anbaan,

Vətənin xilaskarın,

Yaşadacaqdır zaman,

  • deyir şair...

Mən Əbülfət müəllimin poeziyasının mayasında duran eşq və həsrət nisgilindən söz edəndə əbəs yerə onu Vətən, torpaq mövzusunu yaradıcılığının leytmotivi olması ilə əlaqələndirmirdim...

Dünyada bütün dərdlərin bir çarəsi və həlli yolları olduğu kimi bütün duyğu və hisslər də zaman-zaman dəyişilir, ya da unudulur. Unudulmayan, əbədi olan, yalnız Tanrıya, Vətənə, Torpağa, Anaya olan ülvi münasibətdir. Ona görə də Vətəni Ana obrazı ilə birgə qoşa qanadlı sevgi pərisi kimi vəsf edən poeziyamız torpaq   uğrunda şəhid olan oğulları, sağlığını itirən qaziləri daha da ürəkdən əzizlədi. Torpaq oğullar qoruyanda gərəkli, eli-elatı o torpağı əkib faydalananda bərəkətli olur. Şəhid oğulların qələbə müjdəsi kimi ucaltdığı üçrəngli bayraq vətəni əbədi yurd-ocaq sevgisiylə gülüstana çevirir. Özləri cismən yox olduqları andan əbədi Vətən sakinləri kimi hər ocağın yanan işığına, qəlblərdən ucalan İlahi duanın sahibinə çevrilirlər. Anaların, şəhid oğulların itkisinə Əbülfət müəllimin münasibəti sükutun göz yaşını qəlbin dərinliklərinə hopdurur:

 

Şəhid anasının baxışı altda

Gözüm ayağımın ucunu didir.

Ən böyük sükut da budur həyatda,

Burda söz acizdir, burda söz bitir.

 

  M.Qandinin şəhidlik və Vətən azadlığı üçün söylədiyi bir fikri xatırladım: “Şəhidlikdən qorxmayan, fədakarlıq göstərən bir ölkə istədiyi məqsədə nail olar”. Biz müharibəyə nifrət edərək, yalnız öz müqəddəs torpaqlarımızı qorumaq yolunda silaha sarıldıq. Səbrin çatlayan yerindən silahlar öz sözünü cəsarətlə dedi.

  Oğulları can əsirgəmədikcə Vətən yolunda, bütövləşən Vətən şəhidlərin qələbə ərməğanı, böyüyüb artan sevgilərin ünvanı kimi əzizləndi:

 

Bir daşın üz-gözündə

Saydım güllə yerlərin,

Daş dəfn edib özündə

Düşmənin güllələrin.

 

Oğullaşıb gözümdə

Həmin daşlar da indi.

Oxşadım yaraların,

Sanki daşlar isindi...

 

  Əbülfət müəllimin şeirlərində şəhidin dilindən deyilən Vətən oxşamaları böyüyüb yetişən gələcək nəsillər üçün qeyrət himninə çevrilir. Ömür də, ölüm də hər birimiz, eləcə də cəmi bəşər üçün haqdır. Bir gün yaranan ömrün hansı məqamındasa ölümü dadacaq. Bu həyatda əbədi anılmaq, əbədi ömür qazanmaq müqəddəsliyi yalnız seçilən oğullara, şəhidlərə nəsib olur. Bir şəhidin dilindən şairin Vətən sevgisi bir də bu çalarlarla belə səsləndi:

 

Ruhumun diktəsidir

Bu halıma hökm edən,

Çinar kimi durmuşam

Yersiz yarpaq tökmədən.

 

Bu gün son ümidimi

Ruha şahid etmişəm.

Sabahına gəlməsəm,

Bil ki, şəhid getmişəm.

 

Əbülfət müəllim otuz ildən artıq yurd, ocaq həsrətinin şırşıra buzlarını ürəyinin yağı ilə yazdığı şeirləri ilə əritdikcə bütün ürəklərə yeni güc, dizlərə təpər gəlir. “Əsgərə məktub” şeiri bir qeyrət manifesti kimi milli səfərbərliyin özünü əks etdirir.

 

Sən büründüyün bayraq

Şərəfindi, şanındı.

Qucaqladığın torpaq

Damardakı qanındı.

Sipər doğuldun, sipər,

ər oğul, ərən oğul!

Oldun Vətənə çəpər

Sinəsin gərən oğul.

Nərən göyü titrədir,

Addımların da yeri.

Sənin hər bir həmləndən

Düşmən çəkilir geri,

Bu möcüzə şücaət

Tarixdə yeni ünvan...

 

  Əbülfət müəllim yeni tarixi, yeni qələmlə, təzə düşüncələrlə yazan ordu, dövlət, xalq birliyinin özünü “tarixdə yeni ünvan” adıyla səsləndirməklə çox məsələlərə aydınlıq gətirir. Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan qələbə tək Qarabağın qayıdışı deyil, ikiyüzillik parçalanmış torpaqların nisgil sərhədlərinin ünvanını dəyişərək yeni dövlət xəritəsini yaratdı.

  Ədəbiyyatımız, poeziyamız bu tarixin bədii təcəssümünü nəsillərin yaddaşına sözün musiqisi ilə həkk etdi.

  Vaxtilə U.Folkner deyirdi ki, hər bir insan yaşadığı ömür çərçivəsində topladığı yaddaşın məhsuludur. Xalqın maddiləşmiş yaddaşı isə onun ədəbiyyatı və poeziyasıdır. Bu mənada ədəbiyyatı xalq yaratmır, ədəbiyyat xalqı, milləti yaradır. Beləliklə, ortaya çıxan tarixi həqiqət ondan ibarətdir ki, xalq olaraq həyatımızda baş verən ən müqəddəs, həlledici döyüşlərin bədii tarixinin yazılması kimi ülvi vəzifədə Əbülfət müəllimin yaratdığı nümunələr sözün əsl mənasında milli emosional hafizəmizin ən dərin qatlarında tarixi yaşam haqqı qazanır...

  Xalq olaraq, millət olaraq səbrin kəndirinin boğazı üzəcək məqamında yetişən qələbə müjdəsi hamı kimi Əbülfət müəllimin də qaçqın-köçkün ruhunun yeni dirilişi, mövluduydu...

Danışmadım arzulardan,

Xatirələrimi çözdüm.

Sığınıb xatirələrə mən,

Qaçqın ömrümə dözdüm.

 

Yüküm qaratikan kolu,

Çiynim, kürəyim döyənək.

Bitməz xatirələr yolu,

Əriyir səssiz bir ürək.

 

– dediyi məqamda yaranan dözüm nəğməsinin zəfər mükafatı “Şuşada”n bir də belə ucaldı:

 

Şuşa şölələndi Vaqif günündə,

Ruhlar da, sözlər də ləpələnibdi.

Sevgilər sevincdən Xarı bülbültək

Şuşa səmasına səpələnibdi...

 

  Bu yazımda ömrünün ən məhsuldar yaradıcılıq dövrünü qaçqın-köçkün kimi qayğı və nisgillərdə əridən şairin bir sıra Vətən, torpaq, yurd sevgisiylə köklənmiş şeirləri haqqında bəzi fikirlərimi oxucularla bölüşməyə çalışdım. Hər bir şair yaradıcılığı özlüyündə bir qalaktikadır. Yaşantıları, poetik duyğularının tərənnümü və hadisələrə yanaşması bu qalaktikada baş verən proseslərin məcmusu kimi onun poeziyasını formalaşdırır. Bu mənada Əbülfət müəllimin yaradıcılığının zəngin səhifələri mövzu etibarilə tənhalığın içində kəşf edilən “Dörd divar”, “Allah”, “O və mən” aləminin yaşantıları olaraq bir ömrün əzabı və bu əzabın qazancı olan BÖYÜK SEVGİNİN tarixi yaşantılarıdır.

 

 

 

 

 

 

Oxşar xə