Arzu Hüseyn : - Nə gözəlsən bu axşam.

Ədəbiyyat 16:15 / 11.08.2024 Baxış sayı: 2906

 

Qızıl sahil, mavi dəniz, al üfüq,

Barmaqların, dodaqların, tellərin.

İzlərini dil-dil silən dalğalar,

Saçlarını geri atan əllərin,

Nə gözəlsən bu axşam.

 

Çiyinlərin gün qaraldan tut dadı,

Sən gülürsən, gülümsəyir çillərin.

Yenə məni uşaq kimi aldadır,

Arı şanı, bal ətirli dillərin.

Nə gözəlsən bu axşam.

 

Örpəyini yel aparar, düyünlə,

Düymələmə baxışımdan yaxanı.

Məni necə ram elədin, öyün də,

Sərt ürəyim, örpəyindən yuxadı.

Nə gözəlsən bu axşam.

 

Gözlərindən gün batanı izlədim

Bir-bir açdı gecə ulduz gözünü.

Həzin nəğmə nəfəsini dinlədim,

Belə xoşbəxt görməmişdim özümü,

Nə gözəlsən, nə gözəldin bu axşam…