CƏBRAYILLILAR --yazdı  İSMAYIL MƏRCANLI İMANZADƏ

Ədəbiyyat 13:58 / 04.10.2023 Baxış sayı: 1428

Ata elimiz Cəbrayılın işğaldan azad edilməsinin üçüncü ildönümü və “Cəbrayıl Günü” münasibəti ilə əziz-doğma eloğlu-elqızlarımı, Cəbrayıl sevdalı dost-tanışlarımı ürəkdən təbrik edirəm! Ulu Tanrı doğma yurd sevincimizi bizlərə bəxş eləyənlərə yarolsun! Cəmi Şəhidlərimizə Allahdan rəhmət, Qazilərimizə cansağlığı diləyirəm!

CƏBRAYILLILAR

Cocuq Mərcanlıdı bərəsi-bəndi,

Səslədim, Xan Çinar dil açdı-dindi.

Hacı Qaramandı, Xudafərindi -

Araz ünvanlıdır Cəbrayıllılar.

 

Nüzgar, Süleymanlı səsli-soraqlı,

Soltanlı dastandır, - min bir varaqlı.

Həm Quycaq, Hovuslu, Balyand, İsaxlı -

Həm Mirzəcanlıdır Cəbrayıllılar.

 

Etibarlı dostdu, vəfalı yardı,

Diridə çiçəkdi, Sirikdə qardı.

Hər biri ya Kazım, ya da Şikardı -

Şərəfli-şanlıdır Cəbrayıllılar.

 

Dədə Qurbaninin elindən gəlib,

Gəyənin yovşanlı çölündən gəlib.

Halal kişilərin belindən gəlib -

Təmtəmiz qanlıdır Cəbrayıllılar.

 

Aran təbəssümlü, dağ ürəklidir,

Allah adamıdır-saf diləklidir.

Elə əzəl gündən duz-çörəklidir-

Mərddi-dostcanlıdır Cəbrayıllılar.

 

İsmayıl deyir, şirinimdi-acımdı,

Könül sarayımda sənət tacımdı.

Atamdı-anamdı, qardaş-bacımdı -

Böyük Mərcanlıdır Cəbrayıllılar,

Şərəfli-şanlıdır Cəbrayıllılar.

29.06.2018