AYB-nin katibi : - “Gəncliyim itdi, kəndimizə gedə, onun gözəlliyindən bəhrələnə bilmədim...”

YAZARLAR 11:09 / 04.10.2023 Baxış sayı: 1445

“Dünən Milli Xalça Muzeyində Cəbrayıl ziyalılarının iştirakıyla “Cəbrayıl günləri” adlı tədbir keçirildi. Bu gün də bir neçə tədbir var. Düz 27 il mən öz kəndimə gedə bilmədim. Nəhayət ki, Şanlı Ordumuzun, Şəhidlərimizin, qazilərimizin hesabına, Ali Baş Komandanın çox ağıllı, səriştəli və özü demişkən zamanı düzgün seçdiyi bir məqamda biz əks-hücuma keçdik və ilk işğaldan azad edilən rayon Cəbrayıl oldu”

Bunu  Yenises.az-a açıqlamasında yazıçı Elçin Hüseynbəyli doğulduğu Cəbrayıl rayonunun işğaldan azad olunması günü haqda danışarkən deyib. Yazıçı gənclik çağlarını doğulduğu kənddə keçirə bilmədiyi üçün təəssüfləndiyini bildirib:

“Biz həmin günü səbirsizliklə gözləyirdik və Cənab Prezident oktyabrın 4-də Cəbrayılın işğaldan azad edildiyini elan etdi. Həmin gün evdəydim və İctimai Televiziya məni canlı efirə bağladı, fikirlərimizi bölüşdük. Çox heyif ki, 27 ildə mənim gəncliyim itdi, kəndimizə gedə, onun gözəlliyindən bəhrələnə bilmədim. Bəzilərinin uşaqlığı, bəzilərinin isə qocalığı itdi. Yəni ermənilər bizə doğrudan da çox böyük zərbə vurdu. İndi onlar özləri də bunun acısını çəkirlər. Halbuki belə olmalı deyildi, zamanında biz onlara torpaq da vermişdik, bizim ərazimizdə dövlətlərin qurmuşdular, amma ikinci dövlət yaratmaq istəyirdilər və təbii ki, buna imkan verə bilməzdik. Sonda nəticəsi də bu oldu. Əksəriyyət insanlar deyirdi ki, gərək Xankəndini də işğaldan azad edəydik. Amma hamımız şahidi olduq ki, Cənab Prezident çox doğru addım atdı və bütün dünya ictimaiyyətinə göstərdi ki, ermənilər düzələn deyilən. Ona görə üç il sonra antiterror əməliyyatı həyata keçirildi. İndi yavaş-yavaş işğaldan azad olunan rayonlarımızın şəhər günləri qeyd olunacaq”. 

Yazıçı Qarabağla bağlı yeni əsərlərin yazılacağını da bildirib:

“Bəzi ağzıgöyçəklər deyirdilər ki, yazıçılar Qarabağ zəfərinə biganədirlər, əsərlər yazmırlar. Bu fikirlər tamamilə yalandır, əsassızdır, böhtandır. Yəni biz 20 Yanvar hadisəsindən başlayaraq indiyə kimi Azərbaycan yazıçıları bu hadisələrə biganə qalmayıb, həmişə əsərlər yazıb təmənnasız ortaya qoyublar. İndi də bu mövzuda əsərlər yazılır. Amma o fikirlə də razıyam ki, möhtəşəm zəfərimizə uyğun, layiq əsər hələ yazılmayıb. Əsərlərimiz var, amma mən istəyirəm daha möhtəşəm əsər yazılsın. Xoşbəxtdik ki, bizim bütün sərhədimiz var, bütün sərhədi olmayan millət və dövlət olmur. Biz indi bütövləşdik. Xırda məişət məsələləri də zaman-zaman düzələcək. Çünki qalib millət həm də gözəl dövlət qurmağa layiqdir”.