Aysel Xanlarqızı Səfərli : - Nə yaxşı ki...

Gündəm 08:42 / 03.02.2025 Baxış sayı: 1301
 

30 Sentyabr 2021  · 

Üzü baş Qafqaz silsiləsinin cənub yamaclarına doğru irəlilədikcə yolboyu təbiətin yaratdığı möcüzələrə olan heyranlığını gizləyə bilmirsən...

Ölkənin ən gözəl şəhərlərindən biri olan Lənkəranda doğulsam da ,bu gözəllikləri gördükdən sonra əmin oldum ki,Azərbaycanın her qarışı bir möcüzədir,cənnətdir...

Qax rayonunu Oktay Shefiogluna görə tanıyıb sevmişəm...Şəkinin kəndləri bitdikdən sonra yol kənarında Əmbərçay yazılı lövhənin yanından kəndə daxil olub sağdakı ikinci ev doğma ata ocagımıza çevrilib...Bu ev saysız-hesabsız dəyərli qonaqlar qarşılayıb. Eyvanda oturub Qax suyu ilə dəmlənmiş pürrəngi çay ilə gözəllikləri izləmək ,qarşındakı məğrur dağların əzəməti ,sol tərəfdə uzaqdan görünən Alban kilsəsinin fonundakı möhtəşəm mənzərə, həyətin bağçasındakı ağaclarda, öz qabığından pıçıldaşa-pıçıldaşa yerə düşən fındıqlar, yanağı qızarmış almalar və təbiətin o tərəflərə fırça çəkdiyi yamyaşıl rəng insana yaşam enerjisi verir.

Qax rayonundakı səliqə və təmizlik də çox xoşuma gəlir. Bir dəfə atılası çöp torbasını bir neçə dəqiqəlik küçədə unutduğumuz zaman itlər dağıdıb ətrafa yaymışdi,tanış taksi sürücüsü; kənd camaatı belə şeyə yaxşı baxmır ,buranı tez təmizləyin, demişdi...Kəndlərdə bələdiyyə tərəfindən atılmağa çöp yeşiyi qoyulmamasına rəğmən insanlardakı bu gözəlliyi qoruma düşüncəsi çox xoşuma gəlmişdi.O zaman düşünmüşdüm ki, bir şəhəri ,kəndi nə qədər abadlaşdırırsan abadlaşdır, insanları o səliqə səhmanı qorumasa ən qısa zamanda yenə o yer xarabalığa çevriləcəkdir.

Oqtay Şəfioğlu, Oqtay baba bizə bu dağlarda yalın ayağının dəymədiyi yerin olmadığıni,öz ailəsi ,uşaqlığı ile bağlı xatirələrini o qədər çox danışıb ki, bəzən elə sanıram ki, onunla həmyaşıd olub o uşaqlığı birlikdə yaşamışıq...))

Qaxdan söz açdıqca xəyalım məni əsas mətləbdən çox uzağa apardı...

Mənim aləmimde Oqtay Şəfioğlunun ailəsinin ən dəyərli üzvü o nəslin ağsaqqalı ,böyüyü Abdul müəllimdir.

Bir böyük bağ düşünün, içində saysız- hesabsız ağaclar,meyvələr və o bağın ortasında böyük,uca,əzəmətli,köklü -budaqlı bir çinar...

Ətrafdakı gözəllikdən nə qədər zövq alırsan al , meyvələrindən yeyirsən ye, gəlib o uca cinarın kölgəsində oturanda özünü çox xoşbəxt,rahat hüzurlu sayırsan...

Abdul müəllim də həm qardaşı üçün, həm bizim üçün məhz o uca çinardır...

Hər zaman kölgəsinə ,verdiyi hüzura,rahatlığa ehtiyac duyduğun qocaman çinar...

Kəndə tez-tez getməyimizə baxmayaraq hər gedişdə onun qapısını açmamış və xeyir duasını almadan geri qayıtmırıq...

Çox vaxt düşünürəm ki, o kənd də , sevdikləri də Abdul müəllimsiz təbəssümsüz,soyuq, cansıxıcı qalar... Ömrünü müəllimlik peşəsinə həsr edən bu insan gülər üzü ,xoş siması ,sevgi dolu qolları ilə bizi elə gözəl qarşılayır ki , ondan aldığımız pozitiv enerji ilə atalar demişkən,dağı dağ üstə qoymaq olar...

Sentyabr ayının 10-u uca cinarımızın -Abdul müəllimin 72 yaşı tamam oldu... Bakıda bir neçə önəmli is səbəbilə planımız olmasına rəğmən həmin gün onun yanında ola bilməmişdik... Bir neçə gün öncə kiçik,sadə şəkildə də olsa onun doğum gününü dostlarla birlikdə ,Qaxda qeyd etdik...

Çox sevdiyim bu gözəl insan haqqında kiçik də olsa fikirlərimi yazmağı özümə borc bildim,onu siz də tanıyın istədim... Sevgi,sevinc paylaşdıqca çoxalar ,deyirler... Abdul müəllim də öz gözəl, insani keyfiyyətlərini paylaşdıqca çoxalır... İndi bizim Əmbərçayda olduğu kimi, onun da Azərbaycanın bir çox bolgəsində ,Bakıda ərklə aça biləcəyi qapı, ev var... Bu sevgini, bu dəyəri isə onu kiçik qardaşı Oqtay doktorun sayəsinde tanısaq da özü qazanıb.

Mən onu 100 yaşında da sağlam və gümrah görməyi bütün varlığımla arzu edirəm... İllər keçsə də ,hər gedəndə ailəsi və sevdikləri ilə birlikdə süfrəsinin başında ,yenə xoş təbəssümüylə bizi qarşılamasını, Oqtay doktorun ata ,böyük əvəzi olaraq hər zaman yanında olmasını arzu edirəm...

Nə yaxşı ki, həyat bizi gözəl insanlarla qarşılasdırır, nə yaxşı ki, 6 il öncə yolum Qaxdan, Əmbərçaydan keçib, deyirəm... Nə yaxşı ki...